Cəbrayıl və Zəngəzur qəzaları daxilində yerləşən Qubadlı nahiyəsinin (eyniadlı rayon eyniadlı kəndin əsasında 1933-cü ildə yaradılıb, 1963-cü ildə ləğv edilərək Zəngilan rayonuna daxil edilib, 1964-cü ildə isə yenidən rayon statusu alıb, 1914-cü ildə bu kənddə cəmi 360 nəfər yaşayıb) 93 kəndi və onun əhalisi 1918-1920-ci illərdə hay-daşnak silahlı quldur dəstələrinin (rus-ingilis-fransız siyasi-hərbi qüvvələrinin himayəsi ilə) təcavüzünə məruz qalıb. Nahiyənin ayrılıqda 5 minədək dinc sakininə qarşı həmin dövrdə qətliam törədilib, onlar soyqırım qurbanları kimi tariximizə yazılıb və yaddaşlarımızda xatırlanır.
1918-1920-ci illərdə ərazisi əsasən Həkəri və Bərgüşad çayları hövzəsini əhatə edən Qubadlı nahiyəsinin yaşayış məntəqələrinin çox hissəsi Zəngəzur qəzasına, bir qismi isə (Həkəri çayının sol sahil hissəsi) Cəbrayıl qəzasına aid edilib. Bu dövrdə mükəmməl hərbi təlim ( I Dünya müharibəsində çar Rusiyasının Qafqaz cəbhəsində döyüşmüş quldur A.Ozanyanın (1865-1927) hayəsilli zabit və əsgər heyətindən formalaşmış 30 minlik dəstəsi) keçmiş silahlılar (əvvəlki illərdə ancaq müsəlman-türklərə qarşı qanlı qırğınlar törədən) rus-ingilis-fransız silahları ilə təmin edilərək Naxçıvan, Zəngəzur və Qarabağ bölgəsində Azərbaycan torpaqlarını zəbt etməklə əhalisinə qarşı soyqırım siyasəti yeridiblər.
Zəngəzur bölgəsində Qubadlı nahiyəsinin strateji əhəmiyyəti onunla bağlıdır ki, ərazisi şərqdən Qarabağın dağlıq hissəsi, qərbdən isə Gorus-Qafan-Qarakilsə nahiyələri ilə qonşudur, hər iki tərəfdə də quldur hay-daşnak silahlılarının azərbaycanlılara qarşı hücum mərkəzləri yerləşir. Qeyd etmək lazımdır ki, Qarabağın dağlıq hissəsinin hayəsilli silahlıları saatsaz-zərgər Drastamat Kanayanın (1884-1956) – el arasında Dro kimi tanınan cəlladın (bu quldur həmin illərdə deyib ki, kim Şuşaya sahib olsa, “Artsax”ı o idarə edəcək) başçılığı ilə, Gorus-Qafan-Qarakilsə istiqamətindən isə A.Ozanyanın və Amazasp Srvanstyanın (1873-1921) dəstələri ilə, o cümlədən Qubadlı nahiyəsinin kəndlərinə qanlı basqınlar edib.
Bu hücumlarda mənfur düşmən həm də aşağıdakı məqsədləri güdürdü:
-uzun əsrlər boyu hay qəbilə-icma üzvlərinin ələ keçirmək istədiyi Naxçıvan, Zəngəzur və Qarabağ bölgəsinə körpü rolunu oynayan, strateji hərbi əhəmiyyət kəsb edən ərazini zəbt etmək;
-Osmanlı Türkiyəsinin və Naxçıvanın Qarabağ bölgəsi ilə hər cür əlaqəsinə imkan verməmək;
-Qarabağın dağlıq hissəsi ilə aran hissələrini bir-birindən ayrı salmaq, 1919-cu ildə fəaliyyət göstərən Qarabağ guberniyasının hərbi qüvvələrinin (başda el qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Muradov (1871-1942) olmaqla) bu nahiyəyə yardımının qarşısını almaq;
-himayədar ölkələrin (Rusiya, İngiltərə, Fransa) Osmanlı Türkiyəsinə qarşı Cənubi Qafqazda geniş hərbi cəbhəsini təşkil etməklə onu iqtisadi-hərbi baxımdan zəiflətmək;
-bu ərazilərdə yerli azərbaycanlıların təbii və maddi sərvətlərinə yiyələnmək, onları qarət etmək, eləcə də tarixi maddi abidələrin “erməniləşdirilməsinə” zəmin yaratmaq.
Təbii ki, bu mənfur–daimi düşmənin bu alçaq niyyətlərinə qarşı səfərbər olmaq Azərbaycan dövləti və xalqı, eləcə də bütövlükdə müsəlman-türk dünyası üçün həmin dövrdə asan olmayıb. Nəticədə bir sıra obyektiv və subyektiv səbəblər ucbatından unudulması və yazılması mümkün olmayan tarixi faciələr yaşanıb, o cümlədən yurdumuzun Qubadlı nahiyəsində.
Bu nahiyənin təbii-coğrafi ərazisi hay quldurlarının Qafan, Gorus, Qarakilsə mahallarında, eləcə də Qarabağın dağlıq hissəsində yuva saldıqları yaşayış məntəqələri ilə qonşuluq təşkil etdiyindən, demək olar ki, bütün kəndləri onların hücumlarına məruz qalıb. Daha qüvvəli silahlı quldurlar Gorus və Qafan istiqamətindən (çünki onların silah-sursat təminatında həm də mərkəzləşmiş Üçmüəzzin hay quldur kilsəsinin rolu böyük idi) Məzrə, Fərcan, Zor, Göyyal, Çaldaş, Dondarlı, Dəmirçilər, Boyunəkə, Ballıqaya, Saldaş, Mirlər, Çərəli... kəndlərinə basqınlar ediblər. Qarabağın dağlıq hissəsinin hay əsilli kəndlərindən isə əsasən Həkəri çayı sahillərindəki yaşayış məntəqələrinə - Həkəri, Padar, İşıqlı, Muradxanlı, Binədərəsi, Başarat, Həmzəli, Əfəndilər, Xəndək, Mollu, Zilanlı kəndlərinə... hücumlar olub, dinc sakinləri amansızlıqla qətlə yetirilib, əhalinin malı-mülkü qarət edilərək həm də yandırılıb.
O dövrdə İşıqlı kəndindən 3 km aralıda yerləşən Padar kəndini (20-22 ev olub) yağılar talan etdikdə dinc sakinlər qurtulmaq üçün Cəbrayıl qəzasının Dağ Tumas kəndinə (15-20 km aralı), Gəyən düzünə pənah aparıblar, Osmanlı Türk Ordusu kəndi azad edənə kimi. Bu barədə həmin hadisələrin şahidi olmuş Nərgiz Balakişi qızı (1904-1998) bildirib. Həmin qanlı basqınlarda hay quldurları Padar və balasoltanlı kəndləri arasındakı qədim məscidi (200 illik tarixə malik) yerlə-yeksan etdiklərindən, sonralar həmin ərazi “Məscidli yeri” kimi xatırlanıb. Bu tikilinin saxsı və kərpic qalıqları keçən əsrin 70-ci illərinədək qalırdı, sonralar həmin sahədə (2 hektara qədər) taxıl əkini və üzüm bağı saldılar. Bu yerlərdə tarixi-maddi abidələr geniş yayılmışdı.
Qafan nahiyəsinin haylar yaşayan Ağavurd, İrsevənlik və Ücəniz, Gorus şəhərinin Xınzirək kəndlərindən hücuma keçən quldurlar (1918-ci ilin mart-aprel aylarında) əvvəlcə Fərcan (bu kənddə 300 ev olub), Göyyal (130 ev), Zor (15-20 ev), Saldaş (20-25 ev) kəndlərinə hücum ediblər. Bu kəndlərin əhalisi sığınmaq üçün qonşu Çərəli kəndinə enib. Kəndin 1 km-də quldurlar dinc sakinlərin (əsasən yaşlılar, qadınlar, uşaqlar) qarşısını kəsib, onları qətlə yetirib, bəzilərinə isə işgəncələr veriblər. Həmin yer (Çərəli və Saldaş kəndləri arası) “Qanlı zəmi” adlanıb (kollu yerdir, biçin üçün yararlıdır). Orada Fərcan kəndinin 15 nəfər sakini, Zor kəndinin 5 nəfəri, Göyyal kəndinin 10 nəfəri, Saldaş kəndinin 8 nəfəri düşmən vəhşiliyinin qurbanı olub.
Hərtiz dağının ətəyində yerləşən Çərəli kəndində həmin dövrdə 120-130 ev olub, indiki Qubadlı qəsəbəsindən 15 km aralıda, hücum olunan düşmən yuvasından 25 km aralı idi. Bu kənddən 10 km aralıda Almalıq kəndində 16-20 ev olub, quldurlar əhalini qətlə yetirməklə kəndi yerlə-yeksan edib, sonralar isə hayəsilli ailələr köçüb orada məskunlaşıb.
O dövrün qanlı hadisələrini xatırlayan Çərəli kənd sakini Nurxanım Alışan bəy qızının (1898-1980) söylədiyinə görə, həmin hücumlar zamanı heç bir kənddə düşmən camaata aman verməyib, qoca-cavan, uşaq-böyük demədən hamını qılıncdan keçirib, mal-mülkü qarət edib, qalanlarını isə yandıraraq yerlə-yeksan edib. Bütün kəndlərdə belə olub. Kənd sakinləri bu amansız hücumlardan qorunmaq üçün Bərgüşad çayını keçib Cəbrayıl qəzasının Araz çayı sahili kəndlərinə üz tutub - əsasən Cocuq Mərcanlı, Maralyan kəndlərinə. Çərəli kəndinin ətrafı müqəddəs ocaqlarla əhatələnib – Şeyx Əfəndi piri, Xəçin dərəsi piri (kəndin 100 metrliyində), Sofulu piri, Mavdan piri, “Yal aşan piri”. Hay quldurları bu ziyarətgah yerlərini də top atəşinə tutaraq onları dağıdıb. Quldurlar Həftiz dağının zirvəsindəki Nigari xiyməsini (xiymədə Şeyx Əfəndi Mir Həmzə Ağa yaşayırmış), Şeyx Əfəndi bulağını dağıtmaq üçün cəhd ediblər, amma alınmayıb... Keçən əsrin 30-40-cı illərində Şeyx Əfəndi Araz çayını keçərək Cənubi Azərbaycana köçüb.
Kənd sakini Rza bəy Alı bəy oğlunun kəndin ətrafındakı 3 hektarlıq meyvə bağını (alma, armud, albalı, qoz, fındıq ağaclarından ibarət) doğrayaqar məhv ediblər. Mavdan dərəsində isə Cəfərqulu bəy İsmayıl bəy oğlunun meyvə ağaclarından ibarət bağını və bostan-dirrik yerini hay quldurlarları yandırıb məhv edib.
Çərəli kəndindən 3 km aralıda yerləşən Boynakər kəndində Hacı Hürcahan gümbəzini (200 il yaşı var, hündürlüyü 15 m-ə çatır) quldurlar güllə yağışına tutub. Həmin nişanələr keçən əsrin 90-cı illərinədək gümbəzdə qalırdı. Gümbəzin ətrafında 3-4 qəbir vardı, hündür baş daşlı, sinə daşı sənduqə formalı, bir tərəfində ərəbcə yazı, digər üzündə qoç şəkili.
Bərgüşad çayının qolu olan Ağa çayının sağ sahilində Dondarlı və Dəmirçilər kəndləri arasında (Çərəli kəndindən 8 km aralıda) hündürlüyü 18 m-ə çatan tarixi gümbəzi də hay quldurları top atəşilə dağıdıb.
Həkəri və Bərgüşad çaylarının qovuşduğu yerdə, sol sahildə yerləşən Zilanlı kəndinə (o vaxt bu kənddə 25-30 ev olub) hücumlar da Gorus və Qafan mahallarının haylar yaşayan Zeyvə, Ağavurd, Qızıldaş, Şirnuxu (bu kəndin yarı hissəsi Gorus mahalına, yarısı Qubadlı nahiyəsinə aid olub, 1918-ci ildən sonra haylara verilib) kəndləri istiqamətindən hücumlar edilib.
Kənd sakinləri Səkinə Məmməd qızı Cabbarovanın (1885-1985), Əbdülhüseyn Cabbar oğlunun (1886-1961) dediklərinə görə, bu basqınlardan qurtulmaq üçün camaatın bir hissəsi ətrafdakı Zöhran təpəliyinin kahalarında (uzunluğu 5-6 m, hündürlüyü 2 m) gizlənib, bir hissəsi isə Cəbrayıl qəzasının kəndlərinə gedib. Hücumlar taxıl səpini vaxtı olub. Döyüş səngərləri “Yazı düzü”ndə qazılıb. Bu ərazi 1905-1907-ci illərdə də düşmənə qarşı vuruş meydanı olub. Səngərlərin qalıqları keçən əsrin 70-ci illərinədək dururdu.
Zilanlı kəndinin qədim məscidi də bu dağıntılara məruz qalıb. Keçən əsrin 80-ci illərində Qubadlıya çəkilmiş avtomobil yolu genişləndirilərkən bu hissədə (3 km-lik Ağalı-Zilanlı yolu) aparılan torpaq-qazma işləri nəticəsində həmin məscidin ətrafında basdırılmış düşmənin çoxlu silah-sursat ehtiyatı (güllə, qumbara) aşkar edilıb. Həmin dövrün qanlı qırğınlarından sonra Zilanlı kəndinin Sümbəyli məhəlləsinin sakinləri Xocahan kəndində yaşamağa məcbur olub.
Bu kəndə yaxın, Həkəri çayının sol hissəsindəki yerlərdə də (Mahruzlu kəndi – 2 km aralı, Xanlıq – 7 km, Həmzəli – 15 km, Əfəndilər -17 km) düşmən qüvvələrinin hücumları qətllərlə, qarət və dağıntılarla nəticələnib. Xocahan kəndinin 20-30 evi bütünlüklə yandırılıb, sakinlərin var-dövləti qarət olunub, əkin-bağ sahələri yerlə-yeksan edilib.
Qubadlı nahiyəsinin Həkəri çayı hövzəsinin düşmən qırğınından qorunmasında (xüsusilə Cavanşir və Cəbrayıl qəzaları ilə bitişik hissələri) Qarabağ quberniyasının (Xosrov bəy Əlipaşa oğlu Sultanovun (1879-1943) rəhbərliyi ilə, Azərbaycan xalq Cumhuriyyətinin ilk hərbi naziri, Qarabağın general-qubernatoru) milli döyüşçüləri, könüllü müdafiə dəstələri və el qəhrəmanlarının rolu böyük olub. Bu istiqamətdə el qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Muradovun (1871-1942) rolu xüsusilə fərqlənib.
Qeyd etmək lazımdır ki, bu el qəhrəmanının atası (Zəngəzurun adlı-sanlı şəxslərindən biri) Əlipaşa bəy Xanmurad bəy oğlu Sultanov da (1837-1915) öz dəstəsi ilə hay quldurlarına qarşı mərdliklə döyüşüb, Qarabağın dağlıq hissəsində 1905-1907-ci illərdə Xoznavar, Əluqulu, Qaladərəsi, Damğalı, Külədik kəndlərində həyasızlıq edən və qətllər törədən daşnak quldurlarına layiqli dərs verib. Bu barədə Mir Möhsün Nəvvabın (1833-1918) “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında (Bakı-1993) ətraflı məlumat verilib.
Osmanlı Türk ordusunun xilaskar döyüşçüləri (onlar 1918-1920-ci illərdə Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində yerli döyüşçülərlə həm də hərbi təlimlər keçiblər) Zəngəzur qəzasına və Qubadlı nahiyəsinə gələnədək el qəhrəmanları və könüllü, yerli özünümüdafiə dəstələrinin üzvləri düşmənlə mübarizə aparıb, onların amansız hücumlarının qarşısını almağa səy göstərib, bəzi hallarda onlara layiqli müqavimət göstərə biliblər.
Çərəli kəndində Əbil Şahverən oğlu Ağavurd kəndi yaxınlığındakı “Sarı yoxuş” deyilən yerdə birdəfəyə 7 qulduru məhv edib. Digər döyüşçü Səfər Cəfər oğlu düşmənə qarşı gözlənilməz hücumlar təşkil edib. Qarabağın el qəhrəmanı Sultan bəyin dəstəsində vuruşan Binədərəsi kəndinin igidləri Məşədi Nəsib, Kərbəlayi Yusif, Damlama kəndindən Aslan Dostməmməd oğlu Əsədov (1897-1927) və başqaları indi də yad olunmaqdadır.
QİSMƏT YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi.