Fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 70 yaşı tamam olur. Ərdoğan adı 2020-ci il 27 sentyabrda başlayıb cəmi 44 gün davam edən Vətən müharibəsinin ilk günündən hər bir azərbaycanlı üçün daha dogma, əziz olub, hər kəsin qəlbində Ərdoğan sevgisi boy atıb.
Türkiyə “Bayraktar”ları bu savaşda yadelli mənfur düşmənin 930 hədəfini məhv etmişdi. 1918-ci ildə - Ənvər paşa, Nuru paşanı əbədilik yaddaşına yazan xalqımız 2020-ci ildə də Bahtiyar Ersay Paşanın - Bəxtiyar paşanın adını sevgi, sayğı ilə daimi olaraq qəlbinə, tariximizə yazdı.
Bu gün Azərbaycanın işğaldan azad edilən bölgələri də daxil, yurdumuzun bütün guşələrində - mənzil, bina, maşın, küçələrdə Azərbaycan və Türkiyə bayraqlarının, Azərbaycan və Türkiyə prezidentlərinin yanaşı dayanan fotoları qardaş türk xalqına, Türkiyə Cümhuriyyətinə, həm də Ərdoğana Azərbaycan sevgisinin təcəssümüdür, dövlətlərimizin birlik, bərabərlik rəmzidir. O, b u qələbənin memarlarından biridir. Əsl dostluq, qardaşlıq çətin günlərdə sınanar; başda Ərdoğan olmaqla, Türkiyənin Hökumət yetkililərinin Azərbaycana ötən ilin son üç aydakı səfərləri, ən mötəbər tribunalarda verdikləri qətiyyətli mesajları, haqqın, ədalətin bərpasına mənəvi, diplomatik, informasiya dəstəyi qələbəmizin əldə edilməsində mühüm amillərdən birinə çevrildi. Türkiyədə hərbi təhsil və türk hərbçilərindən təlim alan əsgər və zabitlərimizin döyüşlərin önündə getməsi, şücaəti, hərbi-vətənpərvərlik ruhu, fiziki hazırlığı, nizam-intizamı ilə örnək olması da xüsusi qeyd edilməlidir. Dekabrın 10-da Bakının Azadlıq meydanındakı möhtəşəm Zəfər paradında Ali Baş Komandan İ.Əliyevlə yanaşı dayanmış R.T.Ərdoğanın Laçın, Araz, Qarabağ ünvanlı təsirli poetik çıxışı ürəkləri riqqətə gətirmiş, Güney, Quzey Azərbaycanın ruhunu, şah damarını silkələmişdi.
Müharibənin davam etdiyi günlərdə və ondan sonra biri-birinin ardınca Bakıya gələn türk yetkililəri Ərdoğanın onlara “qardaşım İlham Əliyevi, can Azərbaycanı savaşın davam etdiyi bu gərgin günlərdə tək buraxmayın” tapşırığı verdiyini dilə gətirirdi. Savaş bitdikdən sonra da bu müharibədə Azərbaycanın qazandığı möhtəşəm hərbi-siyasi qələbəni həzm edə bilməyən güclərə Ərdoğan qətiyyətlə xəbərdarlıq etmişdi: “İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizi, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik!”
Azərbaycan ordusunun mühafizəsi altında Ağdamda Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzi quruldu, bu, bölgədə iş birliyinin yeni formatı oldu. Ərdoğan: “Qarabağda Türkiyə hərbçilərinin varlığı Türkiyə-Azərbaycan arasındakı məsələdir. Biz bu məsələni yalnız Azərbaycanla müzakirə edəcəyik. Azərbaycan istəsə Qarabağın hər yerində olacağıq!” demişdi.
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında hörmətli R.T.Ərdoğanın regionda sülhün bərqərar olması, Azərbaycanla Ermənistan arasında ən qısa zamanda sülh müqaviləsinin imzalanması, bir daha hər iki tərəfdən günahsız qanların axıdılmaması barədə dediyi olduqca müdrik sözlər onun ölkəmizdə, regionda daimi sülhün, əmin-amanlığın bərqərar olması naminə cani-könüldən göstərdiyi səylərin, içdən gələn istəyinin ifadəsi idi. Bu sözlər, ərazi bütövlüyünü tam bərpa edən ölkəmizə qarşı xristian dünyasının, beynəlxalq qurumların artan təzyiqinin dəf edilməsi üçün gərəkən addımlar atmaq əvəzinə, bir para müharibə dəllallarının, populist siyasətbazların yeni münaqişələrə bəhanələr yaratmaq yönündə təbliğatlarının, antimilli mövqe(siz)yinin əksinə olaraq, xalqımızın mütləq əksəriyyətinin fikri, arzusu ilə üst-üstə düşür: "Hörmətli mətbuat nümayəndələri, görüşlərimizdə Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımları da müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik. Fürsətdən istifadə edərək bir neçə gün əvvəl iki ölkənin sərhədində baş verən hadisələrin bir daha yaşanmamasına ümid etdiyimizi də bildirmək istəyirəm".
Dünya siyasətinə ən etkili təsir göstərən liderlərdən biri olaraq, R.T.Ərdoğanın hazırda Türkiyə siyasətini yönəltməsinin, qardaş dövlətin idarə sükanı başında durmasının Azərbaycana faydası Türkiyəuə xeyirindən daha böyükdür, üstündür və Azərbaycanın bu şansdan yetərincə yararlanmamsı təəssüf doğurur. Məs. indiyədək Şuşada Türkiyə konsulluğunun, Azərbaycanda Türkiyə universitetlərinin filiallarının açılmaması, hərbi bazasının, hərbi məktəblərinin yaradılmaması anlaşılan, qəbul edilən deyil.
Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində dediyi bu sözlər R.T.Ərdoğanın şəxsiyyət, dövlət adamı, siyasi xadim kimi fəaliyyətinin mahiyyətini, Türkiyə-Azərbaycan dostluq, qardaşlığının fəlsəfəsini səmimiyyət və müdrikliklə ifadə edir: "Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətimiz var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hər tərəfdən hücum edirlər. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, bilik, iradə tələb edir. Mənim qardaşım, bax, belə insandır və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Ona bundan sonra da müvəffəqiyyətlər diləmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik. Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya ehtiyac yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o, mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir, kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Ancaq hesab edirəm, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan vətəndaşından eşidə bilərsiniz".
Ərdoğan başqanlığında Türkiyə müasir dünyanın ən sürətlə inkişaf edən, xüsusilə hərbi sənaye, turizm, nəqliyyat infrastruktutunun yaradılması istiqamətində nəhəng irəliləyişlərə, möhtəşəm layihələrə imza atan dövlətdir.
Türkiyənin Avropa və Asiya yaxasını birləşdirən 15 Temmuz Şehitler Köprüsü, Fatih Sultan Mehmet, Yavuz Sultan Selim körpülərinin ardınca 2022-ci il 26 fevral-Ərdoğanın doğum günündə açılan 1915 Çanakkale Köprüsünün açılışı kimi, XVI əsrdən bəri Osmanlı sultanlarının ən böyük röyalarından olan Qara dənizlə Mərmərə dənizini birləşdirən su yolu - Kanal İstanbul projesinin inşası da Ərdoğan zəkasının yadigarları, Türkiyənin gücünün göstəriciləridir. 26 mart 2020-ci ildə Ərdoğanın xeyir-duası ilə başlannan Kanal İstanbulun layihə dəyəri 10 milyard dollar, uzunluğu 47 km, su üzü genişliyi 130-150 m, dərinliyi 25 m olacaq, kanal boyu şəhərlər, turizm mərkəzləri, ormanlar, iqtidai, sənaye mərkəzləri salınacaq.
Ərdoğan belə nəhəng layihələr aşiqidir, çünki özü, düşüncəsi də möhtəşəmdir. II Qarabağ savaşında - Vətən müharibəsində Azərbaycana dəstəyi kimi!
Ərdoğanın, Türkiyənin Azərbaycan dövlətinə, xalqına, prezidentinə münasibəti səmimidir, Türkiyənin, Ərdoğanın qardaşlığı içdən, cani-könüldən gələn istəkdir, başqa ikinci bir lider, dövlət, xalqla müqayisəyəgəlməzdir. Azərbaycan dövlətinin güclənməsi, xalqının firəvanlığı Türkiyənin mənafeyinə uyğundur və iki ölkə lideri daim buna çalışır. Türkiyə ilə siyasi, hərbi, mənəvi, iqtisadi birlik 3 tərəfdən naxoş münasibətli dövlətlərlə əhatə olunan Azərbaycana hava-su kimi lazımdır.
Türk dillərində qartalın boyuna, rənginə, cinsinə görə çoxlu adları var: Toğrul, toğan, ala toğan, çürə toğan, ər toğan və s. Ər Toğan qartalın böyük növlərindən biridir. Caynaqları iri, gözləri köz kimi qırmızıdır. Çaqqalı, tülkünü caynaqlarına allb göylərə qaldırır. Buludlara çatanda buraxır yerə. O dişli, dırnaqlı yirtıcılar parçalanıb dağılırlar. Toğan türklərin ərvah quşlarından biridir. Babalarımızın arxaik düşüncısinə görə alp igidlər döyüşdə ağır yaralar alanda bədənləri ölür, ruhları ölmürdü. Bir toğrulun, toğanın bədəninə köçərək yaşayırdı. Toğanların elə növü var idi ki, qanadları açılanda 20 arşın olurdu. Qardaşımız Ərdoğanın qanadları indi Egey dənizindən Xəzər dənizinədək gəlib çatır. Bir gün o qanadların Türküstan üzərindən Çin sınırlarına qədər uzandığını görəcəyik. Fars dilində türk dillərindən alınma korsak, yəni qorxaq tülkü sözü var. Korsaklar bizim Turanın qarşısında dayana bilməyəcəklər (İlhami Cəfərsoy).
Ərdoğanın illər öncə içdən gələn sevgi ilə dediyi, hər bir azərbaycanlının qəlbində özünə dərin məhəbbətlə yer tutmuş bu səmimi sözləri ürəkləri riqqətə gətirir: “Mən ölsəm də, türk əsgəri Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək”.
Və Ərdoğanın bundan sonrakı taleyinin, ömür, siyasi fəaliyyətinin nəticəsindən asılı olmayaraq, Ərdoğan adı Azərbaycan xalqının yaddaşında, tariximizdə əbədi olaraq sevgi, məhəbbətlə yaşayacaqdır.
Qürur duyuram ki, haqqında inam və sevgi ilə yazdığım “Rəcəb Tayyib Ərdoğan” kitabımın Bakıdakı təqdimatında görüş, söhbətimiz - “Ərdoğan: "Çözürüz bu sorunu, mütləq çözürüz..." (9 il əvvəlin söhbəti ilk dəfə)”- mediamızda ən çox oxunan yazılardan biridir; təkcə moderator.az və yenisabah.az - da 35 mindən çoxdur, feysbuk və digər saytlarda isə bundan daha artıqdır. O yazımın son cümləsinin altından hər zaman imza etməyə hazıram: Var ol, Ər Kişi, Ərdoğan Kişi, adını hər bir Azərbaycanlının ürəyinə yazdıran nər Kişi, bu işlər sənsiz olmazdı…
70 yaşın mübarək, Azərbaycanın Böyük Dostu, sayın Rəcəb Tayyib Ərdoğan!
Hacı NƏRİMANOĞLU
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru