Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi” yeni nəşri çap edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın müəllifi Coğrafiya İnstitutunun böyük elmi işçisi coğrafıya üzrə fəlsəfə doktoru Natiq Babayev, baş redaktoru coğrafıya elmləri doktoru Zakir Eminov, elmi redaktoru coğrafıya üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır.
Beş fəsildən ibarət monoqrafiyada Şərqi Zəngəzurun tarixi ərazilərindəki yaşayış məntəqə adları araşdırılıb. Əsərdə Şərqi Zəngəzur oykonimlərinin öyrənilməsinin yaranma xüsusiyyətləri fundamental şəkildə şərh edilib, xalq coğrafi terminləri, eləcə də qədim türk mənşəli terminlər vasitəsilə yaranmış oykonimlərin araşdırılmasına üstünlük verilib. Dörd və beşinci fəsillərdə isə Şərqi Zəngəzur ərazisində xalqın daha qədim tarixi ilə bağlı olan tipinin - etnotoponimlərin hərtərəfli öyrənilməsi sahəsində, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirən uğurlu tədqiqat işi aparılıb.