Tanınmış filoloq, görkəmli alim, əməkdar müəllim, professor Abbas Abbasov 50 ildir Bakı Dövlət Universitetində (BDU) çalışır, tam bir qərinə - 33 ildir ki, İngilis dili kafedrasının müdiri, nəşr olunmuş 40-dan çox monoqrafiya, dərslik, lüğət kitablarının və ölkə, beynəlxalq elmi nəşrlərdə dərc olunmuş 100-dən artıq elmi məqalənin müəllifidir.
Ali təhsilimizin flaqmanı olan BDU-da elmi fəaliyyəti dövründə yüzlərlə gənc mütəxəssisin, tədqiqatçı alimin, ixtisaslı kadrların yetişdirilməsində böyük rolu, əməyi var. O, öz sahəsi üzrə çox sayda “ilk”lərə imzasını yazıb. Onun "İngiliscə-rusca atalar sözləri və zərbi-məsəllər lüğəti" (490 səh.), "İngiliscə-rusca hüquq terminləri lüğəti" (435 səh.), "İngiliscə-Azərbaycanca texniki terminlər lüğəti" (400 səh.), "İngiliscə-rusca kimya terminləri lüğəti" (1000 səh.), "İngiliscə-rusca-Azərbaycanca riyaziyyat terminləri lüğəti", “Rusca-ingiliscə idman lüğəti”, “İngilis dili proqramı”, “Riyaziyyatçılar üçün ingilis dili dərsliyi”, “Hüquq fakültəsi üçün ingilis dili dərsliyi”, “Başlanğıclar üçün ingilis dili dərsliyi”, “Coğrafiya fakültəsi tələbələri üçün ingilis dili dərsliyi”, “Hüquq fakültəsi üçün ingilis dili dərsliyi”, “İngilis gülüşü” və digər kitabları illərlə çəkilən zəhmətin, yorulmaz axtarışlarının, müxtəlif elm sahələrinə dair geniş elmi biliklərinin, zəngin dünyagörüşünün sübutudur. Onlarla monoqrafiyanın elmi redaktoru, rəyçisi, dissertasiya müdafiə şuralarının, komissiyaların üzvüdür. Obyektiv, ədalətli, hər kəsin uğuruna könüldən sevinən müəllimdir, əsl “tələbə adamıdır”.
Dilçilik elmimizin ağsaqqalı, AMEA-nın müxbir üzvü, professor Qəzənfər Paşayev “Azərbaycan müəllimi” qəzetinin 14 yanvar 2011-ci il tarixli nömrəsində Abbas müəllimə həsr etdiyi “Tanınmış pedaqoq və alimin uğurları” adlı məqaləsində də yazdığı kimi, Abbas müəllim doktorluq dissertasiyası müdafiə etmədən professor adı alan, bu haqqı qazanan azsaylı alimlərimizdən biridir.
O, 1992-ci ildə Bakı Dövlət Universitetinin iclas zalında 300-dən çox Zəngəzurlu ziyalı, alim, ağsaqqalın yaratdığı “Zəngəzur” Cəmiyyətləri Birliyinin qurucularından biridir, Ağsaqqallar Şurasının üzvüdür.
Müstəqilliyin təzə vaxtları Amerika səfiri Universitetdə görüş keçirirmiş, Abbas müəllim danışır, tərcüməçilik də edir...Səfir deyir mən heç inanmazdım ki, Azərbaycanda ingils dilini, hələ bir çox çətin ləhcələrini belə dərin, gen-bol bilib sərbəst danışan ola bilərmiş.
Universitetin çoxminlik tələbələri, professor-müəllim ordusu arasında, bu elm-təhsil ocağı ilə get-gəli olan, onunla ünsiyyəti olan hər kəsin yaddaşında Abbas müəllimin adının qarşısındakı təyinlər sırasında xarakterinə güzgü tutan Kişi Adam, Yaxşı İnsan sözləri də var. Onun haqqında bu sözləri uzun illər BDU-da birlikdə çalışdıqları mərhum akademikimiz, dilçilik elmimizin sonuncu patriarxı Tofiq Hacıyevdən, tətbiqi riyaziyyat elmimizin korifeyi akademik Məhəmməd Mehdiyevdən, telejurnalistikamızın ən böyük siması professor Qulu Məhərrəmlidən, həmkəndlisi-Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası, nəcib ziyalı Nəriman müəllimdən də eşitmişəm.
İnsan təkcə onu dünyaya gətirən Ata-Ananın deyil, həm də doğulduğu, havasını udduğu, göz açıb ilk gördüyü, ayaq açıb ilk yeridiyi, könül verib ilk sevdiyi, güc-qüvvət, ruh, enerji aldığı yerin, yurdun da övladıdır. Abbas müəllimin Alyanlı, Ziyarət dağları kimi əzəmətli boy-buxunu, ağayana yerişi, məğrur duruşu, ləngərli sözləri, müdrik söhbətləri, nüfuzedici baxışı da təsdiq edir; bu Kişi belə doğulub, yaşayıb, elə yaddaşlarda da belə qalacaq. Onu dəfələrlə xaricə dəvət ediblər, Abbas müəllim ondan da, çox vəzifələrdən də imtina edib. Elə doktorluğu da bürokratik, süni əngəllərə görə müdafiədən imtina edib. Dəyərli dostum Abbas Abbasovu Qubadlı camaatı öz təşəbbüsü ilə mənim bildiyim qədər iki dəfə Milli Məclisə seçmək üçün razı salmağa çalışıblar, etiraz edib ki mənlik deyil. Tez-tez el məclislərində birlikdə oluruq, hər dəfə onun el-oba, böyük-kiçik, rəhbərlik yanında nə qədər layiqli nüfuz, xətir-hörmət sahibi olduğunu görür, sevinirəm.
1988-1993-cü illərdə bədbəxt, bədnam qonşularımızın dışarıdan fitnə-fəsadla üstümüzə qısqırdıldığı günlərdən Abbas müəllimin bir ayağı Qubadlıda idi, vəzifəli, imkanlı adamları da səfərbər eliyirdi, silah-sursatla, dava-dərmanla, gərəkli əşyalarla gəlirdi, səngərdə əldə silah dayanan yurd keşikçiləri ilə həmdərd, həmsöhbət olurdu, sözüynən, ağlıynan, məsləhətləriynən ruh verirdi, bu namərdliyin tarixindən danışırdı, o zamanlar sonu hələ görünməyən mətləbləri andırırdı. Abbas müəllim neçə dəfə Universiteti atıb sıravi döyüşçü olmaq fikri ilə Qubadlıya gəlmək istəmişdi, ancaq baxırdı ki torpaqların ölüm-dirim məsələsi Bakıda həll olunur. Yığışırdılar dəstə-dəstə alim, ziyalı, ağsaqqal Prezident Aparatının, Müdafiə Nazirliyinin qarşısına, hökumət adamlarının kabinetinin qabağına, vəziyyəti izah edirdilər, silah-sursat, yardım tələb edirdilər, az qala əlbəyaxa davaya çıxırdılar. Ancaq nə fayda, plan, ssenari cızılmış, hökm verilib icraya yönəlmişdi...Və sonra özünün də çox sayda qardaşları, qohum-əqrəbası da daxil didərginlərin yerləşdirilməsinə, 28 il sürən ağır yaşamına dəstək vermək. Zatən o kişinin soyu dədə-babadan məkrli rus-erməni zülmündən əziyyət çəkib; SSRİ adlanan şər imperiyasında sovet hökuməti ən gec Alyanlı obalarında (Hat, Deştahad, Başarat, Armudluq kəndləri) bərqərar tutub, 30-cu illərdə sosializmin tam və qəti qələbəsinə mane olan yeganə məkan Alyanlı (türk tayfa adıdır), sonacan da müqavimət göstərən silaha sarılıb dağlara qalxan Alyanlı qaçaqları olmuşdu. Axır ki, M.Bağırov Stalindən gələn qəti göstərişin icrasını təmin etmək üçün əksəri erməni-rus millətindən olan NKVD və sərhəd qoşun dəstələri ilə Alyanlı ətrafı keçilməz meşə, dağ, kaha, qaya, obaları mühasirəyə alır, günlərlə sürən atışmalarda ən yaxın silahdaşları da daxil xeyli itkiyə məruz qalır, özü də ölümdən təsadüfən qurtulur, qaçaqları güc yolu ilə məhv edə bilmir, sonda fitnə-fəsadla aldadır, yalandan kişi sözü, vəd verib qaçaqları üzə çıxarandan dərhal sonra hamısını və Alyanlı obalarının yetkin kişi cinsindən olan bütün yetkin gənclərini camaatın gözü qabağında sorğu-sualsız, məhkəməsiz, hökmsüz güllələdir, sağ qalan arvad-uşaq hamını, Abbas müəllimin doğmaları da aralarında olmaqla Bərdədə bir düzəngaha köçürdür, indi A(Ə)lyanlı adlanan kəndin sakinləri o ellərin camaatının törəmələridir. Abbas müəllimin atası II Dünya savaşında həlak olub, evin böyüyü kimi ağır külfətin ağırlığı onun çiyninə düşüb.
Uşaqlıq dostu, həmkəndlisi, qohumu Başaratlı İnsan Əli - Şəmkir rayonunun prokuroru Əli Əliyev haqqında yazmışdım ki, onun I davada elədiyi yardımı Müdafiə Nazirliyi də Qubadlıya eləsəydi, bizim itkilərimiz bu qədər çox, erməninin ölüsü bir belə az olmazdı. Abbasın müəllimin qan qohumu Müzəffər İbadov Başaratda kolxoz sədri, sovet sədri idi, dava başlayandan əli silah tutanları başına yığıb rayon mərkəzindən ən uzaq məsafədə yerləşən, Qaçaq Tavatın, Alyanlı qaçaqlarının zamanından qonşuluqdakı ermənilərlə məxsusi haqq-hesabı, qanlılığı olan Alyanlı obalarının müdafiəsini də üstünə götürmüşdü. 92-ci il oktyabrın 12-də erməni yaraqlıları çoxdan qanına susadıqları Müzəffər kişini bir üzü Şuşaya baxan Topağac səmtində mühasirəyə alırlar, son gülləsinə qədər vurub qırır, ancaq özü də səngərdə gülləbaran olur. Və yaraqlılar buranı daimi nəzarətdə saxlayır, nəşinin götürülməsinə imkan vermirlər. Abbas müəllim uşaqlıqdam mal otarıb meyvələrini dərdiyi, hər qarışına bələd olduğu bu meşəliklərdən qan qohumu dostunun nəşini necə çıxarıb götürdüklərini mənə danışıb, hər dəfə bədənim titrəyib. Abbas müəllimi bu sərhəd səfərlərində vəfalı ömür-gün yoldaşı, BDU-nun baş müəllimi Roza xanım Abbasova da tək buraxmırdı, onunla birlikdə olurdu, ata-anasını itirən körpələri, qanına qəltan edilən gənclərimizi, başsız qalan ailələri görürdü, qayıdıb Bakıda yardımlar yığıb toplayırdı, təzədən qayıdıb yerinə, ehtiyacı olanlara çatdırırdı. Kaş həyatdan vaxtsız köçən Roza müəllimə biləydi ki, Abbası ona nə qədər sadiq qalıb, onun kafedrada, elmi şurada müzakirə və təsdiqdən keçmiş monoqrafiyasını, yarımçıq qalan, bürokratik əngəllər və zamanın faciəli hadisələri üzündən müdafiə mərhələlərini tamamlayıb sona çatdıra bilmədiyi tədqiqatını Abbası bu son illərdə layiqincə, böyük zəhmət hesabına başa çatdırıb, təkmilləşdirib, tamamlayıb mükəmməl möhtəşəm bir tədqiqat əsərini “Azərbaycan dilinin Qubadlı şivələri” monoqrafiyasını (təəssüf ki bizdə hələ də müdafiə mərhələrini keçmədən hazır elmi nəticələri ortada olan tədqiqata görə elmi dərəcə vermə qaydası yoxdur) Roza xanımın əbədiyaşar xatirəsinə həm də sevgi abidəsi olaraq təkrar nəşr edib dilçilik elmimizə, cəmiyyətə, Zəngəzur camaatına ərməğan edib. Var ol, Karlı Kişi! Abbas müəllimin (və Roza xanımın) ailəsində onların adına layiq ləyaqətli diplomat, müəllim, alim övladları da bu Vətənin xidmətindədir.
2021-ci il oktyabrın 25-i Qubadlının yağı tapdağından qurtuluşunun 1-ci ili cənab Prezident, Ali Baş Komandan və Birinci vitse-prezidenti qarşılamaq üçün kiçik bir qrupla Qubadlıya gedirik, təbii ki, rayon ziyalıları adından ilk sözü də demək, xoş gəldin eləmək haqqı Abbas müəllimə verilir...Bir gün əvvəl Horadizdə gecə qalmışıq ki, sabah bu görüş üçün yola rahat çıxaq. Abbas müəllim görürəm ki, narahat kimidir, aramızda bir dialoq yaşanır:
- Nolub?
- Məni el-oba adından veribsiz qabağa, heç bilmirəm ölkənin, dövlətin rəhbərlərinin qarşısında hardan başlayacam, harda qurtaracam...
- O haqqı qazanan sizsiniz, 50 ilin müəllimisiz, hardan başlayıb harda qurtarmağı sizdən yaxşı bacaran, bilən olmaz...
Və zarafatyana:
-Bircə çalışın danışanda əlinizi qabağa çox uzatmayın, bu o vaxtlar əlinizi uzadıb az qala gözün çıxartdığınız Mütəllibov, Vəzirov, Elçibəy deyil, Müzəffər Ali Baş Komandandır...
Gülür:-mənim də çətinliyim elə ordadı da, əlimi qabağa uzatmasam, ürəkli danışa bilmirəm...
-Uzağı orasın televiziyada kəsib atıb səsinizi verəcəklər...
Hər şey də əla olur.
Abbas müəllim belə Kişidir və bu Vətənin Abbas müəllim kimi qeyrətli kişi, alim, ziyalılara ehtiyacı çoxdur, çünki belə örnəklər çox azalıb. Doğum gününüz mübarək, bundan sonra da sizə sağlam, uzun, xeyirli ömür diləyirəm, əziz Abbas müəllim!
Hacı Nərimanoğlu,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri