12 mart Qaçaq Nəbinin 125 il əvvəl xəyanətlə qətlə yetirildiyi gün idi və “kulis.az” saytı həmin gün “Qaçaq Nəbini “namus üstə” öldürüblər: Sui-qəsdin yeni versiyası” başlıqda yazı yayıb https://kulis.az/news/36912. Yazıda Nəbinin ölümü ilə bağlı əsassız, qeyri-ciddi versiya ortaya atılıb: “Lakin Nəbinin ölümü ilə bağlı el arasında dolaşan daha bir əhvalat da var. Guya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra, arvadının onu namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir.” Nəbi haqqında yazılan, o cümlədən toplanıb nəşr olunmuş onlarla kitabda heç yerdə rast gəlmədiyimiz guya “el dilində” yayılan bu qurama misralar da məqaləyə əlavə olunub: “Qadınlar yığılıb bir hiylə qurdu, Nəbinin dostları üzünə durdu.”
Bu xalqın mənəvi dəyərlərinə qənim kəsilən, belə səfehqulu uydurma cızmaqara, başlıqlarla oxucu toplayıb reytinq yığma sevdasına düşməyi özünə rəva bilən hər kəs heç bir fakta söykənməyən belə yalanların istənilən qədər versiyasını düzəldə bilər. Utanmasan oynamağa nə var, ya yel qayadan nə aparar, göy üzü daş saxlamaz...hikmətlərinə söykənib belələrinə cavab verməmək də olardı. Ancaq Haqqı deyin, Haqqı danışın, haqsızlıq özündə susanlar dilsiz şeytanlardır-deyimi də var axı...Əvvəla, Qaçaq Nəbi uzaq tarixin uydurma qəhrəmanı deyil, haqqında Bakı, Tiflis, Peterburq, İstanbul, Tehran arxivlərində onlarla sənəd saxlanır. O cümlədən Nəbinin dəstəsinə qoşulan, 20 ilədək onunla çiyin-çiyinə vuruşan, hər gün ölüm təhlükəsi ilə üzləşən qaçaqlar haqqında bilgilər, məlumatlar var, bu qaçaqların əksəriyyəti kimi, qaçaq Şahhüseyn də Nəbinin qətl olunduğu günə qədər subay idi, evlənməmişdi. Qaçaq Nəbini kim və necə öldürüb? sualının cavabı isə bu yazının sonundakı iki arxiv sənədində: İrəvan general-qubernatoru Şirinkinin Tiflis canişinliyinə raportunda və xəyanətkar qətli icra edənlərin aldığı mükafatın surətində.
Nəbini aradan götürmək üçün guya “yığılıb hiylə quran qadınlar” əslində çar Rusiyasının 6 generalı idi: Cənubi Qafqaz diyarının rəisi A.S.Şeremetyev, Yelizavetpol qubernatoru knyaz A.D.Nakaşidze, İrəvan qubernatoru A.A.Freze, bunların Nəbiyə qarşı savaşda aciz qaldıqlarını etiraf edərək Peterburqa göndərdikləri təliqələr nəzərə alınaraq, Çar sarayında ən təcrübəli xəfiyyələrdən sayılan general-leytenant D.Skalo məxsusi olaraq Nəbinin qətli üçün göndərilir, İran Culfasındakı Rusiya ali konsulluğunun başçısı knyaz Dobidze, 6-cı da İranın Hərbi naziri general Əmir Pəhləvan Cəng Paşa xan idi, bu sıraya İrəvan quberniya dəftərxanasının rəhbəri A.Saroyan, Naxçıvan qəzası rəisi A.S.Slavoçinskini də əlavə etmək olar; bu yüksək çinli məmurların teleqram, raportlarından, bir-biri ilə yazışmalarından da aydın görünür ki, 40-50 nəfərlik qaçaq dəstəsinə qarşı illərlə qurulan planlar hər dəfə Nəbinin və dəstəsindəkilərin qorxubilməz cəldliyi, misilsiz cəsarəti, həm də yerli əhalinin yaxın köməkliyi ilə boşa çıxırdı. Nəbinin qətli planına qatılan 7-ci general - İrəvanın yeni qubernatoru Şirinkin Rusiyanın Qafqaz canişinliyinin dəftərxanasına raportunda (fotokopya əlavə olunur) “yerli qüvvələr və hərbi komanda dəstələri tərəfindən Nəbinin öldürülməsi üçün illərlə yerli hökumət və hərbi komandaların apardığı silahlı yol nəticəsiz qaldığından başqa vasitə seçildiyini”, Paşa Məşədi Fərəc oğlunun və başqalarının pul, mal-mülk, mükafatlar müqabilində Nəbinin öldürülməsi işinə cəlb olunduğunu, bunun əvəzində onlara haqq ödənilməsini yazır, Nəbi və ondan ayrılmayan qaçaq İsmayılın öldürülməsinin təfərrüatlarını açıqlayır. 10-dan çox arxiv sənədində tacir Paşanın, qaçaq Şahhüseyn və qaçaq Kərbəlayı İmanın xain qanlı cinayət müqabilində mükafatlar alıb imzası ilə təsdiq etdikləri sənədlərin əsli də arxivlərdə durur (AMEA Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunan “Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” monoqrafiyası, Bakı-2013, s.106-132. ÇQİA Qruz. SSR.f.12, op.1,d.1-1473, v.3-4, 65. 1896, 13-15 mart və s.).
Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi, tərcüməçi, folklorşünas, “Müsavat”ın Zəngəzurdakı əsas dayağı, bolşeviklərə qarşı “Cihad Bəyannaməsi”nin və silahlı üsyanın rəhbəri olmuş Bəhlul Behcətin (1869-15.03.1938) qələmə aldığı “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabı Qaçaq Nəbinin uşaqlığından başlamış ölümü daxil həyatı, mübarizəsinə həsr olunmuş ən sistemli, zəngin, etibarlı, əhatəli mənbədır (Çıraq nəşriyyatı-2011, 296 səh.). B.Bəhcətin bu kitabda gətirdiyi çoxsaylı sənədlərin, faktların dəqiqliyi, düzgünlüyü XIX əsrin son iyirmi illiyində o dövrün qəzetlərində, arxivlərdə, Azərbaycan, İran, Türkiyə mənbələrində, ayrı-ayrı tədqiqatçıların elmi araşdırmalarında, müxtəlif kitablarda yer almış digər mənbələrlə də üst-üstə düşür. Eləcə də Nəbinin doğum tarixinin 1851-ci il olması barədə həmin kitabda sənədlər üzrə göstərilən məlumatları AMEA Tarix İnstitutu da düzgün hesab edir (AMEA Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunan “Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” monoqrafiyası, Bakı-2013, s.109).
1920-ci illərdə qələmə alınmış 55 başlıqdan ibarət bu əsər hələ sovet ideologiyasının tam və qəti qələbə çalmadığı, repressiyaların tüğyan etmədiyi illərdə yazılıb, əlyazması sovetlərin 70 illik hakimiyyəti dövründə arxivlərdə gizli saxlanıb, nəşrinə izin verilməyib, yalnız 2011-ci ildə AMEA Folklor İnstitutunun, “Zəngəzur” Cəmiyyətləri Birliyinin və professor Əliağa Cəfərovun birgə zəhməti ilə nəşr edilib. B.Behcət Qaçaq Nəbinin müasiri, həmyerlisi idi, Zəngəzurun ən nüfuzlu, hörmətli ixtiyar sahiblərindən biri kimi bu qaçaq hərəkatının hərəkətlərini, məramını, hədəflərini də yaxşı bilirdi. Sözügedən kitabın mündəricatındakı bəzi başlıqlara diqqət yetirək; “Nəbinin Sarımsaqlı dağında (Kəlbəcər rayonunda-H.N) Naxçıvan naçalniki Slovenki ilə davası və qar tığına düşməsi”, “Qaçaq Nəbinin Ərikli dağında (Laçın rayonunda-H.N) üç naçalniklə davası”, Kürdlər, Göyçə, Naxçıvan, Zəngəzurdakı Çətəndaş, Qoparandağ, Qısırdağ, Güllüpir, Murov, Dikpiləkən və digər savaşları, “Nəbinin birinci dəfə tutulması”, “Nəbinin ikinci dəfə tutulması”, “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Gorusun pristavı Bedrus bəylə keşişi öz evində öldürməsi”, “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Nəbinin Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçıvan kəndində ermənilər tərəfindən öldürülməsi və intiqamı”, “Əmir Bahadır Cəng Paşa xan Qaçaq Nəbinin öldürülməsi işində”, “Qaçaq Nəbinin İranda öldürülməsi tədbirləri” və sair başlıqlardan aydın görünür ki, Nəbinin dəstəsi ilə döyüşənlər rus naçalnik, pristav, saldat, kazakları, erməni keşiş, hampaları, belə yabançı, yadelli ünsürlərə boyun əyib qarşılarında quyruq bulayan “sapı özümüzdən olan baltalar”...
Qubernat, naçalnik gəlsin, qorxmaram,
Düşmənin qanından içsəm, doymaram,
Zalımda qisası, yəqin qoymaram,
Hər yanda desinlər qaçaqdı Nəbi,
Arvadı özündən qoçaqdı Nəbi!*
Nəbiyəm, atımın ayağı ala,
Qubernat başına gətirrəm bəla,
Qoymarıq toxumun yer üstə qala,
Divanı çaşbaşa salan qoçağam,
Zalımlar gözünə iti bıçağam!*
Nəbinin sədası düşüb hər yana,
Naçalnik, pristav qal yana-yana.*
Qazamatın yanı tökmə qaladı,
Saldat da zalımdı, yaman bəladı.*
Üçtəpə düzündən qopubdur sazaq,
Düzülüb qarovul saldatla kazak.*
Qoburnat, naçalnik hey kağız yazar,
Onların yazdığın qoç Nəbi pozar.*
Qubernat, naçalnik gəlsin, qorxmaram,
Düşmənin qanından içsəm, doymaram,
Zalımda qisası, yəqin qoymaram,
Hər yanda desinlər qaçaqdı Nəbi,
Arvadı özündən qoçaqdı Nəbi!*
Nəbiyəm, atımın ayağı ala,
Qubernat başına gətirrəm bəla,
Qoymarıq toxumu yer üstə qala,
Divanı çaşbaşa salan qoçağam,
Hampalar gözünə iti bıçağam!*
Bu davada Nəbi tufan eylədi
Kazakları qırıb fiğan eylədi.
Burda Nəbi yenə bir ad eylədi
Erməni Ginkuru murdar eylədi.* və s.(B.B, səh.252-267)
Nəbi Arazın o tay bu tayında çox sayda rus, erməni məmurunu öldürmüşdü, hər addımda izlənilirdi, artıq ətrafındakı həlqə daralırdı. Şeremetyevin təlimatı üzrə Nəbinin 18 nəfərlik dəstəsinin İran tərəfə keçməyinin qarşısını almaq üçün Freze Arazboyuna 114 kazak, 16 uryadnikdən ibarət əlavə silahlı atlı dəstə göndərmişdi. Ancaq Nəbinin səsi-sorağı hələ bundan sonra da Maku, Qaradağ, Urmiya, Xoy, Qars, Iğdır, Dərələyəzdən gəlmişdi, bu tayda rus hökumətinə qarşı necə vuruşurdusa, o tayda da fars sərbazlarına elə qan uddurmuşdu, Ordubadın Qarçıvan kəndində qardaşı Mehdinin xaincəsinə öldürən erməni keşiş, hampalarından dəhşətli intiqam almışdı, öldürdüklərindən əlavə 17 dəvə yükü mal-mülkünü də Arazın o tay bu tayında kasıblara paylamış, Dərələyəz, Uz, Dulus, Ağkənd, Binis kəndlərində də erməni, rus dəstələrinə qarşı savaşlarda yenə xeyli rus, erməni qırıb, çox sayda silah, patron ələ keçirib ehtiyat tədarükünü görmüş, 1895-ci il 12 sentyabrında Qaçaq Nəbi silahdaşları ilə Dərələyəz mahalının Uz kəndində rus əlaltısı Moses Markarov adlı varlı bir erməninin həyətinə erməni varlılarını toplayıb Moses Markarovdan üç tüfəng və 337 patron, Osip Sarkisovdan bir tüfəng və 57 patron, 591 rubl pul, qiymətli əşyalar, atlar alaraq arxalarına düşən kazak dəstəsi ilə Dulus kəndi ətrafında döyüşə girib, Ağkənd, Binis, Təzəkənd və Hortuyüz kəndləri həndəvərində də pusqu qurub xeyli rus sərhədçi, kazakı öldürüb rus sərhədçilərinin gözlədiklərinin əksinə olaraq, Çənnab kəndinin yüzbaşısı erməni Ter-Sarkisov komandir olduğu ermənilərdən ibarət dəstə ilə atışmada (AMEA Tİ Elmi Arxivi, iş 3982(1)v.118-119) hökumət qüvvələrinin hər tərəfdən üzərinə gəldiyini görüb təqibdən yayınaraq hər keçidinə bələd olduğu ilboyu başı qarlı, dumanlı, çənli Salvartı dağlarında gözdən itmişdi. Lakin yolda o, Qafana bitişik Şabadin və Ecanan kəndlərində də varlı ermənilərin bir neçəsinə divan tutub, şikayət sənədlərində göstərilən 1000-1200 rubl dəyərində qənimət də əldə etmiş, Zəngəzur qəzasında əsrlər boyu Sultanovların mülkü olmuş Zeyvə kəndinin münbit torpaqlarının (bu günlərdə həmin məsələ yenə gündəmdədir-H.N) hökumət adamlarının üzgörənliyi ilə alınıb ermənilərə verilməsi barədə şikayəti həll etmək üçün Tiflisdən buraya gələn təhqiqat qrupuna da “lazımi təlimat“ vermişdi (“Kafqaz” qəzeti, 1895, 27 sentyabr nömrəsi və s).
Azərbaycanın XIX əsrin II yarısı, XX əsrin 20-ci illər tarixinin tanınmış araşdırmaçı-tədqiqatçısı, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı Hüseyn Baykara (azərbaycanlı adı-Qara Hüseynbəyli; Şuşa-1904-Türkiyə, Kayseri 1984) “Azərbaycan Milli İstiqlal Mücadiləsi” kitabının “Azərbaycan tarixində qaçaq hərəkatı” bölümündə Qaçaq Nəbinin mübarizəsində məhz bu məsələni, yəni çarizmin müstəmləkə siyasətinə qarşı çıxmasını önə çəkib, xüsusi qabardaraq bəzi tədqiqatçıların “öz məhdud görüşü ilə yanlış qiymətləndirdiyi” məqamları, Qaçaq Nəbinin “əsl şəxsiyyətini aydınlaşdırmaq məqsədilə” yazırdı: “Zəngəzur və Naxçıvanda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbi…həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Rus çar rejiminə və onun Azərbaycandakı əlaltıları olan bəylərə qarşı mübarizəyə başlayır. Nəbinin əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O, bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Rus idarəsinin casusları Həcərin Çiçəkli kəndində olduğunu xəbər tuturlar və Həcər bacısı Mehri ilə birlikdə həbs olunur. Gorusdakı qalada saxlanılır. Nəbi 1895-ci il oktyabrın 28-də Gorus qəsəbəsini öz dəstəsiylə əhatəyə alır, rus polkovnikindən Həcəri və baldızını tələb edir. Rus polkovniki Nəbinin bu tələbini yerinə yetirməyə məcbur olur…”Qaçaq Nəbi” dastanının da əsas mövzusu rus imperializminə qarşı aparılan azadlıq mübarizəsindən ibarətdir. Dastanda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur.”(Azerbaycan istiklal mücadelesi tarihi". İstanbul, 1975. https://www.edebi.net/index.php/kardes-edebiyatlar/azerbaycan-edebiyat/azerbaycan-cumhuriyeti/4892-huseyn-baykara-az-rbaycan-milli-istiqlal-mucadil-si).
Kitabda Anadolu və Qafqazda Nəbinin şəninə qoşulan xeyli şeir də yer alıb. Eyni faktlar barədə 1890-cı illərdə Peterburq, Tiflisdə çıxan “Qafqaz”, “Zaqafqaziya”, “Novaya vremya” qəzetləri Rusiyanın hökumət qüvvələrinin Qaçaq Nəbiyə qarşı mübarizədə gücsüz olduğunu, onun azsaylı dəstəsinin tez-tez kazaklarla qeyri-bərabər döyüşlərə girib qalib çıxdığını dəfələrlə yazmışdı. “Novaya vremya” qəzetində dağıstanlı Qaçaq Nəbi tutulanda “Nəbi tutulmuşdur” başlıqlı məqalə dərc olunmuş, dağıstanlı qaçaqla zəngəzurlu qaçaq səhv salınmışdı. “Qafqaz” qəzeti “Novaya vremya” qəzetinə rişxəndlə yazırdı: “Redaksiya sevindiyindən onu dağıstanlı Nəbi ilə qarışdırmışdır....Məşhur Qaçaq Nəbi öz dəstəsilə heç vaxt Quba qəzasında olmamışdır.” (Kafqaz, 11.07.1895, №181).
Bu kimi səbəblərdən də təkcə sadə kəndlilər deyil, bir çox yerli bəylər də bacardıqca Nəbini, dəstəsindəkiləri hökumətdən qorumağa çalışırdı. İrəvan qubernatorunun Tiflisə raportundan: “Nəbinin dəstəsinin fəaliyyət göstərdiyi bölgənin, demək olar ki, bütün müsəlman əhalisinin hamısı onu müdafiə edir və qoruyur.” (Tİ, EA-3993(1)v.50).
Əhliman Axundovun "Qaçaq Nəbi" kitabında Nəbinin Yazı düzündə tacir Simonun varidatını alıb yoxsullara paylaması səhnəsi qələmə alınıb. Çünki o, türk, kürd bəylərdən torpaq alıb erməniləri oralara köçürməklə məşğul idi. Ermənilər bizdən fərqli olaraq, heç nəyi unutmur, bunu yaxşı öyrənib yadda saxladıqlarından Nəbi haqqında film çəkiləndə Moskvaya çox sayda teleqram vurmuş, güclü kampaniya təşkil etmiş, Moskvadakı himayədarlarının əlbir səyi ilə filmin adını 2 dəfə dəyişdirərək həm də çox yerinin kəsilib doğranmasına nail olmuşdular.
“Atları yəhərləyin” filmindəki Nəbi, Həcər obrazlarını canlandıran aktyorlarımızın boy-buxunu tarixdən xəbərsiz sadəlövh seyrçiləri çaşdırır; həm B.Behcətin kitabında, həm də Nəbi, Həcəri şəxsən görən çox sayda yaşlı insanların hamısının xatirələrində, yazı, yaddaşlarındakı təsvir üst-üstə düşür; Həcər (“kulis.az”da yazılanın əksinə) balacaboy, qarayanız, olduqca cəld, at sürətlə qaçarkən üzəngisinin, qantarğasının altından keçib belinə qalxan, sərrast atəş açan, uşaqlıqdan at minməkdə əminəvəsi Nəbi ilə yarışa girən xanım olub. Qori müəllimlər seminariyasının məzunu, uzun müddət Gorus məktəbinin müdiri olmuş P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər həm də Nəbinin ən birinci köməkçisi idi”.
Nəbinin görkəmini, xarakterini isə B.Behcət belə təsvir edir: “Nəbi gödək boylu, yığcam cüssəli, zirək, yüngül hərəkətli bir oğlan idi. Qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtyatlı idi, qadına toxunmazdı. Yoldaşlarına qarşı çox hörmətcil və qayğı göstərən idi, gizli oğurluğu qadağan etmişdi. O yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi, təsadüfi yol kəsmək onların işi deyildi. “Aynalı” tüfəngi bir az əvvəl qurtarmış rus-Osmanlı müharibəsində iştirak edən dostu tərəfindən gətirilmiş “osmanlı” tüfəngi idi. Boz rəngli bir qulan olan Bozatı çox zirək, çox yüngül, görünüşcə də gözəl bir at idi.” (B.B, s.142-143). Yəni Nəbi “kulis.az” da yazılan əxlaqın sahibi ola bilməzdi.
B.Behcət yazır: “Xalq Qaçaq Nəbini himayə etməkdə səmimi idi...Xalq tərəfindən qoşulmuş çox gözəl “el qoşmaları” vardır. Bu qoşmalar Nəbinin xalq tərəfindən nə qədər sevildiyini göstərdiyi kimi, öz-özlüyündə “el ədəbiyyatı” nöqteyi-nəzərindən də olduqca qiymətlidir.” (B.B, s.240). Görkəmli folklorşünas alim, prof. M.H.Təhmasib Nəbiyə “xalqın yüzlərlə hekayət və nəğmələr, “Qaçaq Nəbi” kimi epos-dastan” qoşmasının tarixi köklərini də bu kimi səbəblərlə əlaqələndirir.
M.Rahimin “Qaçaq Nəbi” poeması, S.Rəhimovun “Aynalı” povesti və “Qafqaz qartalı” romanı, H.Qasımovun “Dağlara çəkildi” povesti, C.Bərgüşadın “Boz atın belində” romanı, Ə.Vəliyevin “Tunc atlı” əsəri, S.Rüstəmin “Qaçaq Nəbi” pyesi və M.Təhmasibin “Nəbi” ədəbi kinossenarisi, Məmmədsadıq Axundzadənin (Türkiyədə Mehmet Sadık Aran adı ilə tanınır-H.N.) “Qaçq Nəbi” pyesi, Əhliman Axundovun yazıya köçürdüyü “Qaçaq Nəbi” dastanı, Muradxan Cahangirovun 1920-30-cu illərdə Zəngəzurda Qaçaq Nəbi və Həcəri görüb tanıyan şəxslərdən topladığı 220 səhifəlik mahnı, şeir, bayatı, nağıl, real əhvalatlardan ibarət əlyazması, “Atları yəhərləyin” bədii filmi Qaçaq Nəbinin mübarizə dolu həyatınına həsr edilib. 130 ildən çoxdur Vətənimizin cənubunda, şimalında, Qafqaz, Kərkük, Anadoluda xalq dillər əzbəri olan, sevilən mahnılarla bu qəhrəmanları vəsf edir: Xan Şuşinski, Ağabala Abdullayev, Kamil Cəlilov, Aşıq Əsəd, Nevid Müsmirədək, Cemal Kaçar, Parisa Arsalani, Aşıq Əsgər Urmiyalı, Qarslı Mühsin Sinan və b.ifasında səslənən el, aşıq nəğmə, mahnıları öz təravətini saxlayır, çünki bu sözlər xalqın bağrından, içindən qopan sevginin əksidir.
Qardaş Türkiyədə “Qafqazın İncə Məmmədi” (Anadoluda məşhur olan qaçaq, Yaşar Kemalın 40 dildə nəşr edilmiş məşhur “İnce Memed” romanının qəhrəmanı) adlandırılan Qaçaq Nəbi haqqında çox sayda araşdırmalar aparılıb.
Heç şübhə yoxdur ki, Qubadlıya elliklə qayıdışımızda görəcəyimiz ilk işlərdən biri Qaçaq Nəbi ilə Həcərin mənfur qonşularımız tərəfindən dağıdılıb izi də itirilmiş yanaşı abidəsinin yeni görkəmdə ata belində, çiyni tüfəngli qoşa abidəsinin bərpası olacaqdır.
Yazını oxuyanlardan və mənim də daimi oxucusu olduğum “kulis.az”da yazı verməklə bu xatırlatmaların da təzədən yayılmasına nədən olanlara bu linklərə girib Qaçaq Nəbi, Qoçaq Həcər haqqında Arazın o tay, bu tayında, Anadoluda geniş yayılan, 150 ildir sevilərək dinlənilən bu mahnılara yenidən qulaq kəsilməyi tövsiyə edirəm:
http://www.youtube.com/watch?v=4HGBRHki-FQ
http://www.youtube.com/watch?v=N1sV_25btww
http://www.youtube.com/watch?v=VQdc9SxtPbI
http://www.youtube.com/watch?v=nE5wdFsPMks
http://www.youtube.com/watch?v=H_brhQWDMmo
http://www.youtube.com/watch?v=FLKPb4ZHRWE
http://www.youtube.com/watch?v=MerQE8B39bs
http://www.youtube.com/watch?v=eeJ3xleJlmY
http://www.youtube.com/watch?v=9ny3C4KfygU
http://www.youtube.com/watch?v=3eDKkyKi0OE
http://www.juzp.net/Hr4-dziHJWdHr
http://www.juzp.net/404.shtml
http://www.juzp.net/rCvc3iUwJkrGE və s.
Daha ətraflı məlumat üçün mənbə:
http://zengezur.com/index.php/mzhallr/297-khalzh-zh-hr-man-zha-azh-n-bi
Xalq qəhrəmanı Qaçaq Nəbi (anadan olmasının 170, qətlinin 125 illiyinə)
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru