Tahirə Bədəlovanın müəllifi olduğu “Qəlblərə paylanmışam” adlı dördüncü kitabı dünyadan vaxtsız köçmüş tanınmış nevroloq-həkim, istedadlı şair, xeyriyyəçi Mir Məhəmməd Mir Sədizadəyə həsr edilib.
zengezur.com xəbər verir ki, “İmza” nəşriyyatında nəşr edilən 392 səhifəli nəfis tərtibatlı kitabda Zəngəzurun məşhur seyid nəslindən olan Mir Məhəmməd ağanın mənalı ömür yolu əks olunub, şeirləri, fotoları, dostlarının onun haqqında xatirələri toplanıb, mənsub olduğu nəslin Şeyx Mir Həmzə Seyid Nigari, Mir Sədi ağa, Mir Paşa ağa kimi nümayəndələrinin həyatı haqqında materiallar yer alıb.
Sumqayıtdakı 28 May Mədəniyyət Sarayında kitabın təqdimatı və Mir Məhəmməd həkimin anım mərasimi keçirilib, haqqında çəkilmiş film göstərilib, şeirləri, sözlərinə yazılmış musiqilər ifa edilib.
Kitabın 500 nüsxəsi təmənnasız olaraq tədbirdə iştirak edən tanınmış elm, ədəbiyyat xadimlərinə, ictimaiyyətin nümayəndələrinə, kitabxanalara paylanıb.