Hörmətli Prezident!
28 may 2023-cü ildə keçirilən seçkidə yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyiniz və 14 may seçkilərində başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının və Cümhur İttifaqının TBMM-də çoxluq əldə etməsi münasibətilə Sizi ürəkdən təbrik edirəm!
Türkiyə seçicilərinin iradəsi, Sizə inamı, etimadı türk və islam dünyasının arzu, istəyi ilə də üst-üstə düşdü. Siz 20 ildən çoxdur ki, dünya liderləri ilə görüşlərdə, beynəlxalq tribunalarda dünya müsəlmanlarının, haqqı əzilən xalqların hüquqlarının ən böyük müdafiəçisi olmusunuz. Türk Dövlətləri Birliyinin qurulmasında, Azərbaycanın Qarabağ davasında göstərdiyiniz qətiyyət, iradə adınıza, siyasi fəaliyyətinizə əbədi yazılan işıqlı səhifələrdir. Biləsiniz ki, Sizə sevgi Türkiyədən kənarda daha böyükdür, möhtəşəmdir.
Azərbaycanda 5-ci kolonun bütün dövlət idarəetmə sistemində hakimi-mütləq olduğu, haqqınzda hər cür bədnam iftiralar yaydığı, hər vasitə ilə Türkiyə və Azərbaycan arasında dostluq münasibətlərinin pozulmasına yönəlmiş fəaliyyətlərinin tüğyan etdiyi bir dövrdə haqqınızda yazıb öz vəsaitimlə nəşr edib yaydığım və 27 iyul 2011-ci ildə Bakı Büyükelçiliyində şəxsinizə təqdim etdiyim “Rəcəb Tayyib Ərdoğan” kitabının və onlarla yazının müəllifi olaraq qürur duyuram ki, Sizə inamım bu illər ərzində heç zaman azalmadı, əksinə 44 günlük savaşda 30 ilə yaxın bir zamanda haqqı, hüququ tapdanan Azərbaycan naminə göstərdiyiniz fədakarlıqlar nədəni ilə daha sarsılmaz, əbədi oldu.
Bir daha Sizi təbrik edir, Cümhurbaşkanlığınızın bu dönəminin də Türkiyə, Türk və İslam aləmi, ümumi evimiz dünya üçün xeyirlərə vəsilə olmasını Allahtaaladan təmənna edirəm.
Hörmətlə,
Dr.Hacı Nəriman oğlu Abdulla
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyətinin sədri
28 may 2023-cü il