Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən artıq 33 il ötür.
“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu. 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan Televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu. Bu faciəvi hadisələrdən əvvəl, 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu qanunsuz fəaliyyətə göz yumması, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi. Bu qanlı faciəyə siyasi-hüquqi qiymətin verilməsi də məhz ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı nəticəsində reallaşdı. Belə ki, 1994-cü ildə Milli Məclisin xüsusi sessiyası keçirildi, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. 20 Yanvar tarixi “Ümumxalq Hüzn günü” elan edildi və hər il həmin tarixdə şəhidlərin xatirəsi yüz minlərlə insan tərəfindən ehtiramla yad edilir.
Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Bu bün 20 Yanvar hadisələri nəticəsində şəhid olmuş şəxslərin ailələrinin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Sağlamlıq imknalarını itirmiş şəxslər və həssas qruplar üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Lakin təəssüflə qeyd etmək istərdik ki, 20 Yanvar faciəsinin insanlıq əleyhinə cinayət kimi tövsif olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərincə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməyib.
Qeyri-hökumət təşkilatları olaraq 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq tribunalarda səsləndirilməsi və eləcə də bu hadisəyə ədalətli hüquqi qiymət verilməsi üçün bütün səylərimizi birləşdirməliyik.
Biz, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları 20 Yanvar hadisələri ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması məqsədilə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq. Bilirik ki, insanlıq əlehinə törədilmiş cinayətlərin cəzalandırılmaması BMT-nin və digər mötəbər beynəlxalq təşkilatların prinsip və məqsədlərinə ziddir.
Bakı şəhəri – 19 yanvar 2023-cü il