Qasım Qasımzadə şirin təbli, həssas duyumlu, sözə urvat gətirən, bədii sözün, şeirin ucа, müqəddəs, ali mərtəbəsini, missiyasını dəyərincə qiymətləndirən şairlərdən olub.
Bir şeirində Azərbaycan xəritəsini qanadları yana açıb ənginliklərə doğru uçan qartala bənzədir. Azərbaycanın xəritədəki cizgilərilə qartal timsallı, Bakının da onun gözü kimi TV-də ara-sıra gedən təsvirinə hamı alışıb. Çoxları bilmir ki, bunu poetik obraz qismində ilk dəfə Qasım Qasımzadə ötən əsrin 60-cı illərinin əvvəllərində paytaxtımıza həsr etdiyi bir şeirində ifadə edib. 1993-cü ildə əməkdar rəssam Görüş Babayev şairin məzarının bürüncdən baş daşını da həmin təsvirdə yaratdı. Obrazlı təsvirin 1993-cü ildən TV-yə adlaması məhz həmin tarixdən başlayır.
Q.Qasımzadə vətən torpağını qarış-qarış gəzib, təbii gözəlliklərini görüb, sevərək vəsf edib. Ölkəmizin elə bir guşəsi yoxdur ki, mənzərəsi onun şeirlərində əks olunmasın (“Azərbaycan”, Sehrli torpaq”, “Vətən” yazdım”, “Diryarım”, “Qapını bağlayan fələk” , “Sinəsi dağlı dağ”, “Laçın qayası”, “Gəncənin yanında”, “Dağlar buraxmır məni”, “Göygöl mənzərələri” və s). Vətən sevgisi hər kəsin doğulduğu kənd, şəhər, yer-yurddan başlanır. Şairin ilk kitablarının adları da bu sevgidən soraq verir: “Bizim kənd” (1951), “Bizim şəhər” (1953), “Bizim dağlar” (1955).
Ədəbi-tənqidi fikrimizin ən intellektli simalarından olan professor, AMEA-nın müxbir üzvü Yaşar Qarayev yazırdı: “Qasım Qasımzadə şeirlərini ürək qanı ilə bənövşə yarpağına yazırdı. Onun şeirlərini Azərbaycan haqqında yazılmış ən yaxşı şeirlər sırasına daxil etməyə haqq verən də budur”. Yeri gəlmişkən, “şeirlərini ürək qanı ilə bənövşə yarpağına yazırdı” deyərək Q.Qasımzadənin poetik amalı və poeziyamızda yerini ümumiləşdirən Yaşar Qarayev dolayısı ilə 1963-cü ildə qələmə aldığı "Bənövşə yarpağı" şeirinə də işarə edir. Bu şeir də ölkəmizin obrazlı bir tərzdə xəritələnməsinə dair başqa bir nümunədir və şair həmin nümunəni fərqli rakursdan – "bənövşə yarpağı" görüntüsündə təqdim edir, ətrinin dünyanı tutması ilə dünya xəritəsində yerini beləcə poetikləşdirir.
Şairin yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur. Hələ mənfur qonşularımızın ərazi iddiaları başlamazdan öncə hər kəsi ilk növbədə Vətəni, Qarabağı, Şuşanı gəzib görməyə çağırırdı və bu çağırışında vətəndaş narahatlığını sezməmək mümkün deyil: “Bələdəmmi Xankəndinin dünəninə bu gününə/, ürəyimcə abaddırmı Pənahabad?!/...Çıxmışammı Şahdağına, Murova mən/, Baxmışammı Vətənimə zirvələrdən...” (“Bələdikmi öz-özümüzə”), “Bədxahı qovmaqçın qəsdinə duran/ Xaçın, Qarqar onun qoşa saçıdır/. Başının üstündə yanıb bərq vuran/ Şuşa Qarabağın zümrüd tacıdır” (“Zümrüd tac”), “Hara getsək bizi çağırır Şuşa/, Bilirsizmi nədir bundakı hikmət/: Üç gözəl söz ilə yaranmış qoşa/ - Gözəl səs! Gözəl qız! Gözəl təbiət!” (“Şuşa”). Şuşanın Qarabağın zümrüd tacı obrazında təqdimatı məhz Q.Qasımzadənin şeirindən xalqımızın dilinə düşərək zərbi-məsələ çevrilmişdir.
Şair hər il bir neçə dəfə ailəliklə, qələm dostları ilə birlikdə Şuşa, Kəlbəcər, Qubadlı, Laçın, Ağdamda olurdu, onun bu ellərdə hər zaman yolunu gözləyən çoxlu sadiq dostları var idi.
Bu ellər yağı girovuna keçəndən sonra şairin həyatı, yaşamı alt-üst olmuşdu: “Bir adı Qala, bir adı da Pənahabad olan Şuşa, Laçın təkcə bu günümüz yox, tariximizdi, sərkərdələr, sənətlkarlar yetirən əcdadımızın yadigarıdır. Pənah xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi, Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi, Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal qıylı, bülbül cəh-cəhli yuvamızdır. Buna görə də indi mən özümü yuvasız quş sayıram.” Şuşa, Laçın, Kəlbəcərin... işğalı şairin qəlbinə çalın-çarpaz dağ çəkmişdi. Ən ağır günlərində bir ayağı cəbhə bölgələrində idi, özünə dinclik tapa bilmirdi.
Q.Qasımzadə həyatının son aylarında qeyd dəftərçəsində kiçicik bir gündəlik tutmuşdu, dəftərçəsinə ürək sözlərini, əhvalını yazırdı. Bunlar 1993-cü ilin aprel-iyun ayları ilə tarixlənir. Gündəliyin əsas hissəsi İstanbulun Haseki xəstəxanasında yazılmışdır. Bəzisi birinci Qarabağ davamızın faciəli günlərini xatırladır. Həmin ilin aprel ayının 14-də yazdığında oxuyuruq: “…Vallahi, billahi, ən səmimi ürək sözümdür ki, bu halımda mənə silah versinlər, ən şiddətli döyüş xəttinə gedim, qanım torpağıma qarışsın. Bilmirəm bu təmənnamı necə çatdırım ki, məni qınamasınlar… Gərək də qınamazlar. Çünki ömrüm boyu milli mənafedən başqa mənafeyim olmayıb”.
Q.Qasımzadənin həssas şair qəlbindən və qələmindən süzülüb gələn şeirlərində sevgi, tərənnüm nidalarını həsrət, kədər, nisgilli nigarançılıq duyğuları da müşayiət edir. Bəzi şeirlərində məkrli işğal səbəbkarlarını adı ilə göstərir, qəzəblə lənətləyir, dərdlərimizə əlacın xalqın birliyindən keçdiyini vurğulayır. Şairin əcəlini tezləşdirən, 1993-cü il iyulun 28-də həyatdan aparan əsas amil, heç şəksiz, bu işğalın gətirdiyi dözülməz əzab, ağrı, hüznlü kədər oldu.
Cumhuriyyət dövründə Zəngəzur qəza rəisinin 1-ci müvaini vəzifəsində çalışmış Şahsuvar bəy kimi daşnak-bolşevik dəstələrinə əldə silah qan udduran kişinin nəvəsi idi Qasım müəllim və o torpaqların dünənədək dədə-babasının qarşısında quyruq bulayan ermənilərin əsirliyində qalmasını ağlına sığışdıra, sinirə bilmirdi.
“Dağlar buraxmır məni”, “İnsan min il yaşardı”, “Təbiətin qız vaxtıdır”, “Anamgildədir”, “Gəlmişəm”, “İki lövhə”, “Elqovan”, “Qərib bahar”, “Keçmə namərd körpüsündən”, “Açılmamış kitab”... və neçə-neçə belə əsl poetik istedad nümunəsi olan şeirləri poeziyamızın incilərindəndir.
Q.Qasımzadənin dili sadə olduğu qədər də zəngin, axıcı, oxunaqlıdır. Onun lirik şeirləri təravətli, poetik naxışları ilə rəngarəng, canlı, səmimi dialoqlarla zəngindir, süjeti, kompozisiyası, hazırca klipi də özündədir və bu üzdən də musiqiyə yatımlıdır, misraları zərb-məsəllərə çevrilir, xalq mahnıları qismində geniş yayılıb sevilir. Təəssüf ki, sevə-sevə dinlədiyimiz neçə-neçə belə mahnı sözlərinin müəllifi Q.Qasımzadənin könül duyğularından süzülüb gəldiyini bəzən unuduruq: “Könlüm düşdü diyar-diyar, bir kəkliyin sorağına”, “Olmaz-olmaz, olmaz-olmaz deyirsən”, “Qonşu olmaq istəmirəm səninlə...”
Hələ sağlığında əsərləri bir çox xalqların dillərinə tərcümə olunur, kitabları Azərbaycanın hüdudlarından kənarda nəşr edilir, Rusiyada Polşada, Bolqarıstanda, Türkiyədə, İraqda, İranda yayılırdı.
Şeirlərinin ruscaya tərcüməsində maraqlı bir epizod onun öz yaradıcılığına qarşı necə tələbkar olduğu barədə təəssürat yaradır. Həmin epizod dissident görüşlərinə görə sovet dövründə təqiblərə məruz qalmış, Xruşşovun hakimiyyəti illərində yaradıcılığına imkan verilmiş, sonradan Amerikada siyasi sığınacaq almış yəhudi əsilli rus şairi Naum Korjavinin onun yaradıcılığına müraciətilə bağlıdır. Bir-birilərini şəxsən tanımırlarmış. “Советский Писатель” nəşriyyatında Azərbaycan müəlliflərinin şeirlərinin ruscaya sətri tərcümələri ilə tanış olan N.Korjavin üstünlüyü Q.Qasımzadənin sətirlərinə verir və onu bu barədə məlumatlandırır. Q.Qasımzadə cavab məktubunda təşəkkür edərək belə bir xahişdə də bulunur ki, ruscaya poetik tərcümədə çalışsın orijinala xas ayrıntıları maksimum ifadə etsin. N.Korjavin peşəkar qələm ustası kimi bu xahişi yerinə yetirir, Q.Qasımzadəni bütün bədii keyfiyyətləri ilə rus oxucusuna yüksək səviyyədə təqdim edir. Tərcümədən xeyli razı qalan Q.Qasımzadə yaxınlarına deyirmiş ki, Naum Moiseyeviçin imkanlarını özüm şüurlu şəkildə məhdudlaşdırdım, onu bəlkə də rus poetik dilinin stixiyasına buraxmalı idim ki, rus dilli oxucularla daha da doğmalaşa bilim…
Q.Qasımzadə 33 yaşında Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktorluğunu xalq şairi Süleyman Rüstəmdən qəbul etmişdi. Qəzeti qısa zamanda ən populyar, çox oxunan, ictimai fikrə təsir edə bilən, o dövrün ən nüfuzlu qəzetlərindən birinə çevirmişdi. 1958-ci ildə qəzetin birinci səhifəsində “Novruz bayramı” adlı yazı verib xalqı təbrik etmiş, Dərbənddə Azərbaycan teatrının açılmasına köməklik göstərməyə çağırmışdı, birbaşa tabeliyində olduğu Yazıçılar İttifaqının rəhbərliyini tənqid edən yazılara yer ayırmaqdan çəkinmirmiş. Xəlil Rzanın “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram” şeirinin nöqtə-vergülünə toxunmadan senzuradan keçirmək üçün təkcə adını dəyişib “Afrikanın səsi” başlığı ilə qəzetdə vermişdi. Rəsul Rzanın “Qızıl gül olmayaydı...” poemasını bütöv bir nömrədə dərc etmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimovun təşəbbüsü, siyasi iradəsi ilə 1956-cı ilin avqustun 20-də "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi” haqqında Azərbaycan SSR Ali Sovetinin Qanunu qəbul ediləndə, Moskvanın tələbi ilə ədib partiya cəzası alıb işdən çıxarılandan sonra da Q.Qasımzadə görkəmli yazıçının yanında və əsas müdafiəçilərindən olmuşdu.
“Ədəbiyyat qəzeti”nin 1991-ci il 4 oktyabr sayında “Hamı öz mövqeyini açıq bildirməlidir” başlığı altında dərc olunan müsahibəsində Q.Qasımzadə deyirdi: “Mən də əlimə qələm görütən məqamda gözümün qarşısında həmişə Qlavlitin, DTK-nın məşum fiquru boyaboy dayanıb. Ürəyimdə tutduqlarımı sətiraltı, rəmzi obrazlarda, ifadələrdə çatdırmağa çalışmışam... O zamanlar cürətli sayıla biləcək cüzi addımıma görə isə Azərbaycan KP MK-nın töhmətdən başlanmış işdən götürülməyə qədər cəza payına layiq görülmüşəm. “Ədəbiyyat” qəzetində baş redaktor işləyəndə “Novruz bayramı” sərlövhəsinə görə, Dərbənddə açılmasına icazə verilən Azərbaycan dilində teatra kömək məqsədilə material dərc etdiyimizə görə Mərkəzi Komitədə bizə vurulan “dini-milli” həddi aşmaq damğası, Xəlil Rzanın bir qədər üsyankar şeirləri üstündə töhmət aldığım, nəhayət, vəzifədən xaric edildiyim ədəbi ictimaiyyətin müəyyən qisminə məlumdur. Onda da, indinin özündə də bu cəzaları mükafat kimi qarşılamışam.... İndiki günləri görəndə Allaha min dəfə şükür elədim ki, ölmədim, imperiyanın süquta getdiyinin şahidi oldum. Bu mənada bizim nəslin, məncə, qazancı itkilərindən daha böyükdür. Və bəlkə də müqayisəyəgəlməz dərəcədə böyükdür, əvəzsizdir”.
Q.Qasımzadə Təbriz, Araz, ikiyə bölünmüş Azərbaycan həsrətinin də ədəbi fikrimizdə daim diri saxlanmasına çalışan şairlərdən idi. 1958-ci ildə qələmə aldığı “Səhvimiz” şeirində xarici səfərlərə yollananların doldurduğu anketlərdə “yad ellərdə varmı yaxın qohumunuz” sualına çoxlarının “yox” cavabını qeyd edir və soydaşlarına üz tutaraq deyir:
Bəs o gözü yolda qalan Təbriz qızı,
Savalanın igid oğlu, de, kimlərdir?
Danmırıqmı anamızı, bacımızı,
Məgər onlar on nəfərdir, yüz nəfərdir?
Milyon-milyon qohum-qardaş o taydadır,
Bəs nə üçün “yox” yazırıq bu suala?
Doğmaları ögey bilmək nə qaydadır,
Bu gün hələ yetməsək də biz vüsala?
Hüseyn Abbaszadə xatirələrində yazır: “Tehranda olarkən Qasımın israrlı təkidi ilə Təbrizə getməyə izn aldıq. Təbrizə çatanda maşınımızı saxlatdı, diz çöküb torpağı öpdü, qəhərdən boğula-boğula “Hüseyn, biz Təbrizdəyik e...” dedi”.
Qasım müəllim Rəsul Rza, Bəxtiyar Vahabzadə ilə birlikdə türkmən adlandırılan soydaşlarımızın müjdəsini İraqdan Azərbaycana gətirənlərdən olmuşdu.
Türkiyə sevdalısı idi, sovet hökuməti zamanında qardaş ölkədə olmuş, Türkiyədən aldığı ilhamını Tofiq Fikrətə həsr etdiyi “Ən gözəl pəncərə”, “Uludağ”, “Türk gözəli”, “İki bayraq”, “Ağlayan qız” şeirlərinə hopdurmuşdu.
Q.Qasımzadə həm də geniş və dərin elmi-nəzəri biliyə malik əbəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru idi. Üç cildliк “Azərbaycan ədəbiyyatı tarixi”, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” əsərlərinin həmmüəlliflərindən və elmi redaktorlarından olmuşdu. Onun “Ədəbiyyatda millilik və beynəlmiləllik” fundamental monoqrafiyası dövlət mükafatına layiq görülmüşdü. Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyəti ona əsl alim nüfuzu, hörməti qazandırmışdı. Çağdaş ədəbi proseslə bağlı ardıcıl cəsarətli çıxışları, yazıları, obyektiv təhlilləri maraqla qarşılanırdı.
Harda bir istedad görsə, ona yol açmaq üçün təmənnasız çalışır, nüfuzundan istifadə edir, “uğurlu yol” yazır, işlə təmin olunmalarına səy göstərirdi. Poeziyamızın istedadlarından olan Nüsrət Kəsəmənli yazırdı: “Mənim üçün birinci amil yaxşını görüb etiraf etməkdir...Bu mənada şəxsiyyətinə ən çox hörmət etdiyim Qasım Qasımzadənin adını çəkmək istəyirəm. Bu şairin şəxsiyyəti ilə yazıları arasında “ciddilik” deyilən bir oxşarlıq var. Buraya qətilik və sözübütövlüyü də əlavə etsək, şəxsiyyət tamamlanar. Şair huşsuz, sadəlövh görünəndə, yaxud görünmək istəyəndə yazıları nə qədər ciddi olsa da, özü gülməli görünür. Şairin xeyirxahlığından, ağsaqqal kimi xalq üçün gördüyü işlərindən, şeirlərinin yüksək bədii keyfiyyətlərindən danışarlar, ağsaqqal adamın uşaq hərəkətlərini lətifəyə çevirib söyləməzlər. Gərək sənətkarın özü buna imkan verməsin. Qasım Qasımzadə sözün böyük mənasında şəxsiyyətdir. Ramiz Rövşəni, Seyran Səxavəti, məni heç kimin tanımadığı, redaksiyalardan kor-peşman qayıtdığımız bir vaxtda Qasım müəllim “Uğur olsun!” yazdı, bizi geniş oxucu kütləsinə tanıtdı. Və nə yaxşı ki, sonralar himayədarlıq etmədi. Elə indinin özündə “mənim yetirmələrimdir” deyib öyünmür. Hərçənd Qasım müəllimin buna haqqı var...”
Qasım müəllimin şəxsiyyətinə, xarakterinə ayna tutan etirafdır.
Yaşar Qarayev Qasım Qasımzadənin “Seçilmiş əsərləri”nə ön sözündə yazır: “Qasım Qasımzadə poeziyası onun şəxsiyyətinə bənzəyir: sərt və kövrək, sakit və çılğın, təbii və məğrur, milli və beynəlmiləl... Qasım Qasımzadə taleyi və şəxsiyyəti vəhdət təşkil edən şairlər sırasına mənsubdur. Q.Qasımzadə şeiri həmişə və hər yerdə təbiətə, saflığa, mərdliyə inam və etibar poeziyası olaraq qalır. Onların hamısının əsasında təbiətlə, tarixlə şair, yaddaşla vətəndaş arasında ünsiyyətin ən ibrətli və mənalı məqamları dayanır.”
Doğrudan da, yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan, vəhdətdə olan belə yaradıcı, müdrik şəxsiyyətlərimiz elə də çox deyil.
Qasım müəllim çox sevdiyi, ilk övladı, biliyi, istedadı, bacarığı ilə xalqımıza xeyir, fayda verə biləcək oğlu Fəxrəddinin vaxtsız itkisindən ağır sarsıntı keçirdi, bu sağalmaz göynərti onu ömrünün sonuna qədər izlədi, onu için-için üzdü. Şair atanın bu yaşantılarına ayna tutan “Fəxrəddinli ucalığım” elegiyası poeziyada oğul itkisinə həsr olunmuş ən təsirli poetik nümunələrdəndir.
Qasım müəllim ictimai həyatda həmişə vətəndaş fəallığı, mübarizliyi ilə də seçilirdi, prinsipial, cəsur mövqeyinə görə xalqın sevimlisinə çevrilmişdi. Azərbaycanda demokratik, milli azadlıq hərəkatı başlanandan Qasım müəllim ön sıradaydı və ziyalıları da bu cərgəyə, milli birliyə səsləyir, taleyüklü məsələlərə laqeyd qalmamağa, fəallığa təşviq edirdi.
Ömrünün son günlərində “Ədəbiyyat” qəzetində dərc etdirdiyi məktubunda ona həmişə milli düşüncəsinə, ictimai və ədəbi həyatdakı haqlı mövqeyinə görə hörmətlə yanaşan Prezident Əbülfəz Elçibəyə, hökumətə yanlışlarını, “aşkar nöqsanlarına, xüsusən kadr siyasətində sağlam ziyalı qüvvəsinə arxalanmamasına görə bunun ağrısını, acısını bütün millət və dövlətin çəkəcəyini” xatırladırdı.
Görkəmli dövlət, siyasi xadim Heydər Əliyev Moskvadakı yüksək postundan istefa verdikdən sonra ona yönələn hücumlara müqavimət göstərənlərdən, Naxçıvana görüşünə gedənlərdən biri Qasım müəllim olmuşdu. Onun ömür məramı beləydi: öncə millət və dövlətdir.
Qasım müəllimlə bağlı unudulmaz xatirəm var. 1983-cü il idi, Qasım müəllimin 60 yaşı tamam olurdu. Qubadlıda raykomda onun yubileyin qeyd eləmək üçün bir komissiya yaratmışdılar. Nizaminin, Səməd Vurğunun yubiley tədbirlərində məruzəçi olmuşdum, Qasım müəllimin tədbirinin də əsas məruzəsini mənə tapşırdılar, ürəyimcə oldu, həvəslə hazırlaşmağa başladım, rayonda lazımi qədər ədəbiyyat tapmadığım üçün Bakıya gəldim, Qasım müəllimin özüynən də görüşdüm, dedi xəbərim var, özüm də, bir qrup yazıçı-şairlə gələcəm, məsləhət alıb, xeyli material götürüb qayıtdım. Artıq məruzəmi də hazırlamışam, bir nüsxəsin də raykoma vermişəm. Gündə komsomolun işçilərin yığıb baş-beyinlərin aparıram, şeir deyirəm, çıxışımı oxuyuram, məşq eliyirəm, rayonda da hamı bilir ki, məruzəçi mənəm. Tədbirə bircə gün qalıb, raykomun katibi çağırdı, görən kimi bildim ki, ürəyimə daman çin olub,- bəs məsləhət olub ki, məruzəni Feyziyev Qədir müəllim eləsin, qəsəbə orta məktəbin ədəbiyyat müəllimi, razılıq ver, onunla da qohumsunuz, onsuz da sən xeyli vaxtdır əziyyət çəkib məruzə hazırlamısan, istifadə eləsin. Əhvalımı anlamaq çətin deyil.
Payızdı, ağzına qədər adamla dolu Çingiz İldırım klubunda I-nin qısa giriş sözü bitir, məruzəçi Qədir müəllim kürsüyə qalxıb 2-3 cümlə demişdi ki, ilahi, ildırım necə çaxdısa, işıqlar söndü, göydən sel-su axmağa başladı, səs-küy, fasilə, indi generator qoşulur, hamı susub gözləyir, Qədir müəllimin ağzı tərpənir, səsi çıxmır, güclə qalxıb gətirib yerində oturtdular, mənim yanımda da komsomol işçilərimiz oturublar, bircə onu deyirlər ki, Allah, sənə inanmayan kafirdi, bu haqsızlığın sonu belə olmalıydı…Təbii ki, Bakıdan gələnlərin, Qasım müəllimin özünün yaxşı səmimi çıxışları oldu-oğlu Nəriman Qasımzadə də zalda oturub. Sonra katiblərdən biri dedi ki, Qasım müəllim çox incik şəkildə məndən soruşdu ki, axı Hacı danışasıydı, niyə belə oldu, dedim onu yanınızdakı I-dən soruşun…
Amma elə o vaxtdan Qasım müəllimin iki şeiri - “Dağlar buraxmır məni'', bir də ''Səndən ayrılanda, dağlar, cavandım'' dilimin əzbəri olub, Qubadlı həsrətiynən hansı dağa üz tutsam, birinci Qasım müəllimin şirin təbinin bəhrəsi olan bu şeirləri ürəyimə, ordan da dilimə axıb gəlib.
2021-ci il, oktyabrın 25-də Qubadlının 28 illik işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın dəvətlisi qismində bir qrup ziyalılarla rayon mərkəzində, Bərgüşad çayının sahilində, sıra dağların ətəyində görüş keçirildi. Bu görüşdə iştirak edərkən xəyal məni 1983-cü ilə aparmışdı. O zamana ki, Qubadlıda Q.Qasımzadənin dövlət qərarı ilə 60 illik yubiley tədbirləri keçirilirdi. Xəyalımı qanadlandıran məqam ölkə rəhbərinin hüzurunda keçən görüşdə Fərcan kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Ədalət Əsədovun bədahətən və şövqlə Qasım müəllimin bir şeirini səsləndirməsi oldu:
Səndən ayrılanda dağlar cavandım
İndi görüşünə qoca gəlmişəm.
Qayğılar üstümə düşdü, talandım
Üzümə üz tutub borca gəlmişəm.
Xatirəmin güllərini üzməyə,
Cığır örtən otlarını əzməyə,
Haraylayıb gəncliyimi gəzməyə,
Yollarını quca-quca gəlmişəm.
...Ömrün zinətini illər alıbdı,
Mahir oğru kimi bir-bir çalıbdı
Bircə sən verdiyin vüqar qalıbdı
Hüzuruna başı uca gəlmişəm.
Ədalət müəllim bu bəndləri oxuduqdan sonra “Cənab Prezident, Ali Baş Komandan! Bu zəfər günlərini bizə yaşatdığınıza, əyilmiş qəddimizi düzəltdiyinizə, xalqımızın qürurunu özünə qaytardığınıza, bu dağların qoynunda dünyaya göz açmış, bu zəfər günlərinin gələcəyini irəlicədən duyub şeirində poetikləşdirən istedadlı şairimiz Qasım Qasımzadə kimi həyatdan nakam köçənlərimizin də ruhunu sevindirdiyinizə görə Sizə minnətdarıq, şəhid və qazilərimizə borcluyuq!” dedi.
Şair, sənətkar ömrü yaratdıqlarının ömrü qədərdir. “İnsan min il yaşardı” yazan şairimiz Qasım Qasımzadənin ömrü də bu il tamam olan ilk 100 illiyindən də çox-çox uzaqlara gedəcək, sözü, şeirləri, adı, şəxsiyyəti ilə xalqımızın yaddaşında əbədi yaşayacaq.
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru