İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərməkdə maraqlı olan sahibkarlar Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər.
Səfər çərçivəsində “Zəngilan və Cəbrayıl rayonlarında yaradılan investisiya imkanları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlar, azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarlıq subyektlərinə tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verib. Eləcə də fondun müvəkkil kredit təşkilatları vasitəsilə verilən güzəştli kreditlərlə bu ərazilərdə sahibkarlığın dəstəklənməsindən bəhs olunub.
Tədbir çərçivəsində SİF-in “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” zəmanət və subsidiya mexanizmi təqdim edilib. Bildirilib ki, regionda fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir və həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Bununla yanaşı, kreditin müddətinin yarısından çox olmamaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
Sahibkarlar Zəngilanın Ağalı kəndində və Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nda yaradılan şəraitlə tanış olublar.
https://azertag.az/xeber/sahibkarlar_serqi_zengezur_iqtisadi_rayonuna_sefer_edibler-2935101