Azərbaycanın mədəniyyət paytaxtı Şuşa həm də Türk dünyasının mədəniyyət beşiyi rolunu oynayır.
Harada anadan olmağımıza baxmayaraq, Şuşanın hər bir azərbaycanlının qəlbində yeri ayrıdır. İnanırıq ki, Türk dünyası memarlarını bir araya gətirən simpozium Şuşamızın daha da gözəlləşməsinə, memarlığının inkişafına öz töhfəsini verəcək.
Bu sözləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva noyabrın 24-də Şuşada Türk dünyası memarlarının simpoziumunun açılış mərasimində çıxışında söyləyib.
Xidmət rəisi abidələrin monitorinqinin aparıldığını, bu prosesə 2021-ci ildən start verildiyini diqqətə çatdırıb. “Azərbaycana məxsus abidələrdə ermənilər tərəfindən aparılan saxta təsnifat əməlləri beynəlxalq konvensiyalara və hüquqlara ziddir. Bu kultursiddir. İnanırıq ki, istedadlı memarların tövsiyələri ilə Şuşanın siması daha da gözəlləşəcək. Düşünürəm ki, birgə işlərimiz çox olacaq. Qarabağın və Şərqi Zəngəzurun abidələrinin qorunması çox vacib məsələlərdəndir”, - deyə Səbinə Hacıyeva vurğulayıb.