Mir Həmzə Seyid Nigari Qarabaği Azərbaycan ədəbiyyatının sufi sənətkarlarından biridir.
87 il şərəfli ömür sürmüş bu övliya Şərqi Zəngəzurun Cicimli kəndində doğulmuş,Türkiyənin Xarput şəhərində haqq dünyasına qovuşmuş, qəbri isə Amasiya şəhərindədir.
Uzun illər adı yasaq olunub, ancaq ürəklərdə,beyinlərdə yaşayıb. Şükür ki. qadağa buzları əriyəndən sonra əsərləri çap olunmuşdur. 2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi əmr imzalamış, böyük sənətkarın əsərləri ali məktəblərin tədris proqramına salınmışdır. 2022-ci ildə isə X sinfin ədəbiyyat kitabında Mir Həmzə Seyid Nigariyə aid iki abzaslıq yer ayrılmış, məşhur “Qarabağ” qəzəlindən bir neçə beyt verilmişdir. Bundan ruhlanaraq mən də bu yazımda şairin əsərlərində Qarabağdakı yer-yurd adlarının əksinin təsvirinə aid bir yazı hazırlamağı özümə mənəvi borc bildim.
İnsanın doğulduğu yurd vətənidir. Böyüdükcə bu vətənin ərazisi artsa da, ilk vətən unudulmur.
Mir Həmzə Seyid Nigari Qarabağ mühitinin yetirməsidir, onun könül verdiyi Nigar qarabağlıdır. Ona görə də böyük ədibin yaradıcılığında Qarabağ və onun yer-yurd adları ana xətt kimi keçir.
Məlumdur ki, Mir Həmzə Seyid Nigari əsərlərini həm heca, həm də əruz vəznində yazmışdır.Onun Qarabağa həsr etdiyi “Qarabağ” rədifli qəzəli ədəbiyyatımızda bu mövzuda yazılmış ilk əsərdir desəm, yanılmaram. Bu qəzəl Qarabağa sevgi və məhəbbətlə yazıldığından hər misrası sanki “can Vətənim” deyir.
Nə əcəb dövlət imiş seyri-şikarı-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ...
Kövsəri -təbi imiş çayi-çinari Qarabağ,
Aləmi cənnət imiş dəri-diyari Qarabağ.
İndi bildim, nə imiş vəsfi-həzari Qarabağ,
Yeridir kim, çəkərəm ahü - zari Qarabağ.
Dağlayıbdır məni bir laləüzari Qarabağ,
Yandırıbdır məni bir nari-Nigarı Qarabağ.
Şair qəzəldə Qarabağın bulaqlarını dirilik suyu, bu diyarı cənnət adlandırmışdır. Elə buna görə də qəzəl xanəndələrin üz tutduğu, ifa etdikləri əsərlərdəndir.
Seyid Nigarinin “Divan” inda 6 bənddən ibarət tərcbəndi var. Hər bəndin son iki misrası:
Dağlayıbdır məni bir laləüzari Qarabağ,
Yandırıbdır məni bir nari-Nigarı Qarabağ- nəqarəti ilə bitir.
Məncə, bu da səbəbsiz deyil. Axı onun sevdiyi ilahi gözəl Qarabağdan idi.
Böyük Allah adamı harada olsa da, Qarabağı unutmur,onu xəyalında yaşadır:
Xəyalatilə güləşti-Qarabağı gəzər könlüm,
Gəlür kim,kuyi-didarə qalar,zövqi-murad eylər.
Şair qəzəllərinin birində Araz çayına müraciət edərək maraqlı bir fikir yanaşması yaratmışdır.
Mənzili-dildarı bus etdikdə ərz et,ey Ərəs,
Böylə kim,odlar saçar sənsiz həbibinhər nəfəs.
Şair Qarabağsız keçən günlərinə göz yaşları tökmüşdür:
Qarabağını çeşmeyi-xun,hər dü çeşmənin Daşbulağ,
Məlhəmindir dəmbədəm dağı-tərağı-abi-ağ.
Mir Həmzə Seyid Nigari üçün Qarabağ müqəddəs torpaqdır,gözəllər gözəlidir.Yaxşı olar ki, şairin yaradıcılığından seçmələrə yer verək:
Nolarəşkavəri-əhli-dili-Bağdad olsam,
Belə güllər ki saçır təb Qarabağ üzrə.
Məgər pərvərdeyi-sərvi-qədindir böylə kim bala,
Nigari tağı-ali tək düşübdür Qarabağ üzrə.
Qəzəlinin bir beytində Qaraqaşı üstün bilmiş, digər kəndlərdən uca hesab etmişdir, çünki sevdiyi Nigar qaraqaşlıdır:
Firdovsi-dilaradır,gərçi Qarabağ, əmma,
Xoşdur Qarabağ içrə kuyi-Qaraqaş övla.
Bəllidir ki, Mir Həmzə Nigari bir müddət Şərqi Zəngəzurun Mirlər kəndində yaşamışdır.Bu kənd Seyid Nigarinin müridi Mir Sədi Ağanın kəndidir. Bərguşad çayı bu kəndin ayağından axır.
Şair bir qəzəlində iki böyük çayın adını belə mənalandırmışdır:
Canıma çıxmış fələk Bərgüşadın dağını,
Sönməz atəşi,ursan Həkəri irmağını.
Digər bir qəzəlində Tərtərə belə münasibət bildirir:
Sanma ki, ahım odu Tərtərə təsir etməz,
Qarabağ içrə düşüb yaxmaya nəhri-Tələki.
Şair təkcə qəzəlində yox, müstəzadında da Qarabağın adını çəkmiş, onu fikrinə vəsilə etmişdir:
Olsun Qarabağ içrə ki bir bülbüli-şeyda
vasif güli-həmra,
Cövlan elə, ey sərvi-dilara, qədi bala
ey dilbəri-əla
Dutgil Qarabağ içrə sən, ey Mir Nigari,
çək dərdi-həzari
Qılgil həvəs, ol güli-həmra, oxu şeyda,
seyr elə hər ca
Mir Həmzə Seyid Nigari həm də heca vəznində əsərlər müəllifidir. Böyük ədib heca vəznində yazdığı şeirlərində də Qarabağı vəsf etmiş,ona heyranlığını gizlətməmişdir.
Eşqin kanı Qarabağdır məkanım
Bülbülü-şeydayam, cənnət yerimdir
Əvvəl başdan Qaraqaşdır bustanım
İndi gülüstanım Qarapirimdir.
Sinəmə çəkilən qara dağımdır
Yandıran aləmi gör nə çağımdır
Qara bağrım qanlı Qarabağımdır
Gözlərimdən axan yaşi-tərimdir.
Bu yerdə dəyərli oxuculara bildirim ki, Nigar xanımın qəbri Qarapirimdədir. 2021-ci ildə mən Mir Həmzə Nigari ocağının qoru olan hörmətli Siracəddin ağanın köməkliyi ilə həmin yerdə oldum, Nigar nənəmizin qəbrini ziyarət etdim.
Şair şeirlərində Qarabağı vəsf etdikcə bu ulu yurdu da bizlərə sevdirir, onun coğrafiyasını şeirə gətirərək gözlərimiz qarşısında əsrarəngiz poetik mənzərə yaradır:
Bir qönçeyi-gülün tarımarıyam,
Görüm abad olsun ol Qarabağı
Bir gözəl ceyranın giriftarıyam
Şənlik olsun dağı, bağı, ovlağı.
Nə gözəl alqış! Əhsən belə fikir sahibinə!
Gözlərimdən hər dəm qan - yaş tökülür
Sərvtək qamətim yaytək bükülür.
Sinəmə çarpa dağlar çəkilir
Yadıma düşəndə Çilgəz yaylağı.
Gülgəz yaylağı Laçındadır.
Xubları huridir, mələk mənzərdir
Sözləri şirindir, şəhdü-şəkərdir
Cənnəti-məvadır, hövzi-Kövsərdir
Qaraqaş yaylağı, Həmzə bulağı.
Qaraqaş yaylağı Qarabağda, Həmzə bulağı Laçındadır.
Mir Həmzə Seyid Nigarinin dəyərli əsərlərindən biri də Qaraqaşlı Əhməd Əfəndiyə yazdığı məktubdur.Məktubun ilk misraları çox diqqətçəkəndir.
Ey nameyi-gülüstani-hicran
Uçmağa gedərlər əndəliban
Yəni Qarabaği- mürğzarə
Ol rəşki-behişti-səd həzarə
Şair Qarabağı cənnət adlandırır, bülbüllər onu uçmağa gedər-deyir. Şair məktubunda yazır: “Mənim o diyarım uşaq-böyük, qadın-kişi, cavan-qoca- bütün əhalisinə və onların mənə olan məhəbbətinin dərəcəsini yalnız Mövla bilir.O torpaq mənim Şahnigarımın cövlangəridir”.
Mir Həmzə Seyid Nigari “ Çaynamə” məsnəvisində Qarabağa məhəbbətini ifadə etmiş, o torpağın coğrafiyasını əsərində ustalıqla canlandırmışdır.
Əzm eylə diyari-Şirvani
Qət eylə rəhi-Azərbaycani.
Bir yerdəyəm, ismidir Qarabağ
Cənnət yeri, abi şirü qaymaq.
“Çaynamə” məsnəvisinin bir başlığı “Dər bəyani-mənqəbəti-gülgəşti-vilayəti-Qarabağ” adlanır. Vətənsevər şair sevgi və eşq ilə Qarabağı belə öygüləndirir:
Bir mövzii-xoş, fərəhfəzadır,
Dünyayə behişt desəm, səzadır.
Bir mülki-vəsi,səvadi-əzəm,
Sünbülləri piç-piçü dirhəm.
Qərbiyyəsi-Gögçə, gahi-xuban
Şərqiyyəsi Badikubi-Şirvan.
Sərhəddi-Cənubisi-Ərəsdir
Gürcudi Şimali, xoş nəfəsdir.
...Hər canibi səbz, hər tərəf bağ
Anın üçün ismidir qarabağ.
Sığmaz buna, lazım, ey bəradər
Vəsfi-Qarabağa özgə dəftər.
Bu başlığın sonu da dəyərlidir:
Öp xakini, fəth qıl kəlamı,
Torpağına bizdən et səlamı.
Məsnəvinin başqa bir yerində doğulduğu yurda sonsuz eşqini bəyanlayan şair belə yazır:
Ol daireyi- Həkəri, Bərşad
Eşqin yeridir buyurdu ustad.
(Bilməyənlər üçün yazım ki, qubadlılar Bərgüşada həm də Bərşad deyirlər)
Mir Həmzə Nigari Qarabağ sevdalısı olmuşdur. O bu yurdu böyük eşqlə sevmiş və əsərlərində dəyərləndirmişdir.Bir qoşmasında yazmişdır:
Ey Nigari, ömrüm irişdi payə
Salmadı başimə ol sərv sayə.
Can hisar eylərəm peyki-səfayə
Xəbər versə bir gün Qarabağdan.
Böyük fikir övliyamızın ruhuna salamlar olsun!
Müjdə verə bilərəm ki, şükür ki, qarabağımız azaddır. Var olsun Ali Baş Komandanımız! Sağ olsun Azərbaycan Ordusu! 44 günlük Vətən savaşı nəticəsində Qarabağ Azərbaycandır.İndi Qarabağda, Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri görülür.Şükür bu günə!
ƏDALƏT ƏSƏDOV,
“Tərəqqi” medallı Əməkdar müəllim.
https://www.facebook.com/groups/590664597630918