Acın acımız, canın canımızdır, Türkiyə... Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı...
Nə baş verdiyini anlamayan yaralı körpələr... özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr... körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar... həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata... təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr...
Bütün bu mənzərələr, Ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha Sənin yenilməzliyini, Qəlbinin nəhəngliyini, gücünü Allaha, İnsana, həyata olan sonsuz Sevgidən alan Əbədi Qalib Ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi... şərəfli Türk Tarixinin yeni Səhifəsini yazdı...
Sarsılma, ruhdan düşmə, ey bu dünyanın Sarsılmazlıq və Yenilməzlik Abidəsi!
Var ol, Yaşa, Ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!
Afaq Məsud
Xalq yazıçısı
Azərbaycan hər an Türkiyənin yanındadır
Qardaş Türkiyədə fevralın 6-da səhər saatlarında baş verən iki güclü zəlzələ artıq XXI əsrin ən ağır təbii fəlakəti olaraq qiymətləndirilir. Mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində 30 mindən çox insan həyatını itirib, 100 mindən çox insan yaralanıb, minlərlə insanın taleyi hələ də məlum deyil və dağıntıların miqyası ölçüyəgəlməzir.
İlk saatlarda dövlət başçımız İlham Əliyev Türkiyə Prezidentinə zəng edərək başsağlığı verdi və Azərbaycan xalqının Türkiyənin yanında olduğunu bəyan etdi. Türkiyəyə beynəlxalq müstəvidə yardım edən, təbii ki, ilk köməyə gedən dost ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşdü. Həmin qüvvələr Kahramanmaraş vilayətində dərhal fəsadların aradan qaldırılması işinə və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Dövlətimizin başçısının tapşırığı ilə FHN-in zəruri yardımlardan ibarət növbəti iki təyyarəsi isə fevralın 7-də zəlzələ bölgəsinə yola düşüb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb. 34 nəfəri tibbi, 7 nəfəri qeyri-tibbi olmaqla, 41 nəfərlik heyət də yaralılara hər cür kömək göstərir. FHN-in yardımlarından ibarət dördüncü təyyarə də fevralın 7-si axşam saatlarında Türkiyəyə göndərilib. Bu təyyarədə isə dağıntılardan ziyan çəkmiş insanlar üçün lazımi avadanlıqlar yer alıb. Eyni zamanda Müdafiə Nazirliyinin 44 günlük Vətən müharibəsində xüsusi peşəkarlıq göstərmiş ən təcrübəli hərbi tibb personalı da Türkiyəyə yola düşüb.
Fevralın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birbaşa rəhbərliyi, göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilməsinə başlanıb. Türkiyə rəhbərliyi ilə əlaqə yaradılaraq ən vacib yardımların - faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla, tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər mütəşəkkil, ardıcıl, çevik qaydada təşkil olunub, ard-arda təyyarələrlə faciə baş verən ərazilərə çatdırılıb. Fevralın 8-də ölkə rəhbərinin tapşırığı ilə FHN-nin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri də Türkiyəyə gedib.
1000 nəfərə yaxın FHN əməkdaşı ilə birlikdə yüzdən çox gənc könüllü də hadisə yerində gecə-gündüz iş başındadır. Artıq Azərbaycanlı xilasedicilərin 60-dan çox insanı dağıntılar altından çıxardığı məlumdur. Yeni doğulan bir neçə körpəyə azərbaycanlı xilasedicilərin adları verilib. Təkcə Türkiyə mediası, sosial şəbəkələri deyil, dünya mətbuatı da bu çətin günlərin ilk saatlarından Azərbaycan xalqının, dövlətinin Türkiyəyə yardımlarından xəbərlər yayır, onlarla əşya yüklü üzərində Azərbaycan və Türkiyə bayraqları asılmış TIR-ın ilk günlərdəcə fəlakət zonasına yetişdiyini göstərir, ayrı-ayrı sıravi azərbaycan vətəndaşlarının öz evlərindən yorğan-döşəyini, ev əşyalarını ucqar kəndlərdən Bakıdakı yardımtoplama mərkəzlərinə çatdırmasına dair fotolar yayır. Yardımların qəbul edildiyi ünvanlar - Bakı İdman Sarayına və Heydər Əliyev adına İdman Kompleksinə fasizləsiz olaraq qış paltarları, yorğan-döşək, ərzaq məhsulları, həmçinin zəlzələ bölgəsinin fasiləsiz enerji təminatı üçün stasionar generatorlar və qızdırıcı cihazlar daşınıb qablaşdırılır, yol salınır. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin yaratdığı “Qardaş köməyi” adlı platformanın könüllüləri gecə-gündüz burada çalışır. Candan, könüldən gələn bu qardaşlığın 1918-ci ildə Azərbaycanın, paytaxt Bakının rus, erməni, ingilis işğalından azad edilməsində 1300 nəfərdən artıq şəhid verdiyini, Osmanlı-türk qoşunlarının xilas etdiyini, Çanaqqala savaşlarında minlərlə azərbaycan türkünün şəhid olduğunu, bu qardaşlığın sınaqlardan keçdiyini yazır. 1921-ci ildə Azərbaycanın ağır vəziyyətdə olan bölgələrindən birinin Naxçıvan olduğunu xatırladaraq, Mustafa Kamal Atatürkün göndərdiyi Veysəl paşa və Kazım Qarabəkir paşa sayəsində bütün çətinliklərə baxmayaraq, Naxçıvanı qoruyub saxlaya bildiklərini və Ermənistan idarəçiliyinin yaradılmasına imkan vermədikləri. 1921-ci ilin mart, oktyabr aylarında Moskva və Qars müqavilələrinə görə türk ordusu Naxçıvan Azərbaycanın tərkibində qalacağı təqdirdə əraziləri tərk edəcəyini israrla bildirməsi, buna nail olması da yaddaşlardadır. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayında Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdi. Daha sonra Nərimanov Atatürkə yazdığı türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığı, buna görə xalqı təbrik etdiyi məktubunda qeyd edir: "Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar". Zamanla Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri tarixi fikirlərə döndü. Heydər Əliyev də Azərbaycan-Türkiyə münasibətlərini əlində əsas tutaraq demişdi: Bir millət, iki dövlət". Xalqlarımızın bir-birinə münasibəti qardaşlığın zirvəsi, ən yüksək məqamıdır. 44 günlük Vətən müharibəsində də Türkiyənin Azərbaycana dəstəyi, 2021-ci ilin iyununda Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsini xalqımızın yaddaşına əbədi yazılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazintep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşdə bu çətin anların ilk günündə Azərbaycan Türkiyənin yanında olduğunu vurğulayaraq dedi: “Öz adımdam, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”
Qardaş Türkiyənin Abakıdakı səfirliyini ziyarət edən dövlətimizin başçısı özünün, ailəsinin, xalqımızın bu ağır faciədən üzüntüsünü səmimi, kövrək sözlərlə ifadə etdi: “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik. Bir daha deyirəm, keçmiş olsun, bütün həlak olanlara Allah rəhmət eləsin, yaxınlarına Allah səbir versin.”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsində Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib:
"Əziz həmvətənlər!
Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş xilasedicilərimizə, xəsarət alanların sağlamlığına qovuşması üçün əlindən gələni əsirgəməyən tibb işçilərimizə, faciədən zərər çəkmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi və təxliyəsi ilə məşğul olan diplomatik xidmət əməkdaşlarına, hadisələri yorulmadan işıqlandıran KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardım toplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram! İnsansevərliyinizə, mərhəmətinizə və şəfqətinizə görə çox sağ olun! Azərbaycanlı olduğuma görə çox qürurluyam!
Zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirir. Həlak olanlara Allahdan rəhmət diləyir, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram! Əminəm ki, Türkiyə xalqı öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacaq! Uca Tanrı dünyamızı qorusun! Türkiyə, səninləyik!”.
Hacı NƏRİMANOĞLU