Hörmətli Dostəli Nəriman oğlu Abdullayev!
Sizi 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Siz istedadlı yazıçı, jurnalist kimi ictimaiyyət arasında böyük hörmət və nüfuz qazanmısınız, Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomu ilə təltif olunmusunuz.
Qubadlı rayonunun Saray kəndində dünyaya göz açmış, Diləli Müskanlı kəndində ibtidai, Dondarlı kəndində orta məktəbi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini əla qiymətlərlə bitirmisiniz. Tələbəlik illərindən elmi, ədəbi-bədii yaradıcılıqla məşğul olmuş, təyinatla gəldiyiniz doğma rayonda müəllim, dərs hissə müdiri, rayon qəzetində şöbə müdiri, redaktor müavini, rayon partiya komitəsində, rayon sovetində şöbə müdiri, kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri vəzifələrində çalışmış, uzun illər rayon sovetinin deputatı olmusunuz. 31 avqust 1993-cü ildə Qubadlının işğalından sonra təqaüdə çıxanadək “Azneft”in N.Nərimanov adına NQÇİ-də şöbə müdiri vəzifəsində çalışmısınız. Hansı vəzifədə işləməyinizdən asılı olmayaraq, hər zaman özünüzü əsl ziyalı, xeyirxah insan kimi göstərmiş, imkanınız dairəsində həmişə adamlara yaxşılıq etməyə çalışmıs və heç zaman qələmdən ayrılmamısınız. Qubadlıda çıxan “Avanqard” və “Bərgüşad” qəzetlərində, respublika qəzet və jurnallarında dərc edilən oçerk, portret yazıları, esse, şeir, hekayələriniz, 2002-ci ildə nəşr olunan 500 səhifəlik “Tənhalıqda” və 2004-cü ildə çıxan “İnsanlar arasında” kitablarında toplanmış ədəbi əsərlərinizlə yazıçılıq istedadınızı, yaradıcılıq imkanlarınızın genişliyini təsdiq etmisiniz.
Qarabağ və Zəngəzur dərdlərimizi, məcburi köçkünlərimizin faciələrini, ağrı-acılarını qələmə alan çoxsaylı yazarlarımızdan fərqli olaraq, Siz “Tənhalıqda”, “İnsanlar arasında” romanınızda (Bakı – 2004, Hərbi nəşriyyat) hələ 20 il əvvəl həmvətənlərimizin qoyub gəldiyi yurd yerlərinə mütləq qayıdacağını, o günə böyük inamınızı da bədii şəkildə ifadə etmisiniz. Romanınızın qəhrəmanları - Qubadlını sonuncu tərk edən gənc Tənha və Rəşad doğma el-obalarından uzaqda, paytaxtda qaçqın kimi yaşamağın mənəvi əzablarına dözmürlər, həyat yoldaşlarıı və körpə övladlarını Bakıda qoyub heç kimə bildirmədən avtobusla Horadizə gəlirlər, gecə düşəndə gözdən, yol-izdən uzaq yollarla işğal altında, yağı tapdağında qalan dağ, dərə-təpələri keçirlər, imkan düşdükcə düşməni pusquya salıb intiqam alır, ələ keçirdikləri silahlarla partizanlıq edib ermənilərin yuxusuna haram qatırlar. Son nəfəslərində vəsiyyətlərini yazıb Qalanın zirvəsində gizlədirlər. Nəşindən geri qalan sümüklərini də Qalanın başında dəfn etməyi bu düşüncə ilə yazıb vəsiyyət edirlər ki, qoy bu ucalıqda uyuyan ruhumuz Vətən torpaqlarının yenidən doğuluşunu, bütövləşməsini görsünlər, elliklə yurda geri qayıdışa şahid olsunlar. Və romanın “Epiloq”unda Siz bədii təxəyyülünüzün, müdrik uzaqgörənıik və intusiyanızın gücü ilə qəhrəmanlarınızın övladlarının da qatıldığı milli ordumuzun yağı düşmənləri torpaqlarımızdan süpürüb atdığı, doğulduğunuz 35 evlik Saray kəndində artıq 60 evin tikildiyini, bu dəfə yenidən və əbədi olaraq Vətəndə qaynar həyatın başladığını – tariximizin 30 illik kəşməkeşli dövrünün bütün mərhələlərini bədii boyalarla qələmə almısınız.
Sizin roman və hekayələriniz, “İnsanın ruhudur, canıdır Vətən” silsiləsindən olan, sosial şəbəkələrdə də geniş oxucu, dinləyici auditoriyası qazanan şeirləriniz, esseləriniz özünüzün də qeyd etdiyiniz kimi, həm də şəhid, qazilərimizə əbədi sevgi, ehtiramın, ağır müsibətlər yaşamış məcburi köçkün həmvətənlərimizə mənəvi borcun ifadəsidir.
Əziz Dostəli müəllim, Sizi üzvü, xeyirxah məsləhətçisi olduğunuz “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi adından yubileyiniz münasibətilə təbrik edirik, Ulu Yaradandan Sizə sağlam ömür diləyirik. 70 yaşınız mübarək!
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti, 26.01.24