Bu gün martın 14-də filologiya elmləri, doktoru, professor Şirindil Alışanlı haqqın dərgahına qovuşdu.
Müasir ədəbiyyatşünaslıq elmimizin ən parlaq simalarından biri, dərin savadı, geniş erudisiyası, yüksək intellekti ilə fərqlənən Şirindil Alışanlı dəyərli ziyalılarımızdan biri idi. Böyük tribunalarda səsi nə qədər gur, fikirləri nə qədər məntiqli, alim mövqeyi obyektiv idisə, sinəsində gəzdirdiyi ürəyi də bir o qədər yumşaq, dağ çiçəkləri kimi zərif idi.
Uca Tanrı ona hər şeyi bol-bol vermişdi. Alp ərənlər kimi boylu-buxunlu, müdrik filosoflar kimi İmran dilli, ensiklopedik yaddaşa malik, dostluqda sədaqətli, ailədə ailəcanlı bir Vətən oğluydu Şirindil müəllim.
Neçə-neçə aspirantına, dissertantına təmənnasız kömək göstərən, iş yoldaşlarının hər birinin ən kiçik qayğısını özünün böyük problemi hesab edən Şirindil müəllimin belə vaxtsız gedişi bütün xalqımız üçün böyük itkidir. Məkanın cənnət olsun, əziz Şirindil müəllim!
Mərhum professor Şirindil Alışanlının vəfatından kədərləndiyimizi bildirir, əzizlərinə dərin hüznlə başsağlığı veririk.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti, Ağsaqqallar Şurası