Böyük ustad haqqında xatirələrim
Süleyman Rəhimovla ilk dəfə belə tanış oldum. Bir qrup tələbə yoldaşı bulvarda gəzirdik, gördük qarşıdan həmişəki kimi ağayana yerişi ilə gəlir. Dedik gəlin zəmanəmizin son canlı dahisi ilə tanış olaq, səsini, sözünü eşitmək şərəfinə çataq. Yaxınlaşıb salam verdik, dərslərimizlə maraqlandı. Məni oxuyursunuzmu, dərslərdə keçirlərmi məni? Uşaqlar arada mənim Qubadlıdan olduğumu söylədi. Kimlərdənsən?-soruşdu. Babam Hacı Fətəlı Əfəndini dərhal tanıdı:-böyük üləmaydı, ərəbi, farsı, ədəbiyyatı kamil bilirdi, evinizdə olmuşam,- dedi. Mənim də yazılarımın çıxdığın öyrənəndə şad oldu, oğlu, dünya seysmologiya elmində yeni mərhələ açan çox nadir istedada malik alim, incə zövqlü şair-tərcüməçi rəhmətlik Şamonun “Ayrılıq” şeirlər kitabı haqqında yazdığımı eşidib çox xoşhal oldu. Şamo Arifin «Anamın yuxusuna girməsin…» kitabının da çox xoşuma gəldiyin dedim, qəzetlərdə haqsız tənqid olunduğun əlavə elədim, kitab haqqında bir-iki sual verdi, nə demək istəyib, başa düşdüyüm kimi cavab verdim. Gördüm razı qaldı. Dedi ki, bu günlərdə Yazıçılar İttifaqının Natəvan klubunda o kitabın müzakirəsi keçiriləcək, yoldaşlarını da yığ başına gətir, çıxış da elə. Qızğın keçən, həm də qərəzli yanaşmalarla dolu mübahisələrdə mənə də söz verildi, başımı böyük başlara qoşub çıxış elədim, yerimə qayıdanda Dədə Süleymanın razılıq bildirən baxışları ilə rastlaşdım. «Ədəbiyyat və incəsənət» də bu müzakirə barədə gedən məqalədə mənim çıxışımdan da bir hissə verilmişdi.
Sonra da bir gənclik xətamda keçirdiyim "qəza"dan qurtulmağıma yardımçı oldu. 3-cü kursda oxuyurdum. Yaziçılar İttifaqına girib çıxırdım, qəzetlərdə yazılarım çap olunurdu, Azərbaycan Yazıçılar İttifaqı ilə Az.LKGİ MK-nın- respublika komsomolunun yaradıcı gənclərin respublika müsabiqəsində ədəbi tənqid üzrə qalib gəlmişdim, Yazıçılar İttifaqının Şüvəlan Yaradıcılıq Evində keçirilən aylıq seminarın iştirakçısı idi (zəmanət verən mərhum prof. Yaşar Qarayevin zəmanəti ilə). «Ədəbiyyat və incəsənət» qəzetinin ədəbi tənqid şöbəsinin müdiri Rəhim Əliyev Timofeyevin ədəbiyyatın nəzəri əsaslarına dair bir kitabın vermişdi ki, bunu oxu, dəyərli nəşrdir. Mən də götürüb başladım oxumağa. Oxuduqca gördüm ayə, bizə «Ədəbiyyat nəzəriyyəsi»ndən dərs deyən dosent Elburus Qasımovun «mənim tezislərim» deyib imla kimi mühazirələrdə bizə sırıdıqlarının hamısı burdan köçürmədi. Hətta, əziyyət çəkib heç rusca misalları da öz ədəbiyyatımıza keçirmir. Onsuz da məndən elə xoşlanan da deyildi, bir neçə dəfə mübahisəmiz də olmuşdu. Belələrinin dərsində oxumaq bir yana, mühazirələrin yazmaq dözülməz bir şeyə çevrilmişdi. -Müəllim, olar mən mühazirəni yazmayım, elə Timofeyevin kitabından oxuyub imtahanda cavab verərəm -sözlərimdən sonra mənimlə lap əyişdi. Bir adətimiz vardı, yönsüz müəllimlərin dərsi başlayan kimi başlayırdıq qoşqulara-bir misra yazıb ötürürdük yanımızdakına, o da o birinə, eləcə mühazirə qurtaranda bir nağılvari poema düzəlirdi, qəhrəmanlarımız da ən çox öz müəllimlərimiz olurdu. Mənim qoşduğum bayatılardan bir neçəsi qızlardan birinin sayıqlığını itirməsi nəticəsində gəlib düşmüşdü bu müəllimin əlinə, o da aləmi qatmışdı bir-birinə.
Mən aşıq Elburusda,
Qar çoxdu Elburusda
Bir qram savad yoxdu
Qasımov Elburusda.
Mən aşıq Elburusa
Gürcüyə, bir də rusa
Allah, bir az savad ver
Qasımov Elburusa.
Xəttimlə yazdığım vərəqi düz aparıb qoyur dekanımızın qarşısına. Axtarış başlamadan gedib etiraf elədim ki yazan mənəm, səhv mənim idi. Dedilər: yaxşı yol, gedə bilərsən, təqdimatımı da yazıb apardılar rektora. Qalmışam neylim, necə eliyimin arasında, əmi yox, dayı yox, bu nə iş idi düşdüm. Bu fikirlərlə çıxdım bulvara, gördüm Süleyman Rəhimov oturub skamyada. Elə bil üzümə gün doğdu.
Hələ yaxınlaşmağa cəsarət eləmirəm, deyim, nə üzlə deyim. Yenə köməyimə qrup yoldaşlarım çatdı. Bilirdilər ki, burdakı çayxanada olacam, gəldilər. Nə edək? Kişini göstərdim ki onun bir kəlməsi lazımdı. Yenə Şakir özün verdi qabağa, hal-əhval tutduq, məsələni deyəndə xeyli güldü, dedi dekanınızın telefonun bilirsənmi?-bəli,-dur gedək evə. Yolun o üzündə olurdu, Lenin muzeyinin arxasında, Maliyyyə Nazirliyinin üstündəki 3-cü mərtəbə bütünlüklə ona verilmişdi. Çıxdıq. Telefonu yığdım verdim, -adı nə oldu? Afat müəllim, professor Afat Qurbanov.-alo, Afət xanım,-elə bil başıma bir qazan qaynar su tökdülər, Süleyman Rəhimovdu danışan, Həci…bəs filan, bəşməkan…Dədəliyin elədi, telefonu yerə qoydu, -Bəs sən Afət deyirdin, kişiymiş bu…o ki var güldü, ürəkdən gələn güləndə çiyni titrəyirdi, təzədən, ə sənin işin düzəlsin, qorxma, get dərsinə. Dədənin sayəsində təzədən qayıtdım instituta.
Bulvarda gəzintidən qayıdanda yıxılıb qolun qırmışdı, leçkomissiyada yatırdı, getdim yanına, dedi ürəyim Bərşadın göyçə balığından istəyir. Heç ləngimədim. Gəldim rayona, yaxşı göyçə, qəzmin tutduq, təmizlədib apardım evlərinə, çox razı qalmışdı. Azərbaycanda elm, ədəbiyyat, incəsənət xadimlərindən ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adı ona verilib, təbii ki, istedadı və Heydər Əliyevin ona məxsusi hörməti sayəsində. H.Əliyev bu münasibətlə demişdi: "Bilirsiniz ki, insanlar arasında paxıllıq da, rəqabət də var. Bəziləri dedilər ki, niyə Süleyman Rəhimova belə yüksək ad - Sosialist Əməyi Qəhrəmanı adı verdilər? Hələ o vaxt düşünürdüm ki, Süleyman Rəhimov ədəbiyyatımızda həqiqətən özünəməxsus yer tutub". Gerçək qiymətdir. Süleyman Rəhimov 83 il ömür sürdü, 53 il yazıb yaratdı, XX əsr Azərbaycan ədəbiyyatına "Şamo", "Saçlı", "Aynalı", "Mehman", "Ana abidəsi", "Qafqaz qartalı" romanlarını, onlarla hekayə və povestlər bəxş etdi. XX əsr Azərbaycan nəsrini onsuz təsəvvür etmək mümkün deyil. Süleyman Rəhimov fəal ictimai xadim idi, MK-da məsul vəzifələrdə çalışmışdı, üç dəfə Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsini daşımışdı, neçə rayonda I katib olmuşdu. Böyük şairimiz Səməd Vurğun Süleyman Rəhimovun əsl qiymətini vermişdi: "Süleyman nadir simalardandır. Məhz buna görə də mən ona bağlıyam. Süleyman Rəhimov Azərbaycan nəsrinin uzaqvuran, ağır artilleriyasıdır. Süleyman Rəhimov sənətin ağırlıqlarını öz bahadır çiyinlərində qaldıran bir sənətkardır. Onun sinəsində xalqın ürəyi döyünür. Bu romançı böyük yazıçıdır, xalq yazıçısıdır. Sözün əsl mənasında müdrik ədibdir". Üzeyir Hacıbəyovun milli musiqimizdə, Cəfər Cabbarlının dramaturgiyamızda, Səməd Vurğunun poeziyamızda, Süleyman Rəhimovun nəsrimizdə mövqeyi, rolu, mərtəbəsi eynidir. Böyük fəxr və qürur hissi duyuram ki, bu nəhəng istedad sahibi, ustad yazıçı ilə dəfələrlə həmsöhbət olmuş, onun dərin zəkasından çıxan fikirləri dinləmiş, ədəbiyyat haqqında, xüsusən ayrı-ayrı sənətkarlar barədə düşüncələrini eşitmiş, ondan çox şey öyrənmişəm. Öz həyatı, başına gələn, gətirilən hadisələr barədə mənə çox şeylər danışardı. Rus-sovet sisteminin iyrənc mahiyyətin anlamaqda mənə o kişinin söhbətləri çox şey anladıb. Cavid, Müşfiq kimi yüzlərlə millət qaymaqlarının hansı məqsədlə, vasitələrlə məhv edildiyini başa düşmüşəm. Dədə Süleyman özü də tək-tük kişilərdən biriydi ki, 37-nin dözülməz işgəncələr, fiziki-mənəvi repressiya maşınının təkərləri altından salamat çıxa bilib, özü də yalnız ağlagəlməz iradəsi hesabina, alnıaçıq, kimsəni günahsız yerə bada vermədən, şərəfsizlər əlindən öz namus, ad və qürurunu təmiz qoruyaraq çıxa bilib. Belə bir kişinin saatlarla ağzı bağlı kisədə başıaşağı saxlandığını, işgəncələrə davam gətirib heç bir kağıza qol çəkmədiyini, heç kəsin üzünə dirənmədiyini eşitdikcə ürəyim dağa dönür, Dədə Qorqud müdrikliyi ilə Qazan xan cəsarət və şücaətini özündə birləşdirən Kişilik mücəssəməsinə hörmət və məhəbbətim qat-qat artırdı. Süleyman Rəhimovun gerçək tərcümeyi-halı, keçdiyi həyat yolu, zəngin xatirələrini "Ömür yolu" kitab xatiratında əks olunub. Yuxarıda dediyim vaxtlar özü tapşırmışdı, qolu sınan günlərdə tez-tez dərdən çıxıb evləri ilə 50-60 metr aralıdakı "Ana və uşaq" kafesində 17 qəpiyə borş, çörək yeyib qalxırdım evlərinə, diqtə edirdi, mən əlyazmada yazırdım, yorulanda deyirdi, çıxaq bulvara, evləri ilə bulvarı tək bir küçə ayırırdı. Bir dəfə yenə ikimiz birlikdəydik, gördüm qarşıdan bizim institutun ən hörmətli müəllimi, Azərbaycan dilçilik elminin banilərindən biri olan professor Əbdüləzəl Dəmirçizadə gəlir. Çox mehriban görüşdülər, heç belə münasibətləri olduğun bilmirdim. Oturdular. İcazə alıb getmək istədim, buraxmadı. İki nəhəngin böyründə olmaq həm çətin, həm də qürür doğurucu hal idi. Arada məndən də söz saldı:- Əzəl (onu belə çağırırdı), maraqlı fikirləri var, bizim kəndlərin adlarının mənasın, tarixi mənşəyin axtarır, bir maraqlan gör bundan bir şey düzəltmək olarmı? Bu əsnada qarşıda şəkil çəkən fotoqrafı gördü -Həci, dur onu çağır gəlsin bir şəkil çəkdirək,- dedi. Durdum, şəkil çəkdirəndə qayıtdı kı:- Mən ədəbiyyatın Allahı, Əzəl də dilin, görək səndən nə olacaq…O şəkli əziz xatirə kimi saxlayıram, hər dəfə baxanda da ürəyimdən bir söz keçir -Sizinlə müqayisədə mən heç nə ola bilmədim, ey böyük Kişilər! Mən Zamanın nəbzin tuta bilmədim...
79-cu il idi, institutu bitirirdim, özü maraqlandı ki, fikrin nədi, heç nə demədim. -Sabah gedərsən Əzəlin yanına, danışmışam, özü söhbət eliyəcək səninlə, yəqin köməyi dəyər. Öyrəndim ki, «Qubadlının toponimləri» mövzusunda yazdığım duplom işin şəxsən oxuyub razı qalıb, rəhbərlik etdiyi dilçilik kafedrasında saxlamaq, elmi rəhbərim olmaq fikrindədi. Dövlət imtahanların verirdik, komissiyanın sədri də odur. Üçüncü imtahana gələndə gördük qara haşiyəli şəkli qapının ağzında asılıdı...
Dədə Süleymanın 100 illik yubileyi münasibəti ilə Mingəçevirdə 5 il dərs dediyim San-Marino Beynəlxalq Elmlər Akademiyasının filialında Şamo Arifin, tanınan yazıçı, şair, alimlərin də iştirakı ilə çox məzmunlu, yaddaqalan tədbir- respublika elmi-nəzəri konfrans keçirdik, şəhərin başçısı, əziz dostum Məhəbbət Qarabağlı, rektorumuz prof. Əyyub Əyyubovun maddi-mənəvi dəstəyi ilə "Kür" restoranında banket və musiqili-ədəbi gecə oldu, təvazökarlıqdan uzaq da olsa, elə bil o kişiyə mənəvi borcumu vermək istəyirdim, şəxsiyyəti barədə məruzə etdim, sonralar da haqqında dəfələrlə yazdım.
İnstitutu qurtaran kimi könüllü əsgər getdim. Hərbi xidmətdən qayıdanda artıq Dədə dünyadan köçmüşdü. Hər dəfə Fəxri xiyabana yolum düşəndə məzarı üzərindəki əzəmətli abidəsi ilə üzbəüz dayanıb «ruhun şad olsun, sən nəhəng Kişisən, Dədə Süleyman» deyirəm.
Hacı NƏRİMANOĞLU, "Qubadlısız 16 il" kitabından, "Elm və Təhsil" nəşriyyatı-2009, s.48-52