Asif Talıboğlu Şükürov 01 yanvar 1952-ci ildə Zəngəzur mahalı Qubadlı rayonunun Yuxarı Mollu kəndində anadan olub. 1972- ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyyəsi İnstitutunu və 1980-ci ildə isə Jurnalist Sənətkarlığı kursunu bitirib. Qarabağ müharibəsi iştirakçısıdlr, veterandır. Hörmətli, dəyərli ziyalımız Asif Talıboğluna can sağlığı arzulayırıq.
Bir kənd gördüm heç yoxumuş,
Yayından çıxmış oxumuş,
Düşmənləri nə çoxumuş,
Bu kənd mənə tanış gəlir.
Qayalarda səsin zili,
Sanayıram ayı-ili.
Bu Müskanlı, bu Qǝdili,
Bu kənd mənə tanış gəlir.
Süfrə aşıb, hər yan xalı,
Meşələrdə beçə balı,
Bu Mahmudlu, bu Qayalı,
Bu kənd mənə tanış gəlir.
Ay Mahruzlu, ay Zilanlı,
Baxma mənə qanlı-qanlı.
Bu Həmzəli, bu Mərdanlı,
Bu kənd mənə tanış gəlir.
Yusifbəyli, Əfəndilər,
Görün məndən nələr dilər.
Çaytumasım gözün silər,
Bu kənd mənə tanış gəlir.
Bəzədilmiş zərli otaq,
Mollabürhan, Sarıyataq,
Cəhd elə Xəndəyə çataq,
Bu kənd mənə tanış gəlir.
İrəlidə Xocik, Padar,
Qarşımızı kəsibdi qar,
Yuxarıda Başarat var,
Bu kənd mənə tanış gəlir.
Əyin ağlayır bu saat,
Nigarandır Hat, Deştahat,
Cibiklidə var bir büsat,
Bu kənd mənə tanış gəlir.
Gedək-gəzək Qaraları,
Sağalmayıb yaraları,
Kavdadıqda yaraq qarı,
Bu kənd mənə tanış gəlir.
Ta qədimdən üzü bəri,
Kim tanımır Hal-Məməri.
Xocamsaxlı gözəl pəri,
Bu kənd mənə tanış gəlir.
Yol üstündə durub Qəzyan,
Hər gün mənə deyir can-can,
Müskanlının ürəyi qan,
Bu kənd mənə tanış gəlir.
Gecə-gündüz ağlar-inlər,
Mir Sədinin yurdu Mirlər.
Hayıf sənə Dəmirçilər,
Bu kənd mənə tanış gəlir.
Dondarlıdan Göyyala çıx,
Bir gəlindi hər alaçıq,
İnsanları ǝliaçıq,
Bu kənd mənə tanış gəlir.
Qarağaclı, Qaracallı,
İşıqlının bağrı qanlı,
Xocahanda gedək yallı,
Bu kənd mənə tanış gəlir.
Bu Xanlıqdı sağlı-sollu,
Çərəli də hamar yollu,
Bax, bu kənd də bizim Mollu,
Bu kənd mənə tanış gəlir.
Zor, Tarovlu, Ballıqaya,
Çıx qaşına, bax o taya,
Ah-naləsi qalxıb Aya,
Bu kənd mənə tanış gəlir.
Göyərciklə Göyərabas,
O dağlarda tutubdu yas,
Davudluya bir qulaq as,
Bu kənd mənə tanış gəlir.
Qubadlıya gül göndərdim,
Təzələndi köhnə dərdim,
Gödəklərdə nəfəs dərdim
Bu kənd mənə tanış gəlir.
Gedək Məlikəhmədliyə,
Əliquluuşağı deyə-deyə,
Görək bizdən küsüb niyə,
Bu kənd mənə tanış gəlir.
Düşmən bizə gəldi hədə,
Ulaşlıda, Əbilcədə,
Meşələrə düşüb zədə,
Bu kənd mənə tanış gəlir.
Var bu elin adı-sanı,
Bəxtiyarlı, Tatar hanı?
Göstər mənə Qilicani.
Bu kənd mənə tanış gəlir.
Düşüb bir sağalmaz dərdə,
Qaraqoyunlu bu yerdə,
Nələr qaldı Boynakərdə,
Bu kənd mənə tanış gəlir.
Mollalının bəxti yatıb,
Qiyaslıya ünüm çatıb,
Hüseynuşağı yasa batıb,
Bu kənd mənə tanış gəlir.
Şurnuxudan yoxdu soraq,
Eyvazlını yandırıb-yax...
Talıboğlu, gəl yaxşı bax,
Bu kənd mənə tanış gəlir.
TƏQDİM ETDİ:
Vüqar Həsənov Teymur Müskanlı https://www.facebook.com/groups/590664597630918