XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Mən Şəmkir rayonunun Əliyaqublu kəndində yaşayıram. Alitəhsilli Azərbaycan dili və ədəbiyyatı müəlliməsiyəm. 1984-cü ildən pedaqoji sahədə çalışıram.
Hər bir azərbaycanlı öz tarixini bilməlidir. Xüsusən də Rusiya imperiyasının "Parçala, hökmranlıq et" şüarı altında həyata keçirdiyi müstəmləkə siyasətinin Azerbaycan xalqı üçün necə acı nəticələr verdiyini unutmamalıdır. Ermənilərin azərbaycanlılara qarşı qəddarlığının, soyqırım törətməsinin tarixi kökləri var. XIX əsrin əvvəllərindən ermənilər Rusiya imperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına köçürülüb.
Məqsədyönlü şəkildə həyata keçirilimiş soyqırım xalqımızı ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qoyub, əsrlər boyu yaşadıqları torpaqlardan, dədə-baba yurdlarından didərgin salınıblar. Xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib.
Bu iztirab və məhrumiyyətlərə mənim atam, babam da məruz qalıb. Hər addımda onlar təzyiqlərlə, hədə-qorxularla üzləşiblər. Ata babam Qafarov Qəni Zəngəzur rayon Kolanı kəndinin kənd sovetinin sədri olub. Sonradan həmin rayon və kəndin adı dəyişdirilərək Masis rayon Rəncbər kəndi adlandırılıb.
Babam 1941-1945-ci illər II Dünya müharibəsinin iştirakçısı olub, müharibədə həlak olub.
Təzyiqlərə məruz qalan nənəm Qafarova Leyli Əkbər qızı 5 övladı ilə Şəmkir rayonuna köçüb, 1948-ci ildə digər qohumları ilə birlikdə Əliyaqublu kəndində məskunlaşıb. Atam Qafarov Telman Qəni oğlu 1939-cu ildə anadan olub. 9 yaşı olmasına baxmayaraq, hər bir hadisəni xatırlayır və uşaqlıq illərini, yaşadığı yerləri qəhərlənərək xatırlayıb bizə danışırdı. Ən böyük arzusu öz ata-baba yurdlarına dönüb orada yaşamaq idi. Lakin qismət olmadı, 2012-ci ildə həyatdan köçdü. Atam təhsilli müəllim, həm də ixtisasca aqronom idi.
Anamın ata və babası da bu təzyiqlərə məruz qalıblar. Məmmədov Mirhəsən sayılıb seçilən seyid nəslindəndir. Anam həmişə onun söylədiklərini bizə də danışardı. Ermənilərin vəhşiliyini, heç yerdə görünməyən hərəkətlərini və onlara necə əzab əziyyət verdiklərindən söhbət edərdi. Mən çox sevindim ki, atam bu sevincli günləri görməsə də, anam bu sevinci yaşayır.
Anam Məmmədova Sima Qafar qızı 1947-ci il dekabrın 17-də anadan olub, alitəhsilli müəllimdir, hazırda təqaüdçüdür.
Qəhrəman Azərbaycan xalqı, möhtəşəm Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 2020-ci ildə 44 gün ərzində erməni işğalçılarını diz çökdürdü, düşmən kapitulyasiya aktına qol çəkmək məcburiyyətində qaldı.
Bu gün Qərbi Azərbaycandan olan həmvətənlərimiz öz tarixi torpaqlarına - Göyçəyə, Vedibasara, Zəngəzura və digər mahallarımıza qayıtmağı səbirsizliklə gözləyirlər. O gün gələcək, sağ qalanların hamısı geri dönəcək.
Biz hər birimiz Ulu öndər Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olmağımızla qürur duymalı, xalqımızın qanı bahasına əldə olunmuş müstəqil Azərbaycan dövlətini yaşatmaq və inkişaf etdirmək üçün hər işdə hər an səfərbər olmalıyıq, Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik.
Ziyafət ASLANOVA,
Şəmkir rayon Əliyaqublu kənd tam orta məktəbin direktor əvəzi
https://525.az/news/248817-zengezur-bizi-gozleyir