İşğaldan azad edilən torpaqları yenidən daimi Vətənə çevirmək üçün Qubadlı, Zəngilan, Laçın rayonlarının Ermənistan sərhədləri yaxınlığında çoxminlik əhalinin yaşaya biləcəyi yeni abad, müasir şəhər, qəsəbə, kəndlər tikməliyik, necə ki, bədnam, üzdəniraq məkrli qonşularımız 1920-ci illərə qədər Azərbaycan türklərinin əzəli yurd yerləri, Zəngəzur bəylərinin mülkü olmuş tarixi dədə-baba ellərimizdəki kiçik kəndlərin yerində Qafan, Qacaran, Gorus kimi 50-100 min əhalinin yaşadığı iri, səliqə-sahmanlı, yaraşıqlı şəhərlər, Zeyvə, Xinzirək kimi rahat yaşayış üçün hər cür şəraiti olan böyük kəndlər inşa edib məskunlaşdırma aparıblar, biz də o yolu getməliyik. Ermənilər heç vaxt düz-düzəngahda, əkin-biçinə yararlı, çay, sel-su basma ehtimalı olan yerlərdə yaşayış yeri tikməzdi, onlar fitnə-fəsad, məkrlə əldə etdikləri torpağın hər qarışının qədir-qiymətini, dəyərini bilirdilər.
Silsilə dağların arasında, ya dərə boyunca dikdirə söykəli, sıldırım dağ, qayalara pərçimlənmiş çoxmərtəbəli binalar tikir, su çəkdirir, sosial obyektlər, sənaye sahələri, istirahət məkanları, infrstrukturlar qurub şəhər salır, məhsuldar torpaqlardan təyinatı üzrə istifadə edirdilər. Biz isə elə hey üzüaşağı dağdan arana, su qırağına qaçırıq. Məsələn, Qubadlı şəhəri, içərisində də 1992-ci ildə tikilmiş iki hərbi hissə, silah-sursat anbarları düz Bərgüşad çayının ağzında, sel-su tutan yerdə salınmışdı, üstəlik başının üstündə ermənilərin Vorotan, Tatev su anbarları Əzrayıl kimi durmuşdu. 1990-cı illərdə erməni başımıza top, raket mərmiləri yağdıranda çalada yerləşdiyindən əl içi görünən rayon mərkəzinin içinə düşür, faciələr törədirdi, atəşlər səngiyəndə, ara verəndə də, camaat qorxu keçirirdi ki, bu namərdlər Tatevin ağzın açar, ya qəsdən partladar, neçə milyon tonluq su axını ins-cins hər şeyi yuyub aparar. Ratsiyalarla ermənilər də tez-tez belə hədə-qorxu gələrdilər ki, bax gölün ağzın açarıq ha…1996-97-ci ildə leysan yağışlar nəticəsində 2 dəfə Mingəçevir su hövzəsində su həcmi yol verilən həddi aşıb bəndin üstündən axaraq az qala Mingəçevir və digər bölgələr üçün real təhlükə yarananda mən “erməni heç zaman əjdaha kimi 17 milyard kub metrlik su bəndindən 80 metr aşağıda şəhər salmazdı” fikri ilə bir neçə yazı yaymışdım. 44 günlük Vətən müharibəsində erməni generallarının Mingəçevir SES-lə bağlı tez-tez hədələri də eşidilirdi. Qubadlı, Laçın, Zəngilanda yeni təhlükəsiz iri şəhər, qəsəbə, kəndlər salmaq üçün əlverişli yerlər, təbii şərait vardır. Bu şəhərlər əsas o rayonların sayca çox olmayan sakinləri üçün nəzərdə tutulmaqla yanaşı, həm də ölkə əhalisinin, ilk növbədə mənzilsiz, evsizlikdən əziyyət çəkən gənc ailələrin, hərbçi ailələrinin üzünə açıq olmalı, burada normal yaşayış üçün ən yaxşı imkanlar, maddi təminat, iş yerləri, ali, orta ixtisas təhsili müəssisələri, hərbi məktəblər, sənaye-istehsal sahələri, sosial obyektlər tikilməli, infrastruktur qurulmalı, yerli, xarici investorlar cəlb olunmalıdır. Bunun üçün dövlətimizin hər cür imkanı, xalqımızın mənəvi yetkinliyi, yurdsevərlik duyğuları var.
Dədə Qorqud öyüdü, Bəkil oğlu İmran örnəyi
Ana kitabımız "Kitabi-Dədə Qorqud"da, oğuz-türk tarixində ibrətamiz olay, detal, öyüdlər var. “Bəkil oğlu İmranın boyu”nu xatırlayaq; Xanlar xanı Bayındır xan İç Oğuz vә Daş Oğuz bәylәrini hər zaman olduğu kimi yenə məsləhətə yığmışdı. Bu zaman doqquz tümәnlik Gürcüstanın xәracı da gәldi. Dәdә Qorqudun məsləhəti ilə bu dəfəki xərac- bir at, bir qılınc vә bir çomaq oğuz elinin sərhəddinə qarovul çәkmək üçün Bәkil deyilәn bir igidə verilir. Dədə Qorqud qılıncı onun belinә bağlayır, ox-yayı qoluna keçirir, Bәkil şaһanә ayğırı çәkib minir, qoһum-әqrәbasını ayırır, ev-eşiyini yığışdırıb oğuz elindәn köçüb Gürcüstan sәrһәdindә çadır qurur, buranı vətən edib, həm də yurda qarovulçuluq edir. Buralara gələn yad kafirin başını kəsib Oğuz elinә һәdiyyә göndәrir. Xanlar xanı Bayındır da Bəkili hər zaman hörmət, izzətlə çadırında qonaq edər, ən yaxşı atı, qaftanı, bolluca xərcliklə ona verər, əzizlər, hörmət edərdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün son çıxışlarında, Qarabağa səfərləri zamanı verdiyi tapşırıqlarda məhz bu müdriklik, sərhədə belə qayğı, diqqət, sevgi, səxavətli yanaşma açkar görünür.
Azad edilən torpaqları yenidən Vətənə çevirmək borcumuz var
1980-90-cı illəri xatırlatmağa məcburam; Sumqayıt-Qubadlı, Bakı-Qubadlı avtobuslarına biletin qiyməti 7-8 manat idi. Ancaq rayon mərkəzindən Seytas, Gürcülü, Məlikəhmədli, Novlu, Göyyal, Başarat və s. kəndlərə gedib çıxmaq üçün 12-15 manata ancaq UAZ, NİVA maşını tapa bilsəydin sevinərdin, onlarla da ancaq bir çox kəndin ayağına qədər gedib çıxmaq olurdu, gərək bir xeyli də “11 nömrə” ilə dikə qalxaydın. Təii qaz Ağdamdan-Stepanakertdən keçib Gorusa gedirdi, bir də təzədən Gorusdan erməni bölgüsü ilə Qubadlıya, Laçına limit ayrılırdı. Orta məktəbin son siniflərini oxumaq üçün gərək neçə km uzaq yol gedib gələydin, ya rayon mərkəzində ev tutub qohum evində qalıb oxuyaydın. Digər problemlər də bunlar kimi. Ana-bacıların təndirdə, sacda çörək, yuxa bişirməyi ən zülüm işlərdən biri idi. Mənəvi cəhətdən əzablı işlərdən biri çörək, yağ, pendir, ət, çay, geyim almaq üçün Qafanın dükan, bazarlarına üz tutmaq, alver etmək məcburiyyətində qalmaq idi, “axşam çapan, gündüz Kafan” deyimi həm qonşularda, həm də bizdə məşhur idi. Zəngilan, Qubadlının onlarla insanı Qafan, Qacaranın zəhərli molibden zavodlarında ən zərərli sexlərdə işləmək məcburiyyətində qalırdı. Ağrı-acılı hallar, vəziyyətlər təkcə bunlar deyildi…Dövlətimizin qayıdış, yurda dönüş proqramlarında, inanıram ki, bu və digər amillər nəzərə alınacaqdır.Təbii ki, söhbət kiçik, pərakəndə kəndlərin tamam ləğvindən getmir, onların da hamısı olmasa da, bir çoxu qalacaqdır və qalmalıdır, bu, sakinlərin istəyinə bağlı olan məsələdir. Ancaq Dövlətimizin siyasətində, düşünürəm ki, sərhədlərdə böyük yaşayış məskənləri salınması yolu ilə hərb, mülki möhkəmləndirmə işləri də əsas məsələlərdən biri olmalıdır. Bu, həm də əhalisi ilə gərəyindən artıq "şişmiş" Bakı və digər şəhərlərimizin "yükünün" azalması, qürbət ellərdə vətən həsrəti çəkən gənclərimizin doğma yurda qayıdışı, demoqrafik vəziyyətdə balansın qorunub saxlanması, əhali artımının regonlar üzrə paylanması üçün də bir vasitə olacaqdır.
Sərhəd etibarlı, keçilməz səddə çevrilməli, xalqın, dövlətin güc, güvvəsinin, rifah və qüdrətinin aynası olmalıdır-həm də sərhəddəki abad şəhər, kəndləri ilə! Torpağı Vətən etməyin bir yolu da budur.
Tale bizi qaradonlu, sası dinli, azğın, imansız kafirlə qonşuluqda yaşamağa məhkum edib. Hər zaman bu amili nəzərə almalı, tarixin verdiyi dərslərdən ibrət götürməliyik ki, yaşadığımız faciələr bir daha təkrar olmasın!
Sözardı: məqalədə qarşıya qoyulan mətləbin, məqsədin daha aydın görünməsi fikri ilə ermənilərin Zəngəzur ellərimizdə özlərinə vətən etdikləri Qafan, Qacaran, Gorus şəhərlərindən foto-görüntülər də əlavə etmək istədim, ancaq bunu oxucunun öhdəsinə buraxdım...
Hacı NƏRİMANOĞLU,
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru