Sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən, 24 saata qədər davam etmiş lokal xarakterli antiterror tədbirləri uğurla başa çatıb.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən erməni silahlı qüvvələrinin birləşmələrinin mühüm bir hissəsi məhv edilib, təslim olub, silahı yerə qoyub, qondarma “DQR” hərbi nəzarətində olan xeyli ərazimiz qanunsuz silahlı birləşmələrdən azad edilib, II Qarabağ müharibəsində yarımçıq qalan vəzifələrin tamamilə icrası – Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası istiqamətində növbəti böyük hərbi-siyasi qələbə qazanılıb, Azərbaycan Ordusu bir daha öz peşəkarlığını, döyüş qabiliyyətini, qələbə qazanmaq əzmini, şücaətini dünyaya göstərib.
Bu döyüşlərdə canlarını Vətən yolunda qurban vermiş Şəhidlərimizə əbədi sevgimizi, ehtiramımızı bildirir, ailələrinə səbr diləyir, yaralılarımıza tezliklə sağalmalarını arzulayırıq.
Azərbaycanın hərbi-siyasi rəhbərliyindən Qarabağda yerləşən, Ermənistan da daxil, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan “DQR”-in varlığına, rus hərbi kontingentinin Qarabağda mövcudiyyətinə birdəfəlik son qoymağa, 30 il əvvəl doğma yurd-yuvalarını tərk etməyə məcbur olmuş ailələrin geri qayıdışı naminə azad edilən Qarabağ və ətraf bölgələrin mümkün olan ən qısa zamanda məskunlaşdırılması üçün daha sürətli, qətiyyətli addımlar atmağa çağırırıq.
Sədr Hacı Abdulla
20.09.23.