zengezur.com saytı jurnalist Rasim Mədədin ciddi məsələ barədə KİV və sosial şəbəkədə yayılmış yazısını https://www.facebook.com/rasim.meded təkrar dərc etməklə əlaqədar qurumların məsələyə mövqe bildirəcəyinə, gec də olsa, təcili təsirli tədbirlər görəcəyinə ümid edir.
Doğma yurdum Qubadlıya bir neçə dəfə səfər etmişəm. Gördüyüm ən aktual bir məsələdən söhbət açmaq istəyirəm.
Son vaxtlar sanki belə bir ənənə yaranıb - Qubadlıya getdin, balıq tutmadın, kabab çəkmədin, elə bil ki, heç Qubadlıya getməmisən. Baxın, hər gün Qubadlıya onlarla insan səfər edir, ermənilərin 27 ildə törətdiklərini gözləri ilə görür. Bunlardan xeyli sayda adam Həkəri, Bərgüşad çaylarından balıq tutur, dağlardan kəklik, qırqovul, dovşan ovlayır, böyük həvəslə sosial şəbəkələrdə paylaşır. Hamı da eyni həvəslə, bəh-bəhlə adamın gördüyü işi bəyənir, ürək işarəsi qoymaqla fikrini ifadə edir... Bir adam paylaşılan şəkillərin altından yazmır ki, "Ay insan, belə olmaz, bir anlıq özün fikirləşin, bu, vaxtilə edilən ekoloji terrorun davamı deyilmi?"
Prezident İlham Əliyevin haqlı iradından sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev indi ayılıb ki, "Gədəbəyin Söyüdlü kəndində ekoloji tarazılığı pozan amilləri aradan qaldırmaq lazımdır..." Bəs, başqa bölgələrdə ekoloji tarazılığı pozan amillərin aradan qaldırılması barədə görəsən, hörmətli nazirimiz nə fikirləşir? Gözləyir ki, yenə də ölkə Prezidenti öz haqlı iradını bildirsin, soruşsun ki, onun və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonunda olarkən Həkəri və Bərgüşad çaylarına buraxdığı balıqlar, dağlara buraxdığı quşlar, heyvanlar nə üçün insanlar tərəfindən kütləvi halda məhv edilir, ovlanılır? Əgər nazirin bundan xəbəri yoxdursa, Qubadlı rayonunda gördüklərimi yazının mətnində ona və rayonun icra başçısına xatırlatmaq istəyirəm. Yox, əgər hörmətli nazir yazdıqlarıma inanmasa, ətrafındakı düzgün insanlardan özü soruşar, yaxud da, hərdən sosial şəbəkələrdə Qubadlıdan paylaşılan ov şəkillərinə nəzər yetirər...
Deyək ki, nazir Muxtar Babayevin son bir aydır ki, başı bərk qarışıb - Söyüdlü məsələsinə... (Bu, Qubadlıya ekoloji məsuliyyət yükünün azalması anlamına gəlməməlidir. Qeyd edim ki, Söyüdlüdən fərqli olaraq Qubadlı təbiətində baş verən ekoloji terror 27 ildir ermənilər, 3 ildir də özümüz – deyilənə görə, Naxçıvan və digər rayonlardan gələn "ovçular" tərəfindən davam etdirilir). Bəs, Qubadlı rayonuna birbaşa cavabdeh olan İcra hakimiyyətinin başçısı və rayonun əlaqədar təşkilatları hara baxır? Nə üçün onlar Qubadlının təbiətini bəzi qubadlılarla bərabər, əsasən də, başqa bölgələrdən gələn brakonyerlərdən qorumur? Onlar görmürlər ki, hər gün bu çaylardan nə qədər balıq tutulur, dağlardan nə qədər quş, heyvan ovlanılır, meşələr qırılır, yandırılır? Əgər görmürlərsə tövsiyyəm budur ki, vaxt tapanda onlar da sosial şəbəkələrə göz gəzdirsinlər, ov edənləri çağırıb iradlarını bildirsinlər, qanunla cərimə tətbiq etsinlər və ya hələ ki, onları Qubadlı ərazisinə buraxmasınlar... (Yəqin məni düzgün başa düşdünüz? Söhbət Qubadlının təbiətini qubadlılardan deyil, bölgəyə müxtəlif məqsədlərlə gələnlərdən qorumaqdan gedir. Yox, əgər Qubadlının təbiətini siz qoruya bilmirsinizsə rayonun həqiqi sakinlərini buraxın, onlar qorusun. Düşünürəm ki, onlar bu çayların, dağların qədrini sizdən daha çox bilər, təbiəti məhv edənlərə qarşı özləri mübarizə aparar...)
Bəli, hörmətli ekologiya naziri, Qubadlı rayonunun icra başçısı və onların qulbeçələri, deyə bilərsiniz ki, qanunvericilikdə tilovla balıq tutmağa icazə verilir, və ya ov mövsümüdür. (Qeyd edim ki, sosial şəbəkələrdə ancaq tilovla ov edərkən çəkilən fotolar və videolar paylaşılır. Torla və digər vasitələrlə tutulan "böyük ov"lar isə təbii ki, lentə alınmı və paylaşılmır). Haqlısınız, özünüzü duruluğa çıxarmaq üçün deyə bilərsiniz... Amma istəsəniz nəzarət mexanizmini gücləndirməklə yanaşı, insanlara bunu da deyə bilərsiniz: "Gəlin, ölkəmizə 30 ildə vurulan maddi-mənəvi, iqtisadi ziyanlarla bərabər, ekoloji ziyanı da bərpa edək, həyat öz axarına düşsün, sonra yenə də qanun çərçivəsində əvvəlki kimi balıq ovunu və digər həvəskar ovları davam etdirək..." Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız!"
Rasim Mədəd
P.S. Yuxarıda adları çəkilən qurumların diqqətinə onu da çatdırmaq istəyirəm ki, Zəngilanın Ağalı kəndində Həkəri, Bərgüşad çaylarından tutulan balıqların və digər ovların kimlər tərəfindənsə satışının təşkil edilməsi, eyni zamanda, bişirilərək qonaqlara təklif olunması, heç də həvəskar ovçuluqdan xəbər vermir...
Bu qədər sadə!
Sözardı: Qubadlının Bərgüşad və Həkəri çaylarında balıqların ovlanması və Sumqayıt bazarlarında satılması barədə artıq 3-cü ildir ki, mediada çox sayda informasiyalar yayılır. O cümlədən jurnalist Rəsul Mirhəşimlinin də 2021-ci ildə bu barədə KİV-də yazısı dərc olunmuş, facebok.com - da bununla bağlı çox sayda təsdiqedici və ciddi narazılıq yaradan paylaşımlar edilmişdi.
https://aqreqator.az/az/cemiyyet/1408051
https://tribunainfo.az/bergusad-ve-hekeri-caylarinin-baliqlarini-sumqayita-kim-getirir/
və sair