Publisist, jurnalist, tarixçi Hacı Nərimanoğlu ilə həmsöhbət olduq, ömür yolunu birlikdə vərəqlədik.
-Sizə necə müraciət edim, Hacı müəllim, yoxsa elə ...?!
-Sadəcə Hacı. Ailədə 9 qardaş-bacı olmuşuq, mən düz ortancılam, doğulanda bu adı qoyub əhd ediblər ki, babaların getdiyi yolu gedib–gəlmək, ziyarət etmək nəsibi olsun, qismət oldu, həcc, kərbəla, məşhəd ziyarətində oldum, Məkkə, Mədinə, Bağdad, Kufə, Samara, Məşhədi, 12 imamın məzarını, müqəddəs məkanları, Türkiyənin, Türküstan ellərinin çox sayda ziyarətgahları, təbii ki, həm də Amasyada eyni soy-kökdən olduğumuz Şeyx Mirhəmzə Seyid Nigarinin məzarını gəzdim, gördüm, dualar etdim. Gözümüzü açıb ağlımız kəsəndən evimizdə Allahü-əkbər, Bismillah, Əlhəmdülillah...eşitmişik, Atam, Anam uşaq yaşlarından namaz qılıb, oruc tutublar, məhləmizdə babamın adını yaşadan - indi qoruma altındadır- Hacı Fətəli məscidi, Fərzalıbaba, Səfərə piri yaxın-uzaq ellərin ocaq, pir, ziyarətgah yeri olub.
-Mənim də məzunu olduğum Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində ədəbiyyat, tarixi ən yaxşı oxuyub bilənlərdən biri sayılırdınız, illər sonra da sizi nümunə göstərirdi müəllimlərimiz.
-Həyatda az-çox qazandıqlarım üçün Ulu Yaradanıma, ana-atama, bir də oxuduğum məktəblərə, müəllimlərimə borcluyam. Mənə heç zaman itməyən, tükənməyən, əksinə, üstünə ən etibarlı “var-dövlət” gətirən – elm, bilik bəxş edən müəllimlərimə vəfa borcu olaraq “Məktəb illərim, müəllimlərim” başlıqlı yazım çıxıb, kitablarımda var. 1975-ci ildə biz orta məktəbi bitirəndə iki il stajı olmayan, ya əsgərliyə gedib gəlməyənin sənədin Universitetin şərqşünaslıq, hüquq, jurnalistika fakültələrinə götürmürdülər. APİ-nin filologiya fakültəsinə hər 72 abituriyentdən biri keçirdi, qəbul imtahanında müəllimlər “sağ ol” deyib “yaxşı” yazmaq istəyəndə imtahan vərəqini əlindən alıb götürdüm ki, mən “5” almaq istəyirəm, ədəbiyyat müəllimim Məhəmməd Yaqubov deyib ki, “5” almasan kəndə qayıtma, komissiya gətirtdilər, beşimi aldım. Bir yerdə imtahan verdiyimiz şair, alim dostum Mehman Qaraxanoğlu həmin mənzərəni qələmə alıb.
-Ancaq elmi işinizi tarixdən yazıb müdafiə etdiniz...
-İnstitutda tələbə olanda qəzetlərdə ədəbi tənqidi yazılarım çıxırdı, 1978,79-cu illərdə Yazıçılar İttifaqı ilə Komsomolun Mərkəzi Komitəsi yaradıcı gənclərin müsabiqəsini elan etmişdi, iki il həmin müsabiqədə ədəbi tənqid üzrə yalnız mərhum Arif Acalovla mən keçmişdim. Ancaq tarixdən XIX əsr – XX əsrin 20-ci illərində Zəngəzur bölgəsinin tarixinə dair dissertasiya yazıb müdafiə etdim, hiss etdim ki, bu sahə mənə daha doğmadır, görünür müəllimimiz Seyfəddin Hüseynovun təsiri də güclü olub. 81-ci ildən Qubadlıdakı “Avanqard”, “Bərgüşad” qəzetlərində “Oğuz yurdum Qubadlım” silsiləsindən o yerlərin tarixinə aid ardıcıl yazılarım çıxırdı, maraqla oxunurdu.
-Sağ olun ki kitablarınızı mənə də vermisiniz, qardaşlarınız Dostəli Nərimanoğlu, Rəşid Bərgüşadlının kitablarının da hamısını oxumuşam, “Bərgüşad-80” kitabında 1981-82-ci illərdə qəzetdə çıxan məqalələrinizin fotosurətlərini görmüşəm, o yazılarınızda tez-tez işlətdiyiniz türk, türklük, türkçülük, türk adımıza sahib çıxaq, gəlin ata-ana deyək kimi sözlərinizin bədəlini ödəmisiz...
-Əslində mənə ilk türkçülük dərsini evimizdə usta işləyən erməni Tacat verib, təkrar-təkrar dediyi “siz türksüz” sözünü beynimə birinci o yeridib, sonra gizli tələbə dərnəklərində gözümüz geniş açılırdı. İnstitutu bitirib Qazaxıstanda həqiqi hərbi xidmət keçəndə özbək, qırğız, qaqauz, qazax əsgərlərə ağac qarşısında durub əyani izah edirdim ki, baxın hamımız Türk adlı bu eyni bir ağacın qol-budaqlarıyıq, sözümüzün tam əksəri, ata-ana, yer-yurd adlarımız da eyni kökdən gəlir, bu söhbəti aparıb qoymuşdular xüsusi idarənin ukrain rəisi Karpenkonun ovcuna, dediklərimi ona da təkrar eləmişdim: – necə ki, rus, ukrain, belarus, serb...slavyan ağacının budaqlarısızr, biz də elə, mən hamının bildiyi sadə həqiqətlərdən danışmışam. KQB rəisi polkovnik Qurbanovun sarı UAZ-ı rayonda görünəndə hamı özün yığışdırırdı, raykomdakı otaqda yazılarımı papkasından qıxarıb qoydu qabağıma, qəzetdə xətlənib altı cızılan yerlərin də göstərdi, tələbə, əsgər olanda yol verdiyim “xətaları” da xatırlatdı, üstündən bir saat keçmişdi komsomolun birinci katibinin kabinetində işdən çıxmağım, maarifin müdiri rəhmətlik Famil Cəbrayılov da eyni gündən Diləli Müskanlı kənd 8-illik məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunmağımla bağlı əmrimi verdi, oldum kənd müəllimi. Təbii ki, siniflərdə inandığım, dərk etdiyim həqiqətləri uşaqlara anladırdım; 1988-ci ilin noyabrında Azadlıq meydanında keçirilən mitinqlərdə iştirak edən tələbələr – keçmiş şagirdlərim məktub yazırdı ki, müəllim, meydanda çıxış edənlər sizin məktəbdə bizə anlatdıqlarınızdan danışır - imperiya, müstəmləkə, azadlıq, milli müstəqillik...
–Feysbuk səhifənizdə fevralın 14-də keçirilən andiçmə mərasimində Prezident İlham Əliyevin nitqindən bu abzası seçib paylaşmısız: “Xarici siyasətdə əsas prioritetimiz Türk dünyasıdır. Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bizim üçün bundan güclü birlik yoxdur...”.
-Dəfələrlə yazdığım bu fikirdəyəm – Türkiyə dövləti, xüsusilə R.T.Ərdoğan islami birlik yaratmaq yolunda sərf etdiyi enerjini türk birliyinin möhkəmlənməsi yönündə sərf, səfərbər etməli idi, belə olsaydı, türk dünyası daha üstün nəticələrə nail ola bilərdi, məsələn, Türkiyənin Şuşada konsulluğunun açılması, Azərbaycanda daimi hərbi kontingentinin yaradılması dalana dirənməzdi.
--Rayonda ən böyük şəxsi kitabxanalardan biri sizin evdə idi, hətta, qonşu kəndlərdən də gəlib aparıb oxuyurdular.
-Ana babam Hacı Fətəli Əfəndidən qalma yeşik-yeşik kitabları ildə 2-3 dəfə çıxarıb günəqarşı sərirdik gəbə-xalıların üstünə ki, nəm çəkməsin, xeyli əlyazmaları da var idi üləma babalarımdan qalan, hamısı ərəb, fars əlifbası ilə. Biz kitab görüb, oxuyaraq böyümüşük. Yaxşı tanıdığın bizim ocaqdan ölkənin ən böyük sənaye-istehsal zavodunun baş direktoru, əməkdar mühəndis, peşəkar rabitəçi, usta qaynaqçı, 3 elmlər doktoru, 3 yazıçı, icra başçısı çıxıb. Siz deyən o kitabların çoxusunu qardaşım Dostəli ilə təqaüd pulumuzla alırdıq. Əsgərliyimi Kosmodrom Baykonurda keçirmişdim, il yarımda neçə kosmonavtın, kosmik, ballistik raketlərin göyə uçuşunu ən yaxın məsafədən izləmişdim, foto-albomlarım qarışıq o kitabların hamısı qaldı alçaqlara, itib getdi ömürdən gedən illər kimi...
-Xatirimdədir ki, I Qarabağ müharibəsi günlərində televiziya, radio birinci sizin cəbhə bölgələrindən - Laçın, Zəngilan, Qubadlı, Cəbrayıldan verdiyiniz xəbərlərlə açılırdı: "AzərTAc-ın xüsusi müxbiri Hacı Nərimanoğlu xəbər verir..." Qəzetlərin ilk səhifəsində sizin xəbərlər yer alırdı. 90-cı illərdə rayonların ard-arda işğalı, o bölgələrdə gedən proseslər barədə “Azərbaycan”, “Azadlıq”, “Aydınlıq” qəzetlərində də o vaxtlar tez-tez yazılarınız gedirdi, sonra qaçqınlıq silsiləsindən hekayələriniz çıxdı saytlarda, “Ulduz” jurnalında 6 hekayəniz bir nömrədə getmişdi. Yadımdadır ki, “Qubadlısız 16 il” kitabınızı Sumqayıtda qubadlılar əl-əl axtarırdı, oxuyurdu, çünki həqiqətləri yazmışdınız. Sizinlə görüşə gəlmədən əvvəl yenə vərəqlədim, o şeyləri yazmaq risqli idi, cəsarət istəyirdi...Qələmə aldığınız qaçqınlıq ağrıları hamımıza tanışdır...
-Rayonda rəhbərlik, ab-hava dəyişdi, icrakomda, sonra icra hakimiyyətində çalışdım, Qafan, Gorus, Sisyandan köç, deportasiya başlamışdı, məni də qoydular “daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşlarla iş üzrə məsul təşkilatçı” – başdan-ayağa hirs, qəzəb, həyəcan, ağrı-acı, əzab dolu günlər idi. Sərhəddə baş verən hadisələr barədə dövlətin informasiya agentliyi – AzərTAc-a xəbərlər yazıb göndərirdim, ya telefonla informasiyalar ötürürdüm. Ona görə də AZƏRTAC-ın baş direktorunun I müavini vəzifəsində çalışan dəyərli dostum Əflatun Amaşovun təkidi ilə oldum cəbhə bölgələri üzrə AZƏRTAC-ın hərbi müxbiri - “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru, sonra da Mingəçevirdə xüsusi müxbir. Əmək kitabçamda 5 iş yerim var ki, həmin vəzifələrdə çalışan ilk işçi mən olmuşam.
-II Qarabağ müharibəsi başlamazdan düz 75 gün əvvəl – 10 iyul 2020-ci ildə “525-ci qəzet”də “Biz döyüşdə uduzmadıq...” başlıqlı iki səhifəlik yazınız çıxmışdı, əl-əl gəzirdi. O yazıdan bir abzası eynilə oxuyuram: “Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduq, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, savaşa və böyük qayıdışa hazır olmalıyıq! Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənovun 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi. İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz növbəti plan və hərəkətlərində Rusiya amilini indi daha ölçülü-biçili şəkildə nəzərə alacaqlar.” Hansı duyğu idi sizə bu yazını yazdıran?!
-2003-cü ildə “Qubadlısız 16 il” kitabımda yazmışdım: vaxt olacaq Qarabağda zooparkda göstərməyə bir baş erməni qalmayacaq. “Mən bu qələbənin olacağına inanırdım”, 30 ildə xeyli saytda yayılan “Haqq savaşı "Qurani-Kərim"də və "Kitabi-Dədə-Qorqud"da başlıqlı yazılarımda inamımın nəyə söykəndiyini açmışam, sadəcə tarixin dərslərindən ibrət götürmək, yararlanmaq lazım idi. Başda Prezident, Ali Baş Komandan olmaqla Azərbaycan Ordusu bu imtahandan şərəflə çıxdı, həm də nankor qonşumuzun, o mənfur qövmün hansı mənəviyyatın, gücün sahibi olduğunu 44 günlük savaş, ardınca 23 saat 40 dəqiqə sürən anti-terror əməliyyatı dünyaya göstərdi, rus əlini arxalarından çəkmişdi deyə miskin aciz durumda boğulub çabaladılar, 10 mindən artıq fərariləri var idi, amma o 44 gündə bizdən bir nəfər də fərari çıxmadı.
-İlk kitabınız “Dağlar oğlu”nu Milli Qəhrəmanımız, şəhid tabor komandirimiz Əliyar Əliyevə həsr etmisiz. Qubadlıda azadlıq hərəkatı, torpaqlarımıza yağı hücumu başlayandan birlikdə və öndə idiniz, sənədli film də çəkmisiz, feysbuk səhifənizdə tez-tez şəhidlərimiz haqqında yazırsınız, tədbirlər keçirirsiz. Son çıxan kitabınız da Vətən müharibəsi şəhidlərinin ömür yolu barədədir.
-Əliyar haqqında kitabı 2 min nüsxə ilə buraxdıq, 40-ı təzə çıxmışdı, hamısı paylandı, neçə dəfə istədim təzədən işləyəm təkrar buraxdıram, nə isə əlim gəlmədi. Əliyarlı xatirələrin mənim həyatımda, qəlbimdə ayrıca yeri var. 200-dən çox şəhidin ömür yolu barədə 5 kitabım çıxıb. Onlara, ailələrinə mənəvi borcumuz heç nə ilə ödənilən deyil, bu günlərimiz üçün şəhidlərimizə, qazilərimizə borcluyuq. I və II Qarabağ savaşında xalqımız ən say-seçmə övladlarını itirdi, milli genofondumuza vurulan yaralar sağalmazdır, itkilərimizin yeri dolan deyil. Oğul, ər, ata, qardaş itirən ana-bacı, balalarımızın sinəsinə çəkilən ömürlük dağ da sağalan deyil. Və bizim də borcumuz sözümüzlə bu yaralara az da olsa məlhəm çəkməkdir, heç kim, heç nə unudulmasın gərək.
-Akademik İsa Həbibbəyli "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib” kitabınıza, AMEA Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunan “Zəngəzur: köç, deportasiya, soyqırımı, işğal tarixi” monoqrafiyanıza akademik Yaqub Mahmudov ön söz yazıb, elmi araşdırmalarınıza yüksək dəyər veriblər. Kitablarınızın elektron versiyası Prezident Kitabxanasının, Milli Kitabxananın “Elektron Kitablar” bazalarında yerləşib. Dövlət Tərcümə Mərkəzində işlədiyiniz bu son illərdə fəaliyyətiniz daha məhsuldar olub.
- Yalnız 2020-23-cü illərdə Azərbaycan mədəniyyəti, Qarabağ, Şuşa, Zəngəzurun tarixi, Vətən müharibəsi ilə bağlı mətnini yazdığım 21 məqalə, videoçarxın hər biri hazırda redaktor olaraq çalışdığım Azərbaycan Dövlət Tərcümə Mərkəzi xəttilə 12 dilə tərcümə edilib, 100-dən çox xarici KİV-də yayılıb. Rumıniya, Türkiyə və Azərbaycanda 4 beynəlxalq konfransda Şuşa, Qarabağ, Zəngəzurla bağlı məruzələr etmişəm, hamısı da türk, ingilis dilində dərc olunub.
-Prezident yanında Bilik Fondunda çalışanda da maraqlı tədbirləriniz olurdu, az qala hər gün KİV-də informasiyanız yayılırdı...
-Sağ olun ki, unutmamısız, olduqca gərəkli qurum idi, ancaq maarifləndirmə işləri ilə məşğul idi. Ölkəmizin elə bir guşəsi olmadı ki, orda hansısa tədbir keçirməyək, yaxın, uzaq ölkələrdə həmçinin. Ölkədaxili layihələr şöbəsinin müdiri – Aparat rəhbərinin müavini idim, təkcə Heydər Əliyev Mərkəzlərində keçirilən 30-dan çox tədbirin moderatoru və məruzəçisi olmuşdum. Maarifçilik işi ölkəmizin mediasında, televizya, radioda yox kimidir, əvəzində dadsız, duzsuz, mənasız, bəsit verilişlər, yazılar baş alıb gedir, dilimizin ahəngi, uşaqların mənəviyyatı pozulur, kriminal hadisələrin, boşanmaların artan sayı təşviş yaradır, sanki bu istiqamətdə düşünülmüş, planlı siyasət yeridilir. İki universitetdə müəllim olmuşam, proqram, dərsliklər elə bəsitdir ki.
google-də cənab Prezidentlə, Birinci xanımla, R.T.Ərdoğanla, hökumət rəsmiləri ilə xeyli diqqət çəkən fotolarınız var...
-16 ildən çox AZƏRTAC-da çalışdım, son vəzifəm informasiya materiallarının buraxılış redaktoru idi, Prezidentin, Birinci xanımın tədbirlərin yazırdım, “Mehriban Əliyevanın fəaliyyət və portretinə 12 ştrix” sərlövhəli yazım uzun illərdir saytlarda, kitablarda yayılır. Qubadlının işğaldan azad edilməsinin I ildönümü günü – 25 oktyabr 2021-ci ildə Qubadlıya gedən az sayda qrupda mən də var idim. Sayın - yəni sayılan, sayğın Ərdoğan haqqında kitab yazmışdım, onun təşəbbüsü ilə Bakıdakı səfirlikdə görüşdük. “Rəcəb Tayyib Ərdoğan” kitabım neçə ildir Türkiyə Prezidenti Kitabxanasında qoyulub. R.T.Ərdoğanla Bakıdakı görüş, söhbətimizin stenoqramını yazıb verdim əvvəl moderator.az saytı yaydı - “Ərdoğan: "Çözürüz bu sorunu, mütləq çözürüz...", bu yazının “Yeni sabah”ın saytındakı yayını ilə birlikdə oxunma sayı 35 mindən yuxarıdır, feysbuk və digər saytlarda bundan daha artıqdır. Yəni ölkə mediasında ən çox oxunan yazılardan biridir. Unutmayaq: II Qarabağ savaşında “Bayraqdar”lar 930 düşmən hədəfini vurub, Türkiyə Dövləti, xalqı, Ərdoğan, nazirləri, generalları sonadək yanımızda olub, ədalətli savaşımızı, haqlı olduğumuzu dünyaya yayıb. Ötən il oktyabrın son bir həftəsini qardaş ölkədə beynəlxalq konfransda oldum, Egey sahili şəhərlərini gəzdim, hər kəsdə Qarabağ zəfərimizdən məmnunluq duyurdum. Prezident yanında Strateji Araşdırmalar Mərkəzində, sonra Sənaye və Energetika Nazirliyində mərhum nazir Natiq Əliyevin dəvəti ilə baş məsləhətçi kimi xeyli çalışdım, Hökumət Evində rəsmilərlə görüşürdük, yəni o fotolar daha çox çalışdığım dövlət qurumlarında fəaliyyətimlə bağlıdır.
-2008-ci ildən ölkəmizdə yaxşı tanınan, nüfuzlu QHT-dən olan “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, daimi izləyicisi olduğum “zengezur.com” saytının təsisçi və baş redaktorusunuz…
-Birlik 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb. İctimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir. QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra etmişik, layihələrimiz dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabının Praqada, “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatlarını keçirdik. Ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitab - almanaxlarının 14 rayonda təqdimatlarını keçirdik, 120 kitabxanaya payladıq. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına həsr olunmuş 7 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, təqdimatlarını keçirdik, 30-dan çox konfrans, müsabiqə, dəyirmi masa təşkil etdik. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaratdıq. Saytımızda hadisələrə münasibət bildiririk, xəbərlər, Zəngəzurun tarixi ilə bağlı elmi-populyar yazılar veririk, oxunur, izlənir.
-44 günlük Vətən müharibəsində mediada az qala hər gün məqaləniz yayılırdı...
- Savaş başlanan gün Nizami rayon hərbi komissarlığında könüllü cəbhəyə yazılanların sırasında 62-ci idim, səhəri gündən başlayaraq Müdafiə Nazirliyinə ard-arda yazdım, çoxdankı dostum – mətbuat, ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Vaqif Dərgahlıya israrla köməklik göstərməsini rica etdim, bələdçi, hərbi müxbir, silahdaşıyan, topa güllə qoyan, nə olur-olsun, dedi Prezident Aparatına yaz, yazdım, yenə xeyri olmadı...Tariximizin ən şərəfli günləri idi, o günlər. Vətən müharibəsi başlayan ilk gün yayılan “Zəfər sənin olacaq, Azərbaycan əsgəri”, ardınca “İşğalçı erməni, xaçını da götür, rədd ol!”, “Tarixin acı dərslərindən ibrət alma, qisas zamanıdır”, “Bunun adı ermənilikdir”, “Qarabağ uğrunda sonadək davam, durmaq yox!”, “Daha çox əsir, girov götürmək lazımdır ki...”, “Azərbaycan bu qələbəni qalib kimi rəsmən sənədləşdirməyi bacarmalıdır”, “Qubadlının Saray kəndində erməni vandalizmi”, “Azad edilən torpaqları əbədi Vətən etməyin yolu”, “Şuşa yolumuzu gözləyir, gecikirik”, “Şuşa əvvəl alınmaz hərbi qalaya, sonra isə maarif, mədəniyyət mərkəzinə çevrilməlidir” və digər yazılarım “525-ci qəzet”də çıxdı, saytlarda yayıldı. Həmin yazılarımın bir çoxu “Şərqi Zəngəzur”, “Şəhidlər”, “Qardaşlığın zəfəri”, “Şuşa” kitablarımda da toplanıb, hamısı da təhsil, mədəniyyət evləri, kitabxanalara, şəhid ailələrinə hədiyyə edilib.
-Qubadlıya tez-tez gedib gəlirsiz…
-İlk gedəndə murdar canlıların iyrənc iyi hələ çəkilməmişdi, Qubadlıdakı iki abidələri yol qırağında hələ dururdu, qəsəbədəki evimdə də yaşayırmışlar, indi sərhədçilərimiz qalır o mənzildə, sonrakı gedişimdə xeyli kitab apardım ki boş vaxtlarında oxusunlar, yenə aparacam. Torpaqlarımızın yağı əsirliyindən qurtuluşunun sevinci, qüruru sözlə ifadə edilən deyil, ancaq viran yurdumuzu görməyin ağrı-acısı da ağır, dözülməz oldu, hər şey məhv olub, uşaqlıq, gənclik xatirələrimizin izi ilə birlikdə...ancaq getməyə bilmirəm, bala anasına, arı gül-çiçəyə bağlanan kimiyəm. Talan edilən, izi itirilən ev-eşik, bağ-bağçalarımız, yağmalanan qəbirlərimiz, məscid, pir, ziyarətgahlarımız, ulularımızın ruhu qarşısında suçluyuq. Göz açıb ilk gördüyüm, könül verib ilk sevdiyim Saray kəndimə illər öncə şeir yazmışdım, 35 evli kəndimizin örüş, kövşənində 100-dək yer-yurd adın düzmüşdüm misralara ki, unudulmasın, indi onların yarıdan çoxunun izi də qalmayıb. Bu dərdləri yurd-yuva, içi, çölü dolu ev-eşik qoyub gələn, 28-30 il sonra geri dönüb xarabalıqlarını qanqal, ilan-çəyən basmış yurd yerində quru torpaqdan başqa heç nə görməyənlər anlayar. Milli şərəfin, heysiyyətin bərpası təbii öndədir, ancaq faciələrimizin miqyası, illərlə sürəcək ağrı-acısı, itirdiklərimizin bərpası da mümkünsüzdür və bir daha belə fəlakətlərin, acıların təkrar olmaması üçün xalq olaraq başımıza gələn, gətirilən faciələrdən dərs, ibrət almalı, birlik, bərabərliyimizi, qürurumuzu qoruyub əbədi saxlamalıyıq.
-İnşallah, arzularınız çin olar, 65 yaşınız mübarək olsun, mənalı müsahibə üçün təşəkkür edirəm.
Söhbəti “Vətən səsi” və “Bütöv Azərbaycan” qəzetləri üçün yazdı: Tahirə AĞAMİRZƏ
https://vetensesi.az/page/13/news/22762?fbclid=IwAR1XpLPE7xHAif4kxkL4FnwVzbK-dIGXJtwFSo8xxQ9cx6KMay9wnDpezb8