105 il bundan əvvəl 15 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə Daxili İşlər Nazirliyinin müraciəti əsasında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının ərazilərini əhatə edən Qarabağ general-qubernatorluğu yaradıldı, Gəncə general-qubernatoru Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə təyin olundu.
Zəngəzur və Dağlıq Qarabağa sahiblənmək barədə iddialarını açıq-aşkar bəyan edən, bunun üçün bütün hərbi-siyasi qüvvələrini toparlayan Ermənistan hökumətinin bəyanatlarına, müttəfiqlərin Qafqazdakı Tiflisdəki missiyasının rəhbərləri general Tomsona, Uorker, Şatelvorta ünvanladığı davamlı şikayət və tələblərinə qarşı Azərbaycan Hökuməti yanvarın 31-də cavab notası verərək, Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi və Qarabağ general- qubernatorluğunun yaradılmasına Ermənistanın etirazını Azərbaycanın suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi, ermənilərin silahlı təzavüzünün qarşısının alınması üçün cavab tədbirləri gördü.
1918-ci il sentyabrın 4-də, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən cəmisi 90 gün sonra Amerika, Fransa, İngiltərə, Yunanıstan, Rusiyanın çox böyük səxavətlə silahlandırdıqları general Andranikin komandanlığı altında erməni hərbi hissələri Zəngəzura daxil oldu, 166 türk-kürd kəndini yağmalayıb dağıtdı, minlərlə dinc insanı yer-yurdundan qovdu, qətlə yetirdi, özünü “Zəngəzur qubernatoru” elan etdi. Eyni zamanda daşnaklar da Əsgəran qalası, Şuşa da daxil olmaqla, Qarabağın dağlıq hissəsinə nəzarəti ələ keçirib oyuncaq “Qarabağ Respublikası” yaratdılar. Bakı quberniyası isə daşnaklardan heç nə ilə geri qalmayan Şaumyanın əlində idi. Koalisiya qüvvələrinin - ingilis, fransız, italyan və digər ölkə hərbçi və diplomatlarının təlimatı ilə hazırlanıb qarşıya qoyulan məqsəd Rusiyanı Qafqazdan çıxarıb yenicə müstəqilliklərini elan etmiş 3 Cənubi Qafqaz respublikasını Antantanın nüfuz dairəsinə daxil etmək, Bakı neftinə sahiblənmək, Naxçıvanla Şuşa arasında yaşayan müsəlman əhalini qırıb, bu əraziləri boşaldıb yeni yaradılan Ermənistan Respublikasına qatılmasına maneəsiz zəmin hazırlamaq, Zəngəzur və Qarabağdakı erməni qoşunlarını birləşdirib Gəncəyə hücum etmək, Azərbaycan Milli Şurasını - Azərbaycan Xalq Cümhuriyyətini beşikdəcə boğmaq, Zəngəzur, Qarabağ, Bakıdakı hərbi dəstələri birləşdirib “böyük ermənistan” ideyasını tez bir zamanda reallaşdırmaq, Osmanlı Dövlətinin hərbi yardımı gəlib çatanadək bütün Şimali Azərbaycanı tam işğal etmək, koalisiya qüvvələrinin Anadoluda uğradıqları sonuncu səlib yürüşündəki acı məğlubiyyətin əvəzini Qafqaz müsəlman türklərindən çıxmaq idi.
Bu məkrli plan öncə Zəngəzurda gedən məşhur bir döyüşlə pozuldu. Sultan bəy Paşabəy oğlu Sultanovun başçılığı ilə Zabux dərəsində ermənilərin general Andronikin dövrün ən yaxşı silahları ilə təmin olunmuş birləşmiş qüvvələrini kiçik partizan qrupları ilə nalvari mühasirəyə alıb darmadağın etdi, tariximizin şərəfli səhifələrdən biri olan bu döyüş Zəngəzur və Qarabağdakı erməni silahlı dəstələrinin birləşməsi planını məhv etdi. Bu biabırçı məğlubiyyətdən qurtulan Andronik Eçmiədzin keşişlərinin yanına, oradan Tiflisə, sonra da xəfiyyəsi olduğu, planlarını yerinə yetirməyə zamin durduğu Fransadakı himayədarlarının yanına qaçdı.
1919-cu ilin Novruz bayramında erməni-daşnak hərbi dəstələri general Dronun rəhbərliyi ilə Qarabağa yeganə keçid olan Əsgəranı zəbt edib Şuşa, Zəngəzurla əlaqələri kəsmişdilər. Azərbaycan əsgər, milis və yerli könüllü dəstələri dəqiq, çevik hərbi əməliyyatla mayın 30-da erməni qoşunlarını darmadağın edib Xankəndi və Şuşanı düşməndən geri almış, hər iki şəhətdə hərbçilərin paradları keçirilmiş, Azərbaycan batalyonu Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşmiş, erməni milli şura üzvləri həbs olunmuş, mitinq keçirən ermənilərin təmsilçiləri Xosrov bəyin hüzurunda Cümhuriyyət Hökumətini tanıdıqlarını və sözsüz tabe olduqlarını bildirmiş, Qarabağın dağlıq ərazilərinin bütünlüklə Azərbaycanın tərkib hissəsi olduğunu imzaları ilə təsdiq və qəbul etmişdilər. Həmin günlərdə Baş nazir Nəsib bəy Yusifbəyli, Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli və hərbi nazir Səməd bəy Mehmandarovun Şuşaya səfəri təşkil olunmuş, onların şərəfinə hərbi parad keçirilmişdir.
Qarabağda ermənilərin son 100 ildən çox ardı-arası kəsilməyən həyasız iddialarını nəhayət ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu əbədilik tarixin arxivinə göndərdi.
İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında dedi: "2023-cü il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi".
Hacı Nərimanoğlu,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru