Təbii ki, söz AYB sədri Anar haqqındadır.
I epizod, Mingəçevirdə karxana biznesinə vurulan ağır zərbə
AzərTAc-ın Mingəçevir bölgəsi üzrə xüsusi müxbiriyəm. Rayonlarımı işğalçı rus-erməni hərbçilərinə təhvil verə-verə gəlib burada məskun olmuşam. Başının üstündə 17 milyard kub.metr su tutumu olan dəryanın - Mingəçevir SES silsiləsinin 80 metr aşağısında yerləşən Mingəçevirin altı göz görə-görə oyulur, özülü çökdürülür, Kür çayınının dərinliyindən, çay hövzəsinin sağ-solundan 15-20 metr dərinlikdən qumsoran qurğularla yerin təkin sorub, çayın dibini, altının qum-çınqılın elevatorlarla gecə-gündüz sorub sümürüb söküb vaqonlarla, kamazlarla daşıyırlar. Bazar iqtisadiyyatıdır, karxana biznesi tüğyan edir. Bu karxanalarıın Mingəçevir, mingəçevirlilər yox, bütün Azərbaycan üçün necə, nə qədər ağır faciələr törədə biləcəyi barədə düşünən yoxdur, boşalan yerləri 300-400 metr yuxarıdan gələn qum-çınqıl axını doldurur, bənddən çıxan suyun axım sürəti yüksəlir, iki təpə arasındakı bəndin altı getdikcə boşalır, bir yandan da ətraf ərazilərdə yüz illər ərzində formalaşan torpaq, bitki örtüyü məhv olub gedir, ekoloji tarazlıq pozulur, şoranlaşma sürətlə daha geniş əraziləri əhatə edir, “axmaz”ların sayı artırdı. Nazirlər Sovetinin belə bir qərarı da olmuşdu ki, 1956-cı ildə Varvara SES-in tikintisi sona yetən kimi, tikintinin rentabelliyi naminə yaxın məsafədən qum-çınqılı daşınan karxanalar dərhal bağlanmalı idi. Ancaq sən saydığını say, gör oliqarx, acgöz məmurlar nə sayır, bunların tamahı durmaq bilmirdi.Şəhər, rayonlarda yağışdan sonra bitən göbələk kimi çıxan dəmir-beton (JB) zavodlarının, yeni tikinti bumunun tələbatını ödəmək üçün ən təmiz qum, çınqıl burdadır, imkanı olan bələdiyyənin, ekologiyanın pulun verib özünə karxana açır. “Krışalıq” üstündə də mübarizə gedir: Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Azərenerji...təbii ki, İcra, Bələdiyyə, polis, prokuror...acizdi bu mafiozların qarşısını almaqda, ona görə də hər kəs öz payını götürməyi daha üstün sayır. Motorların, elevatorların səsi qulaq batırır, lap S.Vurğunun məşhur poemasının misraları kimi: “Car çəkir çarxların çaxnaşıq səsi, Car çəkir, qışqırır nəhəng motorlar...”. Bu üstündə oturduğun budağı altdan kəsmək kimi şeydir. Xeyli evdə, hasarlarda çatlar, Kürə yaxın yerlərdə torpaq çökməsi əmələ gəlib. Hamı bunun fəsadından danışır, heç kimə sirr deyil ki çatları yaradan səbəb məhz karxanalardır, yerin təkin, altın qazıb sökdürməkdir.
Bunun gözlənilən fəsadlı nəticələri barədə AzərTAc-da mütəxəssislərin fikirlərinə istinadla informasiyalarım yayılır, başqa qəzetlərdə də məqalələr verirəm. Nə qədər yazılar, tənqidlər gedir, ancaq real nəticə yoxdur.
Çıxan bir neçə yazımı, Akademiyanın Mingəçevirdəki Kür hövzəsi üzrə elmi laboratoriyası rəhbəri, savadlı alim İldırım Əhmədovdan, Ərazi Ekologiya Təbii Sərvətlər Şöbəsindən Eyyub Rəşidovdan yazılı arayış, rəylər, ən çox zərər çəkən Mingəçevir kəndindən bir qrup sakinin imzalı müraciətin alıb, şəhərin bir neçə yerində torpaq çökmələrinin, sürüşmə yarıqlarının fotoların çəkib məxsusi bir məktubla göndərirəm AYB sədri, Milli Məclisin deputatı Anara. Kim istəsə girib parlamentin qapalı sessiyasının stenoqramında Anar müəllimin çıxışını oxuya bilər.
Təsiri gözləniləndən artıq olur; bir neçə gün sonra Milli Məclisdə qaldırılan məsələ ilə bağlı Nazirlər Kabineti Mingəçevir Kür hövzəsi qum-çınqıl karxanalarının fəaliyyətinin dayandırılması barədə məxsusi qərar verir. Bir çox işbazlar üçün ucuz qazanc, gəlir mənbəyi olan o başabəla karxanaların böyük əksəriyyətinin fəaliyyəti dayandırılır.
“Azərbaycan” jurnalının 2001-ci il 12-ci sayında Mingəçevir tarixinə dair “Ulu tarixin yaşıdı” adlı geniş məqaləmin “Mingəçevir su bəndinin uçmaq təhlükəsi varmı?” yarımbaşlıqlı 6-cı bölümündə bu haqda yerli-yataqlı yazmışam.
II epizod - bir çıxışın əks-sədası
23 oktabr 1999-cu il. Şəhər icra hakimiyyətinin iclas zalında Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin yaradılmasına həsr olunmuş toplantı keçirilir. AYB sədri, MM üzvü Anar və xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca, şəhərin bütün rəhbərliyi, bölgədə yaşayıb yaradan yazarlar, ziyalılar zaldadır. Qonaqlar, yerli yazarlar danışır, çıxışda son söz mənə verilir. Tarixdə ziyalıların rolundan, ən çətin dövrlərdə xalqın sözünü demək missiyasının onların üzərinə düşməsindən faktlarla danışıram, Xaqanidən üzübəri nümunələr gətirirəm, Qarabağ dərdi və ölkə ziyalılarının belə məsələdə susqun,münasibət bildirməkdən çəkinməsindən danışıram, deyirəm: -bir neçə gün sonra keçiriləcək İstanbul sammitində Qarabağın de-yure ermənilərə verilməsinə aparan, bunu rəsmiləşdirən sənədin imzalanması gündəlikdədir. Bütün Azərbaycan xalqını, vətənini, xalqını sevən hər kəsi bu gün düşündürən yeganə məsələ budur. Belə bir dövrdə Anar, Bəxtiyar Vahabzadə, Qabil, Hüseyin Abbaszadə, Fikrət Qoca kimi xalqın etibarını qazanan ziyalıların susmağa mənəvi haqqı, hüququ yoxdur. Onlarla partiya liderinin, ictimai təşkilat rəhbərinin müraciəti cavabsız qala bilər, ancaq sizin səsiniz cavabsız qala bilməz.
O tədbirin iştirakçıları bu çıxışdan sonra zalda yaranan qəribə sükutu, ardınca gələn sürəkli alqışları, iki tanınmış adamın bu sərt, kəskin, həm də məntiqli çıxışa verdiyi reaksiyanı unutmayıblar. Yerli qəzetlər də bu haqda yazmışdı. Anar müəllim, ardınca Fikrət Qoca yenidən ayağa qalxıb bu məsələyə yaxın günlərdə münasibət bildirəcəklərini dedilər.
Anar müəllim iclasdan sonrakı nahar süfrəsi arxasında da yenə bu məsələyə qayıdır, hətta, görüşüb maşına oturanda da üzünü mənə tutub deyir:- siz bu günkü çıxışınızın əks-sədasın yaxın günlərdə görəsiniz, hər halda mən bu məsələyə biganə qalmayacağam...Və sonrakı hadisələr də yaddaşlardadır: üstündən cəmi bir neçə gün keçmişdi məhz bu beşliyin dövlət başçısına ünvanladığı məktubun respublika qəzetlərində dərc olunmağı və onların ölkə Prezidenti Heydər Əliyev tərəfindən qəbul edilməyi, Milli Məclisdə Qarabağla bağlı ilk və son müzakirə, Minsk Qrupunun gizli saxlanan təkliflərinin açıqlanması, imzalanması nəzərdə tutulan, bizim ziyanımıza olan sənədin mahiyyətinin açıqlanması, Ermənistan parlamentindəki gülləbaran, İstanbul sammitində Rusiya və ABŞ prezidentlərinin sərt sözləşməsi, yarımçıq qalan imzalanma...son tariximizin yaddaşlarda qalan hadisələridir.
Bu tədbirin videokasetini Mingəçevir TV-dəki dostum sonra mənə hədiyyə etdi. Və dostyana artıq məlumatlı olduğum məsələdən də məni hali etdi; MTN-nin rayon şöbəsinin rəisi Qaraşov (adını unutmuşam) israrla mənim çıxışım olan hissənin kasetini istəyib, montaj olunmuşu verib israrla həmin hissələri lentə almadığımızı bildirdik. Bu haqda qələm dostumun mənim “Qubadlısız 16 il” kitabımda yazısı gedib (s.186).
III epizod - Anar uzaqgörənliyi
I Qarabağ savaşı başlayandan dünyaya göz açdığım, 31 avqust 1993-cü ilə qədər yaşadığım Qubadlı da daxil olmaqla, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli bölgəsi üzrə AzərTAc-ın xüsusi müxbiri-“Zəngəzur” İnformasiya Mərkəzinin rəhbəriyəm, bütün əsas hadisələr, erməni hücum, təxribatları barədə informasiyalar verirəm, o günlərdə AzTV xəbərlərində ilk xəbərlər mənim informasyalarımla açılırdı; AzərTAc-ın xüsusi müxbiri Hacı Nərimanoğlu xəbər verir...rəsmi qəzetlər də ilk səhifədə “Cəbhə xəbərləri”mi yayırdı. Ancaq bu kiçik rəsmi xəbərlər məsələnin bir üzü idi, xeyli xəbərlər, hadisələr yayılmırdı, senzuradan keçmirdi.
Yazıçılar İttifaqına Anarın adına məktublar yazırdım, hadisələrin faciəli inkişafı barədə məlumat verirdim, sərhəd bölgələrində vəziyyətin rəsmi mətbuatda göstərilən kimi sakit olmadığını bildirirdim, yerli-yataqlı bu hadisələr barədə ətraflı yazılarımı əlyazaması ilə göndərirdim. Sonra bir çoxunun artıq gedər-gəlməzdə olduğunu sandığım yazılarımın bu yazılarımın bir çoxunu ayrı-ayrı külliyatlarda görəndə öyrəndim ki, İttifaqda mənim kimi buranı ən simsar qurum bilib göndərdikləri yazılar səliqə qorunub saxlanıb və müvafiq qurumlara təqdim edib, onlar da kitablara daxil ediblər. Məs. 1995-ci ildən buraxılmış “Qətiyyətin təntənəsi” çoxcildliyində İttifaqdan təqdim olunduğu qeydi ilə belə yazılarımı görəndə Anara qəlbən təşəkkür etdim.
IV epizod - Anarın dilimizdə bitən kəlamları
1970-ci illərdə tələbəlikd ən çox oxuyub yararlandığımız kitablardan biri Anarın “Molla Nəsrəddin-66”-sı idi. Xeyli kiçik aforizmləri dilimizdə ilişib qalmışdı:-filan müəllimin dissertasiyasının mövzusu nə idi? - Nə olacaq, “hırnan zırın oxşar və fərqli cəhətləri”. Təqaüdə az qalmış 5 qəpiklik kvas+5 qəpiklik bulka ilə naharı yola verdiyimiz günlərdə: -Yataqxanada tir açılıb tələbələr qəpiyə güllə atırlar...
V epizod – Anarın yüksək intellekti
“Kitabi Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 fevral tarixli 1059 nömrəli Sərəncamının icrası ilə bağlı yaradılan qrupda AR Prezidenti yanında Bilik Fondunun təmsilçisi olaraq keçirilən toplantılarda mən də iştirak edirdim. Dəfələrlə bu iclaslarda Anarın məzmunlu, ideyalı çıxışlarını, təklif, məsləhətlərini dinləmişəm və hər dəfə onun geniş mütaliəsinə, filoloji biliyinin genişliyinə, dünyagörüşünün zənginliyinə, türkçü ruhuna şahid olmuşam.
Anar Sözü, Adı, İşıqlı, Xeyirli Əməlləri ilə tariximizin yaddaşında əbədi yaşayacaq Dəyərimizdir. Təbrik edirəm, 86-ya xoş gəldiniz, sükanı belə saxlayın!
Hacı NƏRİMANOĞLU, AYB üzvü