Oktyabrın 5-də Avropa Parlamentinin (AP) deputatları Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar qoyulmasına, Bakı ilə əməkdaşlığa yenidən baxılmasına və Azərbaycan qazından asılılığın azaldılmasına çağıran qətnamə qəbul edib.
Sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən, 24 saata qədər davam etmiş lokal xarakterli antiterror tədbirləri uğurla başa çatıb, erməni silahlı terrorçu qüvvələrinin mühüm bir hissəsi təslim olub, silahı yerə qoyub, qondarma “DQR” özü özünü buraxılmış elan edib. 30 ildən çox daim ermənilərin bu təcavüzünü, işğalçılıq siyasətini şirnikləndirən, açıq-aydın havadarlıq edən, hərbi-siyasi yardımçı olan dövlətlərin planları da iflasa uğrayıb. BMT missiyasının da təsdiq etdiyi kimi, erməni əhalisinin böyük bir qisminin Qarabağı tərk edib Ermənistana köçməsi sürəcində Azərbaycan tərəfindən heç bir zorakılıq halları müşahidə edilməyib, bütün mülki, sosial, ictimai obyektlər toxunulmamış qalıb və mühafizə altındadır. Azərbaycan Hökuməti Qarabağda qalıb yaşamaq istəyən ermənilər üçün hər cür şərait yaratmaq əzmindədir və bunu dəfələrlə bəyan edib.
Belə olduğu halda, son 30 ildə Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı aparılan genosid, etnik təmizləmə, deportasiya siyasətinə qarşı heç zaman etiraz etməmiş Avropalı parlamentarilərin qəbul etdiyi bu qətnamə tamamilə əsassızdır, birtərəflidir, ədalətsizdir, ermənilərin və onun havadarlarının mənafeyinə xidmət edir.
Bu qərəzli, ədalətsiz qətnaməni pisləyir, parlamentdə Azərbaycana qarşı səslənən haqsız iddialara, çıxışlara qəti etirazımızı bildiririk.
Azərbaycan Hökumətini 1992-1993-cü illərdə Şərqi Zəngəzur və dağlıq Qarabağ ərazilərindən doğma yurd-yuvalarını tərk etməyə məcbur olmuş ailələrin geri qayıdışı naminə azad edilən Qarabağ və ətraf bölgələrin mümkün olan ən qısa zamanda məskunlaşdırılması üçün daha sürətli, qətiyyətli addımlar atmağa çağırırıq.
Birliyin sədri Hacı Abdulla
06.09.23.