Qərbi Zəngəzur əraziləri oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir. Tarixin yaratdığı bu maddi sübutlar bu ərazilərin bir zamanlar oğuz-türk yurdu olması gümanını da təsdiqləyir. Bu abidələr Qafan, Mehri, Qarakilsə və Gorus rayonları ərazilərində daha çoxdur.
Qədim qəbiristanlıqlar, məqbərələr, məscidlər, qalalar, daş fiqurlar, süjet xarakterli oymaların bir çoxu zaman-zaman ermənilər tərəfindən dağıdılsa da, onların bir çoxu dövrümüzə qədər gəlib çıxıb.
Ermənilər xristianlıq dövrünə qədər olan abidələrin hamısını bazilika, sovmə, qəbirüstü tikili və qurğuları, inzibati binaları, xatirə abidələrini hətta yeraltı qazmaları və kahaları erməni kilsələri adlandıraraq, bu ərazilərdə ermənilərin ulu əcdadlarının yaşadıqlarını “sübut” etməyə çalışırlar.
Qərbi Zəngəzurun memarlıq abidələri sırasında, sayca çox olan Alban dövrü kilsə, monastır və digər inanc, ibadət yerləri, eləcədə xatirə abidələrinin albanlara məxsusluğunu, ermənilər birmənalı şəkildə rədd edirlər. Tarixdə daha çox Qafqaz Albaniyası kimi tanınan min illik tarixi olan bir dövlətin mədəniyyətinin və tarixinin inkar edilməsi əlbəttə erməni saxtakarlığından başqa bir şey deyil. Erməni saxtakarlığı bu ərazilərdə daha çox memarlıq abidələrində özünü büruzə verir.
Ermənilər, nadir alban dövrü tikililərinin üzərindən bir çox bədii ornamental görüntüləri, yazı və simvolları silir, abidələrin daxili və xarici interyerində dəyişiklik edərək abidəni tanınmaz hala salırlar. Bir çox hallarda türklərin yaşadıqları qədim inzibati yaşayış məntəqələrini dağıdaraq xarabalığa çevirirlər. Təəssüf hissi ilə demək olar ki, Qərbi Zəngəzur ərazilərində 200 tarixi əhəmiyyətli türk kənd və şəhər dağıdılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
O bildirib ki, Qərbi Azərbaycan ərazisinin əzəli yerli sakinləri Azərbaycan türkləridir. Halbuki, ermənilər bu ərazilərdə Çar Rusiyasının təşəbbüsü ilə tarixin müəyyən mərhələlərində müxtəlif ölkələrdən köçürülərək məskunlaşdırılıblar. Bu baxımdan Qərbi Azərbaycanın müxtəlif şəhərlərində məskunlaşdırılan ermənilər dil, ləhcə və xarakter baxımından bir-birləri ilə kəskin fərqlənirlər. Məsələn İrəvanda yaşayan ermənilər, Mehridə, Gorusda və Qarabağda yaşayan ermənilərin dillərini çətin anlayırlar. Bir əsrdən çoxdur ki, Qərbi Zəngəzurda ermənilər, Azərbaycanın mədəni irs nümunələrinin məhv edilməsini həyata keçirirlər. Vorotan (Bazarçay, Bərguşadçay) dərəsindəki Köhnə Xot, Köhnə Şinuayr, Köhnə Əlidərə kəndlərinin xarabalıqları döyüş meydanına oxşayır, sanki burada xeyirlə şərin mübarizəsi gedib. Baxanda vahimələnirsən, sanki hər bir binanın xarabalığında bir vampir yaşayır. Bu kəndlərdə ermənilər tərəfindən 800-dən çox tarix və mədəniyyət abidələri, yaşayış evləri, məscidlər, Alban dövrü bazilika və sovmələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at, qoç fiqurları dağıdılaraq yararsız hala salınıb. Azərbaycanın mədəni-irs nümunələrindən təmizlənən bu ərazidə, yalnız Bazarçay dərəsinin sol yamacında Alban memarlığının yadigarı Tatev monastırı öz əzəmətini qoruyub saxlaya bilib. Keçən əsrin əvvəllərindən süni şəkildə Rusiya tərəfindən bölgədə məskunlaşdırılan ermənilər Cənubi Qafqazdakı Alban abidələrinin üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini dəyişərək saxtalaşdırırlar, yəni erməniləşdirirlər. Bu da kütləvi şəkildə Alban dövrü abidələrinin ilkin görkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə səbəb olur. Rus çarı I Nikolayın 1828-ci il martın 21-də verdiyi Fərmana görə Azərbaycanın qərbində İrəvan xanlığı ləğv edilərək, əvəzində rus imperatorluğu tərəfindən idarə olunan “Erməni mahalı” adlanan yeni vilayət yaradılıb. Vilayətin yaradılmasında məqsəd, birbaşa İran və Türkiyə sərhədlərində Rusiyaya qarşı baş verə biləcək hər hansısa hücumların qarşısını almaq məqsədilə itaətkar erməni millətindən ibarət cəbhə formalaşdırmaq idi.
“Azərbaycan torpaqlarında Rusiyanın vilayət yaratma təşəbbüsü ermənilərin işinə yaradı. Çünki heç vaxt dövləti və dövlətçilik ənənəsi olmayan bir millət üçün bu, tarixi bir fürsət idi. Dünyanın bir çox ölkələrindən bu ərazilərə köçürülən ermənilər bu hadisəni sevinclə qarşıladılar. Qısa zaman ərzində ermənilər nəinki Qərbi Azərbaycan ərazilərində, eyni zamanda, Qarabağ, Gəncə, Şamaxı və Quba bölgələrində də sürətlə məskunlaşmağa başladılar. Bu tarixi fürsətdən məharətlə yararlanan ermənilər Rusiyanın təhriki ilə Azərbaycan ərazilərinə yerləşdirildikdən sonra yerli xalqların tarixini və mədəniyyətini də mənimsəməyə başladılar. Tarixdən məlumdur ki, antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağ da daxil olmaqla Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub. Məhz həmin dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf edib. Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində, o cümlədən Zəngəzurda və Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlayıb. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf edib. Hələ orta əsrlərdən başlayaraq bu tarixi həqiqətləri inkar edən ermənilər, alban xristian abidələrinin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələrin ermənilərə məxsus olduğu barədə təbliğat aparırlar. Cənubi Qafqazda mədəni dəyərlərin erməniləşdirilməsində Rusiyanın dəstəyinin mühüm rolu olub. Belə ki, 1836-cı ildə Azərbaycanda fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunaraq və onun mülklərinin erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilməsi barədə rus çarı I Nikolay xüsusi olaraq Fərman da imzalayıb”, - deyə Faiq İsmayılov qeyd edib.
Onun sözlərinə görə, XVIII əsrin sonlarından başlayaraq Alban dövlətinin qərb əraziləri daha dəqiq desək, Zəngəzur və Qarabağ regionlarında və bütünlüklə Qərbi Azərbaycanda, ermənilərin davam edən sıx məskunlaşmaları nəticəsində, Alban dövlətçiliyi müstəqilliyini itirib və həmin yerlərin xristian əhalisinin qriqoryanlaşdırılması, yəni, erməniləşdirilməsi prosesi başlayıb.
Bu hadisə ermənilər tərəfindən Alban kilsələrindəki əlyazmaların bəzilərinin erməni dilinə tərcümə edilməsinə və kilsədə saxlanan bütün sənədlərin orginallarının yandırılmasına səbəb olub. Alban dövrü kilsə və monastırların interyerindəki yazıların və bədii daş nümunələrinin eləcədə kilsə və monastırların bütünlüklə xarici görkəmləri dəyişdirilib. Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində alban-türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrini olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı. Təsadüfi deyildir ki, əsrlərlə dinc, yanaşı yaşayan alban və türk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ orta əsrlərdən Azərbaycanda multikulturalizmin ənənələrinin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban–türk memarlıq abidələri kimi də qeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur. Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə, görkəmli Qafqazşünas tarixçi alim Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmayıb. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Faiq İsmayılov vurğulayıb ki, Albaniyada Şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf edib. Lakin Şərq memarlığına məxsus tikintilər sırasında Alban memarlığı özünəməxsusluğu ilə digərlərindən kəskin şəkildə fərqlənirdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikintiləri idi. Bu kilsələr, uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olub. Bu növ məbədlərin üstü ikiqatlı sadə yonulmamış daşlarla örtülürdü. Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da inkişaf edirdi və bu memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığa qədərki, dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü onların yalan danışdıqlarını üzə çıxarır. Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, yəni, hələ xristianlığın tam mənimsənilmədiyi və səma cisimlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cisimlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Ermənilərin Cənubi Qafqazda Alban mədəniyyətini erməniləşdirməklə özlərinə erməni tarixi və mədəniyyəti yaratmaq cəhdləri faktlar qarşısında çox gülünc görünür. Alban dövrü memarlığının ən kütləvi formalarından biri də sovmələrdir. Sovmələr karvan yolları kənarında kiçik ibadətgah rolunu oynasalar da, onlar əslində memorial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovmələrə təsadüf olunur. Sovmələrin divarları bir qayda olaraq zəif naxışlara malik nişan daşları ilə bəzədilir. Karvan yolları üzərində sovmələrin tikilməsində əsas məqsədlərdən biri də insanların səfər zamanı əziyyətli yolçuluqdan sonra dincəlib istirahət etmələrinə, soyuqdan və yağışdan qorunmalarına, axşam düşdükdə gecələmələrinə şərait yaratmaq idi. Bu tipli tikintilər yalnız ibadət üçün nəzərdə tutulmadığından, onların memarlıq quruluşlarında da müxtəliflik var idi. Alban dövrünün ən mürəkkəb tikililəri isə bir qayda olaraq bazillikalar və monastırlar hesab olunurlar. Monastr və bazillikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulub. Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını erməni kilsələri kimi təqdim etmələri ziddiyyət doğurur.
Zəngəzurun ən böyük və səfalı təbiətə məxsus rayonlarından birinin Qarakilsə olduğunu deyən F.İsmayılov diqqətə çatdırıb: “Bu bölgədə 1918-ci ilə kimi 76 kənd olub. Onun 61-də türk tayfaları, 15-də albanlar yaşayıblar. Əsasən sovet hakimiyyətinin bərqərar olmasından sonra Qarakilsəyə xarici ölkələrdən erməni axını başlayıb. Rayon mərkəzindən 15 kilometr aralıda - Salvartı dağının ətəyində yerləşən Comərdli Qarakilsənin ən böyük türk kəndlərindən biri idi. Məlumdur ki, Zəngəzur vaxtilə Gəncə quberniyasının qəzası olub. 1920-ci ildən sonra Zəngəzurun Qafan, Gorus, Qarakilsə və Mehri bölgələri Sovet rəhbərliyi tərəfindən yenicə yaradılmış Ermənistan dövlətinin tərkibinə verilib. Zəngəzurun hansı səbəbdən ermənilərə bağışlanması hələ də dəqiqliklə açılmayıb. 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 389 məscid fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası - 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məscidin filialları Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib. 1988-ci ildə kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulublar.
Qərbi Zəngəzurun etnik təmizləməyə məruz qalan Gorus, Qafan, Mehri, Qarakilsə (Sisian) rayonlarının tarixi əhəmiyyətli yaşayış evləri, inzibati yaşayış məntəqələri, qəbiristanlıqlar, qəbirüstü abidələr, məscidlər, türbələr tamamilə məhv edilib, Alban dövrü kilsə və monastırlar isə formaları dəyişdirilərək yararsız hala salınıblar. Bu, ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri Mədəniyyətin soyqırımı faktıdır”. https://azertag.az/xeber/2731479