İyunun 11-də Astara şəhərində 2020-ci ilin oktyabrın 31-də Qubadlıda gedən döyüşlərdə şəhid olan motoatıcı taborun komandiri polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli şəhid Nail Orucovun xatirə muzeyinin açılışı oldu. Nailin həmin gün 45 yaşı tamam idi.
Astaralı tank taqım komandiri mayor Kamran Fərəcov da oktyabrın 21-də Qubadlıda şəhid olub. Hər ikisi ali hərbi təhsilli peşəkar zabit idi.
Şəhidlərimizə, ailələrinə əbədi ehtiram, sevgi, sayğı borcumuz var.
Nail cəsur komandir idi
“Haqq yolunda şəhid olanları ölmüş hesab etməyin, əksinə, onlar öz Rəbbinin dərgahında diridirlər və əcrə yetişən sayılırlar.” Ali-İmran, 169.
Polkovnik-leytenant Orucov Nail Rəfail oğlu 1978-ci il iyunun 11-də Astaranın Məsçidməhəllə kəndində doğulub. 1985-ci ildə Qapıcıməhəllə kənd orta məktəbinə daxil olub və 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. Ən böyük arzusu zabit olmaq idi. 1992-ci ildən 1995-ci ilə qədər təhsilini C.Naxçivanski adına Hərbi liseydə davam etdirib. 1995-ci ildə Bakı Ümumqoşun məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib. Məktəbi bitirdikdə ona leytenant rütbəsi verilib və Müdafiə nazirinin əmrinə əsasən, xidmətini davam etdirmək üçün N. saylı hərbi hissəyə göndərilib. Motoatıcı taqımın komandiri, taborun maddi texniki təminat üzrə komandir müavini, qərargah rəisi, hərbi hissənin maddi texniki təminat bölməsinin rəisi, hərbi hissənin motoatıcı taborunun komandiri vəzifələrində çalışıb. Daim vəzifəsinə məsuliyyətli yanaşması, intizamı, tabeliyində olanlara qarşı tələbkarlığı və qayğısı ilə özünə şəxsi heyətdə nüfuz, hörmət qazandırıb.
Müdafiə nazirinin 31.12.2015-ci ildə tarixli 0912 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməni 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ ilə polkovnik-leytenant kimi ehtiyata buraxılıb.
II Qarabağ savaşının ilk günlərindən - 29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən döyüşlərə cəlb olunub. Oktyabrın 6-dan etibarən, 1-ci tabor komandiri vəzifəsi ilə vətən müharibəsinin ön cəbhəsində döyüşlərə başlayıb. Onun komandir olduğu tabor Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində əks-hücum əməliyyatları ilə düşmənə ağır zərbələr vurub, şəxsi bilik və peşəkarlığı ilə strateji əhəmiyyətli yüksəklilərin ələ keçirilməsinə mühüm töhfələr verib. Xüsusilə Qubadlı rayonu istiqamətində mənfur düşmənlə dövlət sərhədlərimizin tam nəzarətə alınmasında şəxsi igidlik və şücaət göstərib, qarşıya qoyulan hərbi tapşırıqların icrasını təmin edib. Oktyabrın 31-də düşmənin sürəkli artilleriya atəşləri nəticəsində ağır yaralanan polkovnik-leytenant Nail Orucov Qubadlıda şəhadətə yüksəlib.
Kim Şəhid olmuş, bəqa mülkündə cənnətdir yeri,
Atəşə düşməz, nə də görməz əzabi- məhşəri.
Bunları Allah edib nazil, yazıb Peyğəmbəri
Ayeyi-Quran ilə dillərdə əzbərdir Şəhid.
Şəhidimizin Ruslan, Əlihəsən və İbrahim adlı üç oğlu Vətənə əmanətdir, atalarının şərəfli ömür yoluna, müqəddəs şəhid adına layiq böyüyürlər. Ruslan Tibb Universitetinin hərbi həkimlik ixtisası üzrə oxuyur, birinci kursdadır, əxlaqı, səmimiyyəti ilə kollektivin sevimlisidir. Əlihəsən bu il 11-ci sinfi bitirir, Respublika bilik yarışının qalibləri sırasında olmağa iddialıdır. İbrahim 5-ci sinifdə oxuyur.
Yazı çapa gedərkən Astara Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə ilə əlaqə saxladım. Onunla tanışlığımızın azı 7-8 illik tarixi var, o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsində, mən AR Prezidenti yanında Bilik Fondunda çalışırkən birgə yaddaqalan tədbirlərimiz olmuşdu, bilirdim ki, 2016-cı ilin aprel döyüşlərinə, Vətən müharibəsinə könüllü gedib, müharibə veteranıdır, igidlik göstərib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə medallarla təltif edilib. İndi də mühüm bir sahəyə rəhbərlik edir, daim xoş soraqları gəlir, bacarıqlı təşkilatçılığını ilk növbədə şəhid ailələri müsbət dəyərləndirir. Mənim dünyaya göz açdığım Qubadlı uğrunda döyüşlərdə şəhid olmuş 2 astaralı haqqında yazmaq istədiyimi, ailələri ilə görüşüb minnətdarlıq duyğularımı şəxsən bildirmək üçün Astaraya gələcəyimi deyəndə Turan onların hər ikisi, ailələri, uşaqları haqqında elə yerli-yataqlı məlumat verdi, elə xoş sözlər dedi ki, ona təşəkkür etməmək mümkünsüz oldu.
İnternetdə gedən yazılardan bilirdim ki, Nail çoxuşaqlı zəhmətkeş bir ailənin ən çox sevilən, ortancıl övladı olub, ailəsinə, övladlarına bağlılığı, sevgisi tükənməz olub. Atası rəhmətə gedib, anası sağdır, Allah cansağlığı versin. Şəhid zabitin şəxsi əşyaları, mükafatları, foto-şəkillərini hər zaman onun adı, ruhu ilə yaşayan ailə üzvləri göz bəbəyi kimi qoruyub saxlanır, Nailin məzarı da, mənzili də kənd sakinlərinin, yaxın-uzaqlardan gələnlərin ziyarətgahına çevrilib.
Şəhidimizin ömür-gün yoldaşı Nigar xanım Astara şəhər 2 saylı orta məktəbdə çalışır, kollektivdən, regional təhsil idarəsindən, rayon rəhbərliyinin diqqət və qayğısından razılığını bildirib onu da əlavə etdi ki, 11 iyunda şəhidimizin 45 yaşının tamam olduğu gün Astaradakı evlərində xatirə muzeyini də açacaqlar. Çalışacağıq ki, burada təkcə Nailin yox, bütün astaralı şəhidlərin (təkcə II Qarabağ savaşında onların sayı 42-dir) foto-şəkilləri, sənədləri toplansın. Xeyirxah təşəbbüsdür, şəhid polkovnik-leytenantımız Nail Orucovun adına layiq uzunömürlü işdir. Biz də əvvəlcədən dostlarla razılaşdığımız kimi, bu iki ailənin qonağı olacağıq.
Alqış Vətən torpağını,
Candan əziz bilənlərə.
Alqış olsun Vətən üçün,
Döyüşlərdə ölənlərə!
Belə oğullarla torpaq – Vətəndir,
Əllərdən düşməyən bayraq – Vətəndir,
İgidlər uyuyan torpaq - Vətəndir,
Diz çökək, güc alaq Şəhid adından,
Torpaq Vətən olur Şəhid qanından.
Şəhid komandir Nail Orucov sağlığında nümunəvi hərbi xidmətinə və Vətən müharibəsi cəbhələrində göstərdiyi igidlik, şücaətlərə görə ölümündən sonra bir çox dövlət təltiflərinə layiq görülüb; “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının azad olunmasına görə, “Qüsursuz xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları və digər.
Kamran ölümün ən gözəlini seçdi
Ey Şəhid, istəmə məndən məqbər, sənə ağuşunu açmış, cənnətdə gözləyir Peyğəmbər!
Kamran Qılman oğlu Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub. 1984-1995-ci illərdə Astaradakı 2 nömrəli məktəbdə təhsil alıb. Savadı, məsuliyyəti, tərbiyəli davranışı ilə fərqlənib. Arzusu zabit olmaq idi. Elə bu arzu ilə də 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsinə daxil olub. 1999-cu ildə leytenant kimi məzun olan Fərəcov Bakıda taqım komandiri vəzifəsində xidmətə başlayıb. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində xidmət edib. Nümunəvi hərbi xidmətə görə medallarla təltif edilib.
Kamran Fərəcov 2020-ci il sentyabrın 20-dən könüllü təlimlərə qatılıb, şəxsi heyəti döyüşə hazırlayıb. Əsgərlər onu özlərinə arxa, dayaq bilir, inanır, ondan güc alır, ona güvənirdilər. Azərbaycan Ordusunun peşəkar zabit kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərin önündə savaşıb. Əsgərləri onu qorxmaz, cəsur komandir kimi tanıyıb. Onun qorxmazlığı heyranediciydi. Özü qurd ürəkli komandir idi, onun cəsurluğu əsgərlərə də sirayət edirdi. Əsgərlərə ruh verirdi: - bütün torpaqlarımızı azad edəcəyik, mənfur düşməni Qarabağdan qovacağıq,- deyirdi. Dəfələrlə düşmən əsgərləri ilə üzbəüz döyüşə girmişdi, sərrast atəşləri ilə xeyli yağını, çağırılmamış mənfur xislətli ermənini cəhənnəmə göndərmişdi. Neçə dəfə ölümlə qabaq-qənşər olsa da, qorxu bilmədən yalnız irəli getmişdi, hərbi komandanlığın müəyyən etdiyi döyüş tapşırıqlarını dəqiqliklə, cəsarətlə yerinə yetirmişdi, Kamranın özü və rəhbərlik etdiyi heyət nümunə göstərilmişdi, təşəkkürlər almışdı, mayor rütbəsinə qədər yüksəlmişdi. O, son nəfəsinə qədər Azərbaycan zabiti adının şərəfini uca tutmuşdu. Bu vətənsevər, igid zabit üçün Azərbaycanın hər guşəsi əziz idi.
Alqış Vətən torpağını candan əziz bilənlərə
Alqış olsun Vətən üçün döyüşlərə girənlərə!
Kamran Fərəcov 2020-ci il oktyabrın 20-də Qubadlı uğrunda döyüşlər zamanı şəhid oldu, 42 yaşında. Doğma Səncərədi kəndində dəfn edildi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev onun qəhrəmanlığını “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Azərbaycan Ordusunun 100 illiyi” və digər medallarla yüksək qiymətləndirib.
Kamranın özündən sonra əkiz qız balaları - Dəniz və Şəms yadigar qaldı. Onlar daim atalarının müqəddəs Şəhid adı ilə fəxr edir, qürur duyurlar. Şəhid atalarının vəfalı ömür-gün yoldaşı, Astara Pedaqoji Kollecinin şöbə müdiri Nuranə müəllimə övladlarının atalarının adına layiq böyüməsi üçün, bu ailədə daim yeri görünən, nəfəsi duyulan Kamranın yoxluğunun ağrı-acısını azaltmaq naminə mümkün olan hər fədakarlığı edir.
Döyüşlərə igid kimi
yollanıbdır mənim atam.
İstəyirəm böyüyəndə
amalını uca tutam.
Layiq olam şöhrətinə,
adına mən.
Mənim Şəhid atam-
düşmənlərə göz dağıdır,
başım üstdə dalğalanan Qalibiyyət bayrağıdır.
Polkovnik-leytenant Kazımov Rəşad tələbəlik dostundan fəxrlə danışır: “Kamranı tələbəlik illərindən tanıyıram. Mən 1998-ci ildə, Kamran 1999-cu ildə təhsilini başa vurub. Eyni hissədə Pereküşküldə leytenant kimi hərbi xidmət etmişik. Hərbçiyik, əmrə tabeyik. Sonra başqa-başqa hissələrdə qulluq etmişik. Amma ailəvi dostluğumuz olub. Çox doğmaydı Kamran. Çox savadlı, peşəkar idi, çox. Cəsur idi. Əsgərlərinə dost, qardaş, ata kimi davranırdı. Səhhətiylə bağlı ehtiyata buraxılmışdı. Döyüşə könüllü qatıldı. Kamran kimi vətənpərvər oğul, zabit üçün, hər namuslu vətəndaş üçün vətən yolunda şəhid olmaq şərəfdir”.
Şəhid zabitin xanımı Nuranə müəllimə göz yaşlarına hakim ola bilmir, qısa, yarımçıq ailə həyatını, ömrün ən mənalı birgə yaşayış illərinin xatirəsini bölüşür: - 2004-cü ildə ailə qurduq. Bütün hərbçi həyatını günbəgün mən də yaşamışam. Ağdamda, Gəncədə, Goranboyda... Elə bil mən də hərbçi idim. Qızlarımız olanda evliliyimizdən 10 ildən çox keçmişdi. O qədər gözəl ata idi ki. Ataların da ən gözəli idi Kamran. Hərbçi dostları ilə əlaqəsi vardı həmişə. Müharibə gözlənilirdi. Kamran da “Gedəcəyəm” dedi. “İki qızın var, bronxların xəstədi, ikinci qrup əlilliyin var, getməyə bilərsən”, – dedim. Çox həyəcanlandı: - Bunu bir də demə. Məni sındırarsan, sən məni tanımamısan indiyədək. Torpaqlarımız işğalda, nə vaxta qədər bu töhməti gəzdirəcəyik...hərbçi dostlarım orda, subay gənclər orda. Vətən müharibəsidi bu. Özümü bağışlamaram heç vaxt, bu əskikliyi daşıya bilmərəm. Heç nə deyə bilmədim daha. Əlillik sənədlərini də götürüb gizlədi, komissarlığa verməd ki, birdən saxlayarlar. Son sözü vəziyyəti idi: - Şəhid olsam da, bundan gözəl nə var ki?! Kamran bu yolu seçdi, ləyaqətli kişi ömrü yaşadı, ölümün ən gözəlini seçdi. Təkcə ailəsi üçün yox, Vətən üçün yaşadı...Ölümündən bir neçə gün əvvəl Şəms məcbur elədi ki danışaq atamla, zəng elədim dedi:-Ata, yuxu görmüşəm, səni yaralayıblar, əvvəl ayağından, sonra qarnından...Dedi: erməni nədir ki məni vura, iti qovan kimi qovuruq onları, qaçırlar. Sonra Dənizlə danışdı...tez-tez yuxuma girir, çətindi, amma nə etməli, tale, qədər-qismət beləymiş. Nail Orucovla hərbi məktəbi bir yerdə bitiriblər, hər ikisi Qubadlıda Şəhid oldu. Hər dəfə işğaldan azad edilən rayonlarımıza insanların qayıdışını gördükdə təskinlik tapıram. Təki Vətən sağ olsun...
Şübhə yoxdur ki, Şəhid zabitlərimiz Nail Orucov və Kamran Fərəcovun adı son nəfəsdə qanı torpağına qarışdığı Qubadlıda əbədiləşəcəkdir.
Şəhidlərimizə, ailələrinə əbədi sevgi, sayğılarla,
Hacı Nərimanoğlu, Qubadlı