14 mayda qardaş Türkiyədə keçiriləcək seçkilər Azərbaycanda da böyük maraqla, intizarla izlənilir, vətəndaşlarımız da sosial şəbəkələrdə münasibətlərini bildirirlər. Görünən budur ki, indiyədək nəinki Türkiyədə, dünyanın heç bir ölkəsində Prezident və parlamentə seçki kampaniyası bu qədər gərgin, qızğın, kütləvi mitinqlər şəraitində keçməyib.
Ərdoğanın 20 illik oturuşmuş idarəetmə sistemi qalıb davam etməlidirmi, ya dövlət sükanını KK-nın xeyrinə tərk etməlidir?! Avropanın dəyərləndirməsi birmənalıdır: Ərdoğan getməli, Kılıçdaroğlu gəlməlidir! Ancaq hər şey xalqın seçiminə bağlıdır. Biz yalnız bəribaşdan seçkilərin nəticələrinə, qardaş ölkə vətəndaşlarının seçiminin düzgünlüyünə birmənalı sayğı duyacağımızı bildirir, Türkiyəmiz və türk dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirik.
Təbii ki, Türksoylu ölkələrin - Türk Dövlətləri Təşkilatının qurulmasında həlledici, müstəsna, aparıcı siyasi fiqur olan, beynəlxalq arenada qətiyyətlə Türkiyənin, Azərbaycanın, özünün siyasi iradəsini, mövqeyini yeridə bilən, Qarabağ sorunumuzun ədalətli həllində, II Qarabağ müharibəsində əldə edilən qələbədə böyük rol oynayan Ərdoğana ölkəmizdə səmimi sevgi, ehtiram böyükdür və bu seçimdə də Ərdoğanın son 21 ildə keçirilən seçkilərdə qazandığı 52 faiz oranında stabil səsini yenə qoruyub saxlayacağına inamım böyükdür.
TURAN sevdalısı, "Rəcəb Tayyib Ərdoğan” kitabının müəllifi olaraq əminəm ki, Qarabağ probleminin həlli yarımçıq qalan Azərbaycanda və ümumən Türk Dövlətlərində Kemal Kılıcdaroğlunun gücü, nüfuzu, TDT-a, Birliyə gedən yolda təsir imkanları Ərdoğana yaxın gələ biləcək səviyyədə deyil.
K.Kılıçdaroğlunun tərəfdarlarının birləşdiyi “Millet İttifakı'nı Destekleyenler” feysbuk səhifəsində Ərdoğanın Türk Dövlətləri Təşkilatında birləşən ölkələrin rəhbərləri, Co Bayden, Vladimir Putin, Şimon Perezlə görüşlərindən toplanan fotokollajla birlikdə bu paylaşımı edirəm; “2023 genel seçimlerinin Türkiyemiz için hayırlara vesile olmasını dileriz, söz halkındır. Amma lütfen, bakın bu fotolarda s-n R.T.Erdoğanın yerinde s-n Kemal Kılıçdaroğlunu göre bilirmisiz?!”
Hacı Nərimanoğlu, yazar