Zəngəzur mahalının Şəki kəndində haqqında bildiklərimiz və bilmədiklərimiz
Şəki kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə(Sisyan) rayonunda yerləşən kənddir.Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. 1595-ci il«İrəvan əyalətinin icmal dəftəri»ndə Şəki kəndinin adı qeyd edilmişdir.Həmin icmal dəftərində Şəki kəndindəki torpaq sahibi olan Xudaverdi Süleyman oğlunun adı da qeyd edilmişdir.
Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq
deportasiya edilmişdir.
Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı,510 nəfər erməni yaşamışdır.1988-ci ilin noyabr
ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.
Toponim kimmerlərin tərkibində gələn sak əsasında əmələ gəlmişdir. Şəki sak və ya saka etnoniminin fonetik variantıdır. Qiyasəddin Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir.Etnotoponimdir.Quruluşca sadə toponimdir.
"Zəngəzurun Niaqarası" adlandırılan Şəki şəlaləsi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan)rayonunda yerləşən şəlalədir. Rayon mərkəzindən 3 km şimal-qərbdə, Bazarçay dərəsində yerləşir. Hündürlüyü 18 metrdir. Şəlalə Şəki kəndində olduğu üçün Şəki şəlaləsi adlandırılmışdır. Quruluşca mürəkkəb hidronimdir.
Şəki kəndi Zəngəzurun ən qədim və ən böyük azərbaycanlı kəndlərindən biridir. Kəndin iki min ilə yaxın yaşı olduğu güman edilir.
"Kitabi-Dədə Qorqud"dakı Şöklü Məlik və Babəki Afşinə satan Səhl ibn Sumbatın Şəkili olduğunu söyləyən fikirlər də mövcuddur.Babəkin tutularaq xilafətə təhvil verildiyi Şəki qalası da Qarakilsə(Sisyan) rayonunun ərazisindədir.
Şəki adı eramızdan öncə VII əsrdə Qafqaza gəlmiş sak tayfalarının adı ilə bağlıdır.Şəki kəndinin cənubunda, kənddən 700-800 m aralıda Darvaza döşü deyilən bir təpəlikdə Şəki qalası olmuşdur. Akademik Ziya Bünyadov bu yeri Darvazatəpə adlandırmışdır.Həmin qalanın qalıqları son vaxtlara qədər qalmaqda idi.
İndiki Şəki kəndi XVIII əsrin sonlarına qədər orada yerləşib. Mülahizələrə görə
ordan aşağı düzə köçüb gələn adamlar qalanın adını kəndə qoyublar.Şəki kəndi Qarakilsə(Sisyan) rayonunun mərkəzindən 5 km şimal-qərbdə yerləşir.
Şəkidən 3 km şərqdə Qızılcıq kəndi, 4 km şimal-qərbdə isə erməni kəndi Əngələvid yerləşirdi.1988-ci ildə Şəkidə azərbaycanlı ailələrinin sayı 190, əhalisi isə 1930 nəfər olub.Kənddə böyük üçmərtəbəli məktəb, 500 nəfərlik klub, kitabxana, idarə binası, poçt, tibb məntəqəsi, univermaq, iki ərzaq mağazası, məişət evi, əmanət kassası, su dəyirmanı, ATS və s. sosial və iaşə obyektləri var idi.
Kənddə 2 yerdə məscid olmuş, lakin
1918-ci ildə hər ikisi yandırılmışdır.
Məscidlərin uçuqları son dövrlərə qədər qalırdı. Kəndin yaşlı adamlarının dediyinə görə məscidlərdən biri sünnü, digəri şiə məscidi olmuşdur.Şəkidə olan qədim Alban kilsəsi 1975-ci ildə ermənilər tərəfindən dağıdıldı və onun yerində Böyük Vətən Müharibəsində həlak olanlara abidə qoydular.
Kənd qəbiristanlığında kənddə hörmətlə adı çəkilən, böyük soy-kökə malik olan Seyid Mir Hüseyn ağanın günbəzi var idi. 1988-ci ildən sonra günbəz də,qəbiristanlıq da dağıdılmışdır.Məşhur Qoşundaş abidəsi Şəki kəndindən 3 km cənub-şərq tərəfdədir. Kəndin cənub tərəfində yerləşən "Şamaxı" deyilən bir qədim yaşayış yeri də var idi.
Deyilənə görə Şamaxı kəndi VIII-IX əsrlərdə salınmış, Əmir Teymurun qoşunları tərəfindən isə yerlə yeksan edilmişdir. "Şamaxı"dan tapılmış qədim qəbir daşlarının üzərində 800-cü illərə aid tarixin olduğu qeyd edilmişdir. Kəndin aşağı hissəsindən onlarla bulağın birləşməsindən Şəki çayı əmələ gəlir ki, bu çay kənddən 1 km aşağıda yerləşən 36 min kv-lıq Şəki SES-ni işlədir.
Kənd ətrafında çoxlu bulaqlar Xor-xor bulaq Güllü bulağı, Gözə bulağı, Təknəli bulağı, Göy bulaq, Çınqıllı bulaq, Süddü bulaq, Qoşa göl deyilən xırda göl vardı.
Şəki kəndindəki dərələrin adını da qeyd etməliyik: Vəng dərəsi, Şor dərə, Sel dərəsi, Qızılcıqla sərhəddə Ayı dərəsi.
Şəki kəndindəki digər toponimləri də xüsusilə qeyd etməliyik. Pirin döşü,Ramazan düzü, Dəvə ölən, Dəvə boynu, Təpə arası, Örəncə (köhnə kənd yeri), Balaşın çalası, Qaraxan-bəyli,
Fərmanın quşu, Almurad kahası, Cəfərin bağı, Xəlil kahası, Qızıl qaya (hündürlüyü 50 m-ə yaxın), Kaftar qaya və s.
1918-ci il avqustun 15-də kəndin camaatı arpa biçini vaxtı Andronikin
dəstəsinin qəfıl hücumuna məruz qalmış, xeyli tələfat vermişdir. Sağ qalan əhali
əsasən Araz boyu rayonlarda (Qubadlı, Cəbrayıl,Füzuli məskunlaşmışlar.Kənddən 23 ailə Yevlaxa gəlmiş, 2-3 ailə Şəki rayonunun Daşbulaq kəndinə, 2-3 ailə isə Naxçıvana köçmüşdür. Bunlardan Yevlaxa və Daşbulağa köçənlər geri qayıtmamışdır.
Araz qırağı yerləşən əhalinin yarıdan çoxu yoluxucu xəstəliklərdən tələf olmuş, qalanı isə 1921-1922-ci illərdə kəndə qayıtmışlar. Üç yüz təsərrüfatdan təxminən 150-si geriyə dönməmişdir.
Kənddə Sovet hökuməti qurulana qədər böyük ruhani məktəbi olub. Axund
İsgəndər adlı şəxs orada dərs deyərmiş.
Yaşlıların dediyinə görə yaylağa gələn
tərəkəmələr yaylaqdan qayıdana qədər öz uşaqlarını o məktəbə qoyarmışlar.
İlk Sovet məktəbi 1928-ci ildə (4 illik) açılıb, Əhliman adlı şəxs ilk direktor olub.
Kolxoz 1930-32-ci illərdə qurulub ilk sədr Fətəliyev Həsənqulu olub. Kolxoz 1961-ci ildə Qızılcıq kolxozu ilə birləşib, 1964-cü ildə ayrılıb.Böyük Vətən Müharibəsində 300-dən çox Şəkili iştirak edib, bunlardan 125-i geri qayıtmayıb.
1930-1940-cı illərdə Bəylərov Qardaşxan, onun qardaşı Bəylərov Bəhmən Sovet hökumətinin əleyhdarları kimi təqib edilmiş, qaçaq düşmüşlər.
Qaçaq Qardaşxan təkcə Zəngəzurda deyil, ətraf bölgələrdə də tanınmış, öz igidliyi ilə ad çıxarmışdır.Şəki kəndindən onlarla tanınmış, elm və ictimai-siyasi xadimlər, əmək adamlar çıxmışdır.Görkəmli ədəbiyyatşünas-alim, professor Əziz Şərif, Azərbaycan Milli-Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimov, professor, əməkdar elm xadimləri Kərəm Kərimov və Hüsü Kərimov, məşhur "Zəngəzur" romanının müəllifi tanınmış yazıçı Əyyub Abbasov, sosialist əməyi qəhrəmanları Əli Hüseynov,Şirvan Cəfərov, Məhəmməd Gözəlov, Ermənistan SSR Ali Sovetinin deputatı olmuş Züleyxa Əliyeva, Qarakilsə(Sisyan) rayon partiya komitəsinin 3-cü katibi Güllər Babayeva Şəki kəndinin yetirmələridir.
Şəki kəndi ermənilərlə qarışıq kənd olduğundan, 1988-ci il Qarabağ separatizmi ilə bağlı hadisələr bu kənddə özünü çox qabarıq şəkildə göstərmişdir.1988-ci ilin fevral ayından başlayaraq, Şəkidə ermənilər tez-tez antiazərbaycan mitinqləri təşkil edir, azərbaycanlıları qorxudur, təhqir edir, söyür, evlərini daşlayır, mal-heyvanını oğurlayır və s. təzyiqlərə məruz qoyurdular.
Həmin ilin mayından başlayaraq,Şəki azərbaycanlıları tədriclə köçüb getməyə başladılar. Noyabrın sonları Şəkililərin öz ata-baba yurdlarında yaşadıqları axırıncı günlər olmuşdur. Noyabrın 24-dən 25-nə keçən gecə Şəki camaatı Kilsəli dağını aşaraq, Laçın rayonunun Minkənd kəndinə getmişlər. Qarlı dağ aşırımını açarkən Şəki sakini Namazova Şahnisə Əziz qızı qar uçqununa düşmüş,onun donmuş meyiti yalnız 1989-cu ilin yazında tapılmışdır.
Digər Şəkili qadınlar Sadıqova Xalis və
onun qızı Sadıqova Gülü don vurmadan sonra ölmüşlər.Şəki camaatı hal-hazırda Naxçıvan, Bakı, Sumqayıt, Gəncə,Şəki,
Mingəçevir və s. şəhər və rayonlarda məskunlaşmışlar.Şəkinin övladları
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal surətdə iştirak etmiş və 5 nəfər şəhid (Litvin Babayev, İsrafil Səfərov, Xəqani Abbasov, Etibar
Abbasov, İham Tağıyev) vermişlər.
Mənbə:1.Musa Urud."Zəngəzur"(Elmi-publisistik nəşr).2005-ci il.
2.İbrahim Bayramov."Qərbi Azərbaycanın türk mənṣəli toponimləri".2002-ci il.
Foto 1 və 2:Zəngəzur mahalı,Qarakilsə(Sisyan) rayonunun Şəki kəndi,"Zəngəzurun Niaqarası"-Şır-Şır və ya Şəki şəlaləsi.
Foto 3 və 4:Şəki kəndi.
Foto 5:Şəki alması.
Foto 6:Zəngəzur mahalının Şəki kəndində xüsusi yetişən həmənsur və ya itburnu meyvəsi.Bu meyvəni Zəngəzurlular həmənsur adlandırmışdılar.
Foto 7:Zəngəzurun Şəki kəndində tapılmış XIX yüziliyə aid mis qab.
Qeyd:Fotolar Bir zamanlar İrevanda türkler adlı Facebook səhifəsindən götürülmüşdür.
Araşdırmanın müəllifi: BDU Tarix Fakültəsinin tələbəsi Tural Qaffarov.