zengezur.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.
"1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra (29 mayda – red.), əfsuslar olsun ki, İrəvan şəhəri ermənilərə verildi. Halbuki bunun heç bir əsası yox idi. İrəvan qədim Azərbaycan şəhəridir, Azərbaycan xalqı əsirlər boyu orada yaşayıb və İrəvanın bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin çoxəsirlik mövcudluğunu təsdiqləyir. Və İrəvan o şəhərlərdəndir ki, sanki orda “köhnə şəhər” yoxdur. Sadəcə ona görə ki, ora Azərbaycan şəhəri olub və o da sökülüb-dağılıb.
O qərara gəldikdə isə - yəqin hamı mənimlə razılaşar – o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət.
Birincisi, o vaxt İrəvanda yaşayan azərbaycanlılardan soruşulmadı; ikincisi, nə qaçaqaç idi, hara tələsirdilər? Yəni 28 mayda respublika elan olunur, 29 mayda İrəvan ermənilərə verilir. Onun izahatı heç bir məntiqə sığmır: guya bunu verməklə ermənilər Azərbaycana ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox. Daha da azğınlaşdılar.
İrəvandan Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunan nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni böyük tarixi cinayət idi. Və o bir başlanğıc idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra, noyabr ayında artıq Sovet hökuməti Qərbi Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, xəritələr var, 20-ci əsrin xəritələrində görünür, Azərbaycan xalq Cümhuriyyətinin xəritəsi var və orada Qərbi-Şərqi Zəngəzur yoxdur, bütün Zəngəzur Azərbaycan ərazisidir.