Famil Mirkişi oğlu Paşayev - Famil Mirkişili...Qubadlıda onu tanımayan az adam olar. Uzun illər müəllim, məktəb direktoru, sovet sədri, icra nümayəndəsi, YAP-ın rayon təşkilatının ilk qurucu və rəhbərlərindən biri, savadlı, xeyirxah, gülərüz, mehriban insan, layiqli övladlar böyüdən ata...cəmi 61 il yaşadı. "Zəngəzur" Cəmiyyətləri Birliyi İdarə Heyətinin üzvü idi. Fəxri xiyaban, Qurd qapısı, Elmlər Akademiyasının həndəvərində tez-tez görüşər, Qubadlı həsrəti ilə dərdləşərdik. Yaxşılar unudulmur. Qızı Aynur xanımın atasının xatirəsinə həsr etdiyi yazını təqdim edirəm. Həyatdan vaxtsız, dünyaya göz açıb böyüdüyü doğma yurd yerlərindən nigaran gedən Ata haqqında istəkli qızından gözəl kim yaza bilər ki?! Ruhun şad olsun, əziz, unudulmaz Famin müəllim! Hacı Nərimanoğlu
"Dağ kimi uca, vüqarlı, məğrur, əyilməz, əsl kişilik simvolu - mənim ATAM! Bu gün xatirələrdə yaşasan da, hər zaman səninlə qürur duymuşam, fəxr etmişəm ki, sənin kimi Kişinin qızıyam. Bir qız üçün Ata tam başqa dünyadır. Güvəndiyin, inandığın, məsləhət yerin, çətinə düşəndə arxan-dayağın, çiynində hüzur tapdığın, saçını tumarladıqca dünyanın ən xoşbəxti olduğun, səni bütün təhlükələrdən qoruyan himayədarın… Yadıma bir əhvalat düşdü. Deyirlər ki, körpünün üstü ilə gedəndə bir qızcığaz atasına deyir ki, ata, qorxuram, əlimi bərk tut. Ata deyir ki, qızım sən mənim əlimi bərk tut, qorxma. Qızcığaz deyir ki, yox ata, sən mənim əlimi tut ki, nə təhlükə də olsa, heç vaxt əlimi buraxmazsan, amma mən buraxaram. Atalar canı bahasına da olsa, heç vaxt övladlarını buraxıb getməzlər…
Atam, sən də belə idin! Üç övladınla fəxr edirdin, sanki bir bağban kimi becərdiyin ağacların meyvəsini daddıqca dünyanın ən xoşbəxt atası olurdun, bizimlə söhbətdən doymazdın... O qəfil gecə (09.03.2013) səni yuxuda bizdən aldı… 11 il keçsə də, qəlbim için-için sızlar, gözüm hər yerdə səni gəzər, yoxluğunla barışa bilmirəm… Ömrünün 61-ci baharında özün də bilmədən ani gedişinin geriyə dönüşü olmadı, ürəyimdə sənə deyiləsi o qədər sözlərim qaldı. Bu da bir tale, qismətiymiş…Neynəmək olar?! Sən sağlığında rəhmət qazanmışdın. Adına layiq övlad böyütdüyün üçün, Sənin qızın olduğum üçün sonsuza qədər Tanrıya şükür edirəm. Rahat uyu, canım Atam! Amma yaman ağır imiş ATASIZ DÜNYA!
Atası olanlar qədirini bilin...
Yaman ağır imiş atasız dünya...
Ona səcdə qılın ona baş əyin...
Yaman ağır imiş atasız dünya...
Qapıya baxıram qapını açmır...
Şəklinə baxıram dinmir danışmır...
Könlüm yas saxlayır könlüm barışmır...
Yaman ağır imiş atasız dünya...
Yerini heç kim verə bilməz🖤 Səni sonsuzadək bütün varlığı ilə sevən qızın - Aynur FAMİLQIZI!"