VƏFA XANLARQIZI
----------------------------------
Vəfa Xanlarqızı Behbudova 22 noyabr 1968-ildə Zəngəzur mahalı Qubadlı rayonunun İşıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsini 1985, 1990-cı illərdə bitirmişdir.
Vəfa Behbudova Qubadlı rayon İşıqlı kənd tam orta məktəbdə inilis dili müəllimi, tərcüməçi-yazar, Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin üzvüdür. İngilis dilindən (orjinaldan) tərcümələr edir. “İkiçətirli qoca ledi” tərcumələr kitabının müəllifidir. Kitab 2013-cü ildə işıq üzü görüb.
— Mənim üçün Qubadlı haqqında yazmaq çox çətindir. Ancaq mənim uşaqlığım keçən o ellǝr, obalar haqqında yazmağı özümə borc bilirəm. O gözəl, səfalı yerlər yaddan çıxmasa da, daima fikirlərim, xəyallarım oralarda dolaşır. Əcdadlarımızın əzəli beşiyi, son məzarı olan Qubadlımda! Həsrəti, niskili ürəyimdə qövr edən Qubadlımda!
Böyük Allah bizdən heç nə əsirgəməyib, amma başımızın bəlası da az olmayıb. Bir əsrdə iki dəfə süfrəmizin qırıntıları ilə dolanan nankor ermənilər buranın əhalisini qaçqın salıb, ev- eşiyini talan edib, yandırdılar...
Nahaq qan isə yerdə qalmaz, deyib babalar, qalmadıda.
Mənfur düşmənlərimiz torpaqlarımızdan qovuldu, qəhrəmanlarımızın qanı və canı bahasına işğal edilmiş ulu yurdlarımız işğaldan azad edildi.
Bəli, Qubadli rayonunun tarixi çox qədimdir. Bu yurd özünün folklorunu da, daş əsərlərini də, musiqisini də, abidələrini də bir tarix kimi yaşatmışdır. Bir əsrdə iki dəfə ermənilərin hücumuna məruz qalan Qubadlının həsrətini çəkməmək olmur. Torpağımıza göz dikən xain ermənilər 1993-cü ildə torpaqlarımızı işğal etdilər. Torpaq uğrunda çox igidlər qurban verdik, ailələr başsız, uşaqlar yetim qaldı. Ancaq Qubadlı həsrəti heç vaxt yaddan çıxmadı, sinəmizi göyüm-göyüm göynətdi...
Azərbaycan elminin inkişafında Qubadlı alimlərin də zəhməti böyük olmuşdur. Onlardan geologiya-mineralogiya elmləri doktoru, akademik Ə. Əmiraslanovu, akademik . Abdullayevi, iqtisad elmləri doktorları H. Şirinovu, M.Allahverdiyevi, fizika-riyaziyyat elmləri doktorları E.Eyvazovu, X.Şirinovu, tarix elmləri doktorları İ.Məmmədovu, K.Hüseynovu, H. Aslanovu, Pedaqoji elmlər doktoru Ə.Haşımovu, fizika-riyaziyyat elmləri namizədi M.Hacıyevi, M.Quliyevi, biologiya elmləri namizədi X. Babayevi və başqlarını göstərmək olar.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli və tanınmış nümayəndələri S.Rəhimov, Ə.Vəliyev, Q.Qasımzadə, C.Bǝrguşad, Ə. İldırımoğlu, Ş.Arif, R.Rövşən, E.Baxış, R. Yusifoğlu, Ə.Aslan, Y.Həsən, Q.Əvəzoğlu və başqaları Qubadlı torpağının yetirmələridir.
Deyim ki, bu torpağın yetirmələrinin hamısının adlarını yazsaq böyük bir siyahı alınar.
Qubadlı rayonunun təbiəti olduqca füsunkardır. Palıd bu meşələrin varı, vələs dövləti, alması, armudu, fındığı, üzümü, əzgili, zoğalı sərvəti, çayları, buz bulaqları şan-şöhrəti, xınalı kəklikləri, turacları, göyərçinləri, qaranquşları... gözəlliyidir.
Təbiət bütün gözəlliyini bu yerlərə bəxş etmişdir. Əgər bir gün tale səni Qubadlıya gətirsə, sən bu gözəllik qarşısında heyrətə gələcəksən, sehrlənəcəksən.
Mən o yerlər haqqında da danışmaq istərdim. O yerlərdə hər daşın, hər dərənin, hər bulağın belə adları vardır. Məsələn, mənim doğulub boya-başa çatdığım və kiçik bir ərazisi olan İşıqlı kəndinə məxsus yer adlarına fikir verǝk:
Bu kəndin adı Şıx Şərif adlı bir şəxslə, bir ocaqla bağlıdır. Şıx Şərif babanın ocağı bu kənddə olmuşdur. Bu ocaq adlandırılan yer XX əsrin əvvəllərindən adamların şəfa tapdığı bir ocaq olmuşdur. Hasara alınmış bu yer yüzlərlə insanların ziyarət yeri olmuşdur. Sonralar bu Şıx Şərif ocağı illər keçdikcə adını dəyişərək Şıxlı, sonradan İşıxlı şəklində deyiliş almışdı. Hal-hazırda İşıqli deyilir. Bu kənd Həkəri çayının sol sahilində yerləşir.
Və biz bu kənddən səyahətə başlayırıq. Kənddən qalxırıq Dəflər düzünə, keçirik Uzun düzə, sonra Daşlı güneyə, oradan Narcax bulağına, soyuq sulu bu bulaqdan içib, səfərimizi davam edirik. Gəlib çatırıq bu kəndin ilkin salındığı yerə - İşıqlı bulağından içirik, qoca çinarın kölgəsində dincələrik.
Həsrətli çinar! Yaşı necə yüz il oldugu bilinməyən bu çinar, görən öz sakinlərini gözləyirmi?
Biz get-gedə yüksəkliklərə qalxmalıyıq. İndi gedəcəyimiz yerlər əhalinin əkin-biçin yerləri, camaata çox fayda verən meşəliklərdir. Çinarın kölgəsində dincimizi alıb, İbadan yoxuşu deyilən yerdən Damlamaç yurduna gedirik. Yerin adı damlaaç olub. Təbiətə uyğun addır. Bir gündə neçə dəfə yağar-açar, məhsulunu yığıb-yığışdırmaq olmaz. Nəhayət babamın - Qara kişinin saqqızları deyilən yerə gedirik (saqqız ağacdır). Rǝhmətlik babam orada çox ağaclar əkdirmişdi. Çox füsunkar gözəlliyə malik bu meşəlik, cərgə ilə düzülmüş agaclara baxdıqca adam fərəhlənir. Oradan keçirik Zoğallı düzə və buradan Kiçik Həkəri deyilən çaya heyran-heyran baxırıq. Sonra istiqamətimizi sola dəyişirik, Boyaqlıya gəlirik. Çinarlının saf suyundan içib, Cirǝngi deyilən yurd yerinə baş çəkirik. Kim bilir, bu yerlərdə neçə-neçə igidlərin izi qalıb.
Cirəngi meşəsi! Çinarlar! Bu yerlərin adını təəssüflə çəkirik. Ona görə ki, neçə-neçə gəncin burada yeyib içməyi, bir- birilərinə xatirələr danışmağı və sonda adını bu çinara həkk etmələri bəllidir.
Yadımdadır, hər il may ayında müəllimlərimiz tələbələr ilə buraya, təhsillərini başa vurduqlarına görə dincəlməyə gələrdilər. Hǝrǝ adını bir ağaca yazardı, hətta sevdikləri qızın adını da!
Bunlar hamısı xatirələrdə qalıb. İndi oranın həsrətini çəksək də, məkanımız bu gözəl diyarın başqa səmti olub.
Hələ bu söylədiklərim azdır. Kaş baharın gözəl çağlarında dağlara qalxıb, meşələrdə doyunca gəzəsən. Al-əlvan xalıya bənzəyən o yaylaqlardan kəklikotu, qantəpər yığıb, sonra laləli çəməndə oturub xəyala dalıb bulaq başında dincələsən. Ancaq xanı bülbüllə qarşılaşsan, heç təəccüblənmə, çiçəklər arasında onu da görəcəksən. Oradan üzü yuxarı baxanda uca qayalıq görünür - Qızıldaş deyirlər buraya.
O tərəfdə Palıdlı dərə, bu yanda İncirli bulağı, bir də adına oxşayan Göbələkli deyilən yer görünür. Hələ burada bir yer də var. Kəlbətin deyilən bu yerin adı da çox maraqlıdır. İki dərənin başı birləşib kəlbətin şəklində olduğuna görə bura Kəlbətin adı verilmişdir.
Bu yerlərin adlarını saymaqla qurtarmaz. İstəyirəm gəlib çıxam Qara quzeyin başına və oradan enǝm İşıqlı kəndinə. Axı o yerlər üçün çox darıxmışam. Yuxularımda, xəyallarımda o yerləri gəzsəm də, o yerlərə qovuşmaq istəyirəm.
Qismət olsun! Allah qovuşdursun!
Bu mənim doğma Qubadlımın zərrəsindən bir zərrədir. Sağlıq olsun, görüşərik, ey niskilini ürəyimdə gəzdirdiyim, həsrətinə bələndiyim doğma obam, gözəl yurdum, isti yuvam Qubadlım!!
Mənbə: https://www.facebook.com/permalink.php?story_fbid=pfbid0rghphNt3vabgDTMRfSm93f26EhsQJ5eK1CQ3jrWLhnZiKC5LQ73cPdbTuqbrBb8dl&id=100087494071887