Nəbi İsmayıl oğlu Nəbiyev 1948-ci il aprel ayının 1-də Zəngəzur mahalı Qubadlı rayonunun Saray kəndində dünyaya gəlmişdir. 1966-cı ildə Qubadlı rayonunun Dondarlı kənd orta məktəbini bitirərək elə həmin il Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə qəbul olmuşdur. 1971-ci ildə institutu müvəffəqiyyətlə bitirərək istilik qaz təchizatı və ventilyasiya ixtisası üzrə mühəndis sənətinə yiyələnmişdir. Həmin il təyinatla Sumqayıt şəhər Qaz İstismar İdarəsində əmək fəaliyyətinə başlamışdır. Bir il usta vəzifəsində çalışdıqdan sonra sovet ordusu sıralarına çağırılmış və iki il hərbi xidmətdə olmuşdur. 1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıtmış və əmək fəaliyyətini davam etdirmişdir. Kollektiv arasında böyük hörmət qazandığına görə Nəbi Nəbiyev həmdə idarə həmkarlar komitəsinin sədri seçilmişdir. Bir il baş usta vəzifəsində çalışdıqdan sonra 1975-ci ildə Nəbi müəllim Sumqayıt Qaz İstehsalat Birliyinə baş mühəndis vəzifəsinə təyin edilir. Baş mühəndis işlədiyi on il ərzində bir çox işlərin görülməsində, xüsusilə Şamaxı, Dəvəçi, və Xaçmaz rayonlarının qazlaşdırılmasında Nəbi müəllimin böyük əməyi olmuşdur. Nəbi Nəbiyev 1984-cü ilin iyul ayından Sumqayıt Qaz İstismar İdarəsinin rəisi vəzifəsində çalışmışdır. İdarənin başçısı kimi şəhərdə mövcud olan bir çox problemlərin həll edilməsi üçün var qüvvəsini əsirgəməmişdir. Nəbi müəllim Sumqayıt şəhərində və onun ətraf qəsəbələrində 200 km-dən artıq yeraltı, istismara yaramayan qaz kəmərinin əsaslı surətdə dəyişdirilməsini təşkil etmişdir. Nəbi Nəbiyevin Rəhbərlik etdiyi idarə "Azəriqaz" Dövlət Şirkəti sistemində ən qabaqcıl bir müəssisə kimi tanınmışdır.
Yüksək təşkilatçılığı, və gözəl xasiyyətinə görə, rəhbərlik etdiyi kollektivin, Azəriqaz sistemi və ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Nəbi müəllim Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışdığı illərdə gördüyü müsbət işlərlə də yadda qalmışdır.
Nəbi müəllim Xalqını, Vətənini hədsiz dərəcədə çox sevən gözəl bir insan idi. Bu onun qanından, qeyrətli bir vətəndaş olmağından irəli gəlirdi.
Qarabağ hadisələri başlananda Vətənin bir çox qeyrətli oğulları kimi Nəbi Nəbiyevin də rahatçılığı pozulmuş, dinclik nə olduğunu bilməmişdir. Həmin sıxıntılı günlərin birində Sumqayıtda yaşayan Qubadlı ziyalılarının ilk yığıncağındakı müzakirələrdə, geniş çıxışlarda Nəbi müəllim bildirmişdir ki, Vətən dardadır. Torpaqlarımızın müdafiəsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün sözügedən işə keçməli, konkret tədbirlər görməliyik.
O vaxt respublikada ərazi özünümüdafiə taporlarının ilk təşəbbüskarı və yaradıcılarından biri, xalqımızın qeyrətli oğlu Əliyar Əliyevlə Sumqayıtda keçirilən qapalı görüşdə vəzifələr daha dəqiq müəyyənləşdirilmişdir.
Nəbi Nəbiyev öz həmkarları ilə birlikdə Qubadlıda yaradılmış bir saylı özünümüdafiə taborunun qəhrəman döyüşçülərini hərbi sursat, paltar və ərzaqla ardıcıl surətdə təmin etməyə başlamışdılar. Nəbi müəllim ayda, bəzən həftədə bir neçə dəfə doğma rayona baş çəkərək döyüşçülərimizlə görüşmüş, onları ruhlandırmış, hərbçilərimizlə bərabər rayonun sərhəd kəndlərinin əhalisinə də müntəzəm olaraq maddi və mənəvi köməklik göstərmiş, sərhədlərimizdə, bir çox mövqelərdə postların, səngərlərin yaradılmasında, bu məqsədlə avadanlığın, tikinti materiallarının daşınması və quraşdırılmasında fəal iştirak etmişdir.
Nəbi müəllimin, Sumqayıtda yaşayan Qubadlıdan olan qeyrətli ziyalılarımızın köməklikləri öz səmərəsini vermiş, qəhrəman Qubadlılar düşməni öz yerində oturdur, torpaqlarımızı etibarlı şəkildə qoruyurdular.
Düşmənlərimiz igidlər məkanı olan Qubadlının keçilməz sədd, allnmaz qala olduğunu dərk edirdilər.
Belə bir məqamda təxribat və xəyanət nəticəsində böyük tarixi şöhrəti olan bu gözəl diyarın düşmən əlinə keçməsi bütün respublika əhalisini heyrətə gətirdi. Hamı kimi Nəbi müəllim də 1993-cü ilin qara avqust günlərində dərin sarsıntılar keçirmişdir.
Nəbi Nəbiyev Sumqayıtdakı həmkarları ilə birlikdə yurdlarından məcburi köçkün düşmüş yurddaşlarımızın açı taleyi ilə maraqlanmağa, onları axtarmağa başladılar. Öyrəndilər ki 29 min nəfərdən artıq məcburi köçkünlərin 60 faizdən çoxu Sumqayıt şəhərinə pənah gətirib.
Tarixən məğlubedilməz hesab edilən bir el-obanın ümidi, inamı qırılmış, arzuları puç olmuşdur.
Ata-baba yurdunu, doğma ocaqlarını itirən Qubadlılar sarsılmış, bədbinliyə qapılmışdılar. Məğrur və vüqarlı camaat olduqları üçün onların maddi köməklikdən daha çox mənəvi köməkliyə ehtiyacları vardı. Mənzil və sığınacaqlarla təmin olunduqdan sonra, Nəbi Nəbiyev öz həmkarları ilə birlikdə məcburi köçkünlərə ürək-dirək verməyə başlayaraq, köçkünlərin əhval-ruhiyyəsində dönüş yaradıldıqdan sonra onların mənzil-məişət şəraitinin nisbətən yaxşılaşdırılması işlərinə başlamışdılar. Əhalinin müvəqqəti məskunlaşdığı sanatoriya, yataqxana və yarımçıq binalara qaz və su xətlərinin çəkilişində əsas ağırlıq Nəbi Nəbiyevin çiyinlərinə düşmüşdür. Nəinki Qubadlılar eyni zamanda Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl və başqa bölgələrin məcburi köçkünləri də Nəbi müəllimdən xeyli razılıq etmişlər. Nəbi müəllim bir çox köçkün ailələrini, şəhid ailələrini işlə təmin etmiş, çox saylı ailələrə böyük maddi köməkliklər göstərmişdir.
Nəbi müəllimin gördüyü xeyirxah işləri, xeyirxah əməlləri saymaqla bitməz...
Nəbi Nəbiyev müqəddəs Həcc ziyarətində də olmuşdur.
O həmdə təbiət vurğunu idi.
Nəbi müəllim deyərdi ki, dünyada təbii cəhətcə ən gözəl ölkə Azərbaycan, Azərbaycanda isə Qubadlıdır. O, doğma Qubadlını, ata-baba yurdu Saray kəndini, onun gözəl təbiətini hələ uşaqlıqdan çox böyük məhəbbətlə sevirdi. Gecə-gündüz çağlayan Bərgüşad çayının nəğmələri, onun yamyaşıl sahilləri, doğma torpaqlarımızın zümrüd yamacları, dilbər guşələri, bir-birindən gözəl meşələri, uca dağları, buz bulaqları Nəbi müəllimi həmişə heyrətə gətirmişdir. Doğma yurdumuzu bir an belə unutmurdu.
Qubadlının gözəl təbiəti Nəbi müəllimin gözlərinin önündən bir an belə çəkilməyib, ürəyi hər zaman yurd dərdi, yur həsrəti ilə döyünmüşdür.
Həmişə deyərdi:
"Əgər məndən soruşsalar ki, kimi və ya nəyi ən çox sevib əzizləyərsən? Cavab verərdim ki, ən çox sevdiyim və əzizlədiyim Vətəndir, Qubadlı torpağıdır. Bir də doğma yurdla bağlı olan uşaqlıq və gənclik xatirələrim. Mən bunları bütün yer üzünə dəyişmərəm".
Nəbi İsmayıl oğlu Nəbiyev 31 yanvar 2023-cü il tarixdə, 75 yaşında vəfat etmişdir.
Elimizin-obamızın qeyrətli ağsaqqalı, xeyirxah əməlləri ilə seçilən, gözəl insan Nəbi müəllimə Allahdan rəhmət diləyirik, ruhu şad olsun !
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi, zengezur.com