2020-ci il Azərbaycanın tarixində əbədi olaraq qürurla xatırlanacaq şərəfli təqvimə çevrildi.
İllərdən bəri düşmən tapdağı altında qalan doğma Qarabağ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sarsılmaz iradəsi, müzəffər Azərbaycan ordusunun rəşadəti nəticəsində işğaldan azad edildi. Şəhərlərimiz, kəndlərimiz, dağlarımız, meşələrimiz öz sahibinə qovuşub nəfəs aldı, hər qarışı şəhidlərimizin qanı ilə yuyulan doğma torpaqlar onu dirçəldib yaşatmağa qayıdan öz İnsanına qucaq açdı. 44 gün davam edən bu Vətən savaşında Azərbaycan xalqı bütün dünyaya örnək olacaq birlik, əzmkarlıq nümayiş etdirdi, bu çətin, taleyüklü zaman kəsiyində həm də öz dostunu, düşmənini tanıdı.
Bəli, bu ilin 27 sentyabr tarixində başlayan Haqq müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa olundu. Uzun illərin hərbi, siyasi, iqtisadi, mədəni, diplomatik uğurlarıyla addım-addım qazanılan bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, yüksək diplomatik səriştəsi, gərgin, davamlı fəaliyyətinin nəticəsi kimi bizi ilbəil, aybaay, günbəgün zəfərə yaxınlaşdıraraq gerçəyə çevrildi – Azərbaycan öz qəti və qətiyyətli sözünü həm siyasi, həm hərbi meydanda dedi!
Azərbaycan, sənə yalnız qələbələr və Zəfər yaraşır!