Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təbrik
Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Komandanlığınızla 2020-ci il 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat 43 dəqiqə davam etmiş antiterror əməliyyatlarında Qarabağda erməni separatizminin kökü kəsildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu. Qazanılan parlaq qələbədə Sizin siyasi iradəniz, şəxsi qətiyyət və parlaq zəkanız, hərbi sərkərdəlik bacarığınız, Milli Ordumuza ilham, güc-qüvvət verən komandanlıq məharətiniz son 200 illik Vətən tariximizin ən şərəfli səhifəsinə çevrildi, adınıza “Müzəffər Ali Baş Komandan” titulu yazdırdı və xalqımızın milli qürur hisslərinin dirçəlişinə rəvac verdi.
Qələbədən dərhal sonra işğaldan azad edilən bölgələrimizdə başlatdığınız geniş miqyaslı quruculuq, bərpa işlərinin yaxın illərdə böyük qayıdışa aparacağına inanırıq.
7 iyul 2021-ci il tarixli Fərmanınızla “Şərqi Zəngəzur iqtisadi rayonu”nun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılması da növbəti müdrik, uzaqgörən qərarınız, 1933-cü ildə adı coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silinmiş tarixi Zəngəzur adının yenidən yaddaşlara qaytarılmasına vəsilə oldu.
Eyni zamanda bütün bunları nəzərə alaraq, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərdə Sizi Azərbaycan Prezidentliyinə yeganə şanslı namizəd hesab edir, hazırkı vəziyyətdə Sizin yenidən Prezident seçilməsini xalqımız, dövlətimiz üçün ən məqbul variant olduğu qənaətindədir.
Sizi doğum gününüz – 62 yaşınızın tamam olması münasibətilə təbrik edir, vətənimiz, xalqımız naminə xeyirli fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayırıq.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından
Sədr Hacı Nərimanoğlu
24 dekabr 2023-cü il.