“moderator.az” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə iyunun 18-də səhər saatlarında ziyarətə getdiyi Kəlbəcərdə doğma kəndi Başlıbeldə vəfat edib.
Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbeli kəndinin digər sakinləri kimi Zülfüqar bəyin də Başlıbeli qətliamında xeyli yaxınları qətlə yetirilib, uzun illər çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edib, fotolar paylaşıb.
Qohumu, həmkəndlisi və müəllimi Hüseyn Şahbəndəyev deyir: - O, fərqli insan idi.Uşaqlıqdan qeyri-adiliyi ilə fərqlənirdi. Müəllimi olmuşam. Ən sevimli, məsuliyyətli şagirdlərimdən idi. Öz yaşıdları arasında şagird dövründən seçilirdi.Bütün fənlərə, xüsusən riyaziyyata bacarıqları onu məktəbin sevilən şagirdlərindən biri etmişdi. Çox güclü hafizəsi var idi...Jurnalistika onun üçün əqidə peşəsi idi. Həyatın çətin yollarını şərəflə irəliləmişdi. Burada da seçilənlər, birincilər cərgəsinə çıxmışdı.Öz zəhməti, zəkası ilə, dürüst, vicdanlı, qərəzsiz olması ilə...Qəfil ölümü də fərqli oldu: 30 il əvvəl işğal olunmuş doğma Başlıbeldə dünyaya son borcunu verdi...Sevənlərinin bağrına köz basıb getdi, heyi! Ruhu şad olsun!
Əməkdar müəllim H.Şahbəndəyevin dediyinə görə, Zülfüqar bu dəfə 1992-ci il Başlıbel qırğınında qətlə yetirilmiş nənəsinin məzarını axtarmağa gedibmiş. Mərhum didərgin əzizlərinin yaşayıb uyuduğu Bərdənin Alyanlı kəndində torpağa tapşırılacaqdır.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Zülfüqar Hüseynzadənin doğma, əzizlərinə, Kəlbəcər, Başlıbel camaatına, qurucusu olduğu saytın kollektivinə başsağlığı verir, acı kədərini bölüşürük. Son qəmimiz olsun. Allah rəhmət etsin.
Hacı NƏRİMANOĞLU