Razim Əliyev: Dostəli müəllimlə uzun illər Qubadlı rayon partiya komitəsində birlikdə işləmişik. O savadı, əxlaqı, insanlara səmimi münasibəti, məsuliyyətli işgüzarlığı ilə rayonda böyük nüfuz qazanmışdı. Uzun illər rayon sovetinin deputatı olmuşdu, rayon qəzetində, rayon sovetində işləmişdi, rayon həmkarlar təşkilatının sədri kimi məsul, hörmətli vəzifədə çalışmışdı, hər yerdə də özünə çox az sayda rəhbər işçiyə nəsib olan xətir-hörmət qazanmışdı. Məkanın behişt olsun, əziz dost! (dəfn mərasimindəki çıxışından).
Hüseyn Şahbəndəyev: APİ-nin filologiya fakültəsində biz I kursda oxuyanda, Dostəli müəllim bizdən yuxarı kursda idi. O, təkcə qrup yoldaşımız Hacıya deyil, hamımıza böyük qardaş oldu, kənddən şəhərə təzə gələn biz kənd uşaqları fakültəmizdə, yataqxanada onu özümüzə arxa, dayaq görüb bildik. 108-ci qrupumuzun səhifəsində elə belə də yazdıq: -108 öz böyük qardaşını itirdi. Qubadlının Saray kəndində 45 il öncə Nəriman əminin ocağında Dostəli qardaşımızın toyunda 12 rayondan tələbə oğlan və qızlar da gedib böyük həvəslə iştirak etmişdik və o unudulmaz günlər, o torpaq, o ailə bizim yaddaşımıza əbədi yazılıb. Gecə bu xəbəri eşidən kimi hamımız bu dəfn mərasimində iştirak etməyi özümüzə mənəvi borc bildik, bu kədərli gündə Dostəli müəllimi hüznlə əbədiyyətə yola salanlar arasında Astara, Cəlilabad, Qazax, Zəngilan, Kəlbəcər elindən gələn dilçi, ədəbiyyatçı müəllim, alim, şair var, onlar Dostəli sevgisini, O ada əbədi ehtiramını ifadə etmək üçün buradadır. Mənə çox çətindir danışmaq, bircə onu bilirəm ki, Dostəli müəllimin işıqlı surəti, nurlu xatirəsi hər zaman qəlbimizdə yaşayacaq... (dəfnindəki çıxışından)
Vüqar Həsənov, “Qubadlını unutmadıq” feysbuk qrupunun idarəçisi: Əziz Qubadlılar, rayonumuzun Saray kəndində doğulub yaşamış dəyərli ziyalımız, istedadlı yazıçı, jurnalist kimi ictimaiyyət arasında böyük hörmət və nüfuz qazanmış, xeyirxah insan Dostəli Nəriman oğlu Abdullayev vəfat edib! Mərhumun xatirəsi üçün 3/7 mərasimi 18 mart 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsindəki Cümə Məscidində saat 19:00-da iftar süfrəsi açılacaq.
Rəhnumə MirQarabagi MirSədizadə: İndicə duyduğum acı xəbər məni çox sarsıtdı, Allah rəhmət eləsin, heyf sizdən, gözəl insan, Dostəli müəllim...Şəxsim və Mir Sədi, Mir Məhəmməd ocağı adından bütün Hacı Fətəli ocağı mənsublarına dərin hüznlə başsağlığı verirəm. Nur içində yatasan, Dostəli müəllim!
Sevil Ay: Neçə gündü özümü aldatmağa çalışıram, deyirəm ki, "yox müəllimlər ölməz", "o əcələ təslim olmaq üçün gəlməmişdi axı". Amma həqiqət hər zaman ağrıdır. Mən anam, atam, qardaşım, bacım dünyadan köçəndə də bu cür aldadırdım özümü. Onlar qədər ağrıtdı Dostəli müəllimin bu gedişi. Elə onlar kimi də getdi, səssiz, səmirsiz...
Səadət Cahangir: Orta məktəb illərimin ən işıqlı xatirələrini yaşadan ədəbiyyat müəllimim Dostəli Abdullayev vəfat etdi. Onun gedişiylə keçmiş günlərin parlaq rəngləri də bir az solğunlaşdı, sanki. Ailəmizdəki uşaqların hamısı texniki fənlər üzrə ali təhsil alsa da, ənənəni pozan mən olmuşam. Jurnalist olmaq istəyimi Dostəli müəllimə olan sevgim birəbeş artırmışdı. Amma tək mənim yox, ailəmizin sevimlisiydi O. Rəhmətlik anam deyərdi ki, "mən həkim olmağını istədim, Dostəli müəllimin sözünü məndən üstün tutdun, ədəbiyyatı seçdin". Hərçənd zamanla anam da seçimimin doğru olduğuna inandı. Ədəbiyyatın alim səviyyəsində bilicisi idi, müdrik və ləyaqətli insan idi. Bu xüsusiyyətlərinə görə bütün rayonda nüfuzu və hörməti vardı...Dostəli müəllimin həyatımda, insan kimi formalaşmağımda böyük rolu var. Uzun zamandan bəri görüşməsək də, onun uşaqlıqdan içimdə yandırdığı işıq sona qədər yolumu aydınladacaq. Məkanın cənnət olsun, əziz müəllim! Ruhun hər zaman işıqlı olsun! Qubadlının ən maraqlı kitabxanası idi o. Bizə yaşamağ eşqini, ümidi, mübarizəni, əzmi öyrədən, təbliğ edən adamla vidalaşmaq elə yaşamla, ümidlə vidalaşmağa bərabərdi mənim üçün. Nədən tutunaq, nəyə inanaq? Sən bizim bu dünyada tutunacaq sonuncu budağımız idin, sonuncu böyüyümüz, məsləhət yerimiz idin ...Ruhu uca adam, bizə göy üzündən dözüm arzula.
Tahirə Özturk: Bu acı xəbərdən çox kədərləndim. Yox, bu gerçək ola bilməz dedim...70 illik yubileyində “Vətən səsi” qəzetində yazı vermişdim. Yenidən görüşünüzə gələcəkdim, Dostəli müəllim! Qubadlımızdan, kəndlərimizin geçmişindən, bu günündən söz açacaqdıq...Hər zaman 30 il həsrətini çəkdiyimiz, şeirlər həsr etdiyiniz, içi təpili, qurulu evlər qoyub gəldiyiniz o doğma yurdda yaşayamaq istəmişdiniz...təəssüf. Bütün Adullayevlərə kədərləndiyimi bildirir və dərin hüzünlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Ruhun şad, məkanın cənnət olsun, əziz müəllimimiz!
Səltənət Ə. Bədəlova: Ailəmiz adından kədər hissilə başsağlığı verirəm, Dostəli müəllimin itkisi hamımız üçün ağırdır. Allah rəhmət eləsin.
Xeybər Göyyallı: Dostəli Abdullayevin ömür-gününün xatirələrə çevrildiyini dünən eşitdim. Onun xatirələrdə nurlu simasının işığı qaldı. O həm zahirən, həm də daxilən işıqlı insan idi. Bu nur onun mənəvi dünyasının işığı idi. Bu nur hər kəsə nəsib olmur. İnsanoğlunda olan bütün nəsnələr-ruhi və mənəvi nə varsa Tanrı lütfüdür. Bu nuru, bu işığı Tanrı yalnız xeyirxah insanlara bəxş edir.Mən Dostəli müəllimin xeyirxahlığını gerçəkdən görənlərdənəm...Dostəli Abdullayev əhatəsində olduğum insan axını(toplum) içərisində seçilənlərdən idi. Əslində, o, bu axın içərisində özünü-mövqeyini bacardığı qədər qoruyub saxlamışdı. Elə buna görə də yaxşı ad qazanmışdı. Yaxşı deyilib ki, insan xatirəyə dönəndə ondan yalnız ad qalır. Baxır, o ad necə qalır...Dostəli müəllim şərəfli ömür yaşadı. Çünki əqidəli, milli məsləkli və təəssübkeş bir ziyalı idi. O, yaddaşlarda belə qalacaq. Bu gün onun barəsində hamının müsbət fikirdə olduğuna əminəm. Mən bu gün yox, həmişə onun haqqında müsbət fikirdə olmuşam. Onun barəsində söhbət düşəndə də həmişə fikrimi bildirmişəm. O da yadımdadır ki, “Bərgüşad” qəzetinin 80 illiyi ilə bağlı hazırlanmış kitabdakı yazımda da onun xeyirxahlığını qeyd etmişəm. Onu ilk dəfə “Avanqard”dan tanımışam. Şəxsi tanışlıqdan əvvəl imzası ilə tanış olmuşam. Şəxsi tanışlığımızda elə “Avanqard”ın redaksiyasında olmuşdu. Doğrusu, tanışlığımızın təfərrüatı yadımda qalmayıb. Səksəninci illərin əvvəli idi. Yenidənqurma və aşkarlıq küləyi hələ hiss olunmurdu. Amma Dostəli Abdullayevin imzası qəzetə titrək nəfəs, yeni rəngin qatıldığından xəbər verirdi. İlk yazımı “Avanqard”a apardığım günü də unutmuşam. Onu bilirəm ki, Dostəli müəllim qəzetdə oxucu məktubları şöbəsinin müdiri idi. Mənim qəzetdə vaxtaşırı (bir müddət lap müntəzəm olaraq) müxtəlif mövzularda məqalələrlə çıxış etməyimə maraq və həvəs yaradan O idi. Bir çox qələm-əhlindən fərqli olaraq Dostəli Abdullayev təmiz və saf bir ürəyə sahib idi.O, mənim “Avanqard” qəzetində işləməyim üçün çox çalışırdı. Yaxşı insanlar bu işıqlı dünyanı tərk edəndə məndə o biri dünyanın varlığına inam bir qədər də artır.Tanrı sevdiklərini bu dünyadan tez aparır. Ruhun şad olsun, xeyirxah insan, əziz Dostəli müəllim.
https://butov.az/edebiyyat/zengezur/37305-xeybr-goyyall-onun-xatirlrd-nurlu-simasnn-i-qald.html?fbclid=IwAR2eYqQRLPzCRHWd4QEp4URHnIV46L8w5gpl-QMY26LWYtZKogziBVCtCTw
Rövşən Murad: Qubadlı elindən bir dəyərli Vətən oğlu da əbədiyyətə qovuşdu. Elimiz Elinin dərdi ilə yaşayan bir Eloğlunu - Dostəli Abdullayev müəllimi də itirdi, onu hörmət və rəhmətlə anırıq... Mən Dostəli müəllimi şəxsən yox, sosial şəbəkə üzərində tanımışam. Yazdıqları fikirləri və başqalarının yazdığı fikirlərə münasibəti ilə məndə və çoxlarında özünə qarşı bir hörmət formalaşdırmışdı. Yaxın keçmişdə Qubadlımızı yaxşı təbliğ etdiyimiz üçün mənə və “Qubadlını unutmayaq” qrupunun admini Könul xanıma təşəkkür statusu yazmışdı. Dostəli müəllimi sevdirən onun sadə və səmimiliyidir. Yazılanlarda da görünür ki, adı, xatirəsi insanların qəlbində əbədi yaşayacaqdır. İnsan üçün özündən sonra qoya biləcəyi ən qiymətli varidat da elə budur. Dostəli müəllimi hörmət və rəhmətlə anır, yaxınlarına, doğmalarına və sevənlərinə dərin hüznlə başsağlığı verirəm.
Allahverdi Əliyev: Dostəli müəllim kimi insanlar dünyaya çox az-az gəlir. İnsan nə qədər sadə olar, insan nə qədər təvazökar olar, insan özünü nə qədər şux tutan olar, insan nə qədər yaxşılıqsevən, təəssübkeş, qayğıkeş olar...İnanmağım gəlmir, vallah gəlmir. Hayıf sənnən gözəl insan, gözəl qardaş. Allah rəhmət eləsin Sənə, məzarın nurlu olsun unudulmaz Dostəli müəllim.
Ədəbiyyatçılar və dilçilərin facebook qrupu: Qrupumuzun ən hörmətli, fəal, savadlı üzvlərindən biri olan Dostəli müəllimin vəfatı xəbərini üzüntü ilə qarşıladıq, hər zaman yeri görünəcək, heyf Ondan...
Gülbəniz Əhmədova: Dünyasını dəyişən hər kəs – yaxşı da, yaman da özündən sonra ad qoyub gedirlər. Dostəli qardaş kimi təmiz, xətir-hörmətli ad, iz qoyub getmək də xoşbəxtlikdir. Şakir müəllimin söhbətləri ilə aləmizdə həmişə sevilən şəxslərdən olub Dostəli qardaş, ruhu şad olsun.
Zeynəb Sirinova: Bütün insani keyfiyətləri özündə cəmləşdirən, hər kəsi öz diliynən dindirib danışdıran Dostəli müəllim, sənə Böyük Allahın rəhməti olsun.
Rəşid Bərgüşadlı: Qardaşım Dostəli, deyirlər insan bu dünyaya gəlməmişdən qabaq valideynlərini özü seçirmiş. Biləsən, bir də bura gələsi olsam, heç kimi, hətta dədəm Nərimanı da yox, səni və Nüşabəni özümə valideyn seçəcəm. Ailə sevginizə bürünmək, Rəmziyə, Günaya, Anara qardaş olmaq üçün. Sən çox yaxşı insan, çox yaxşı ailə başçısı və çox yaxşı qardaş oldun. Cənnətə gedənlərə qibtə edirəm – Orada ağılla və ədalətlə qərar verən sənin kimi bir Dostları olacaq. Darıxma, burda mühüm işimiz qalmayıb, çox ləngiməyəcəyik...
Qafqaz Əvəzoğlu Dəmirov: Rəşid sənin yazın məni yaman göynətdi!..Allahdan sizlərə səbir diləyirəm!.. Dostəli müəllim dedikcə çox gözəl insan idi. Çox heyif!..
Sahin Heydərov: Dostəli müəllim Qubadlı üçün cox böyük, ağır itkidir, məkanı cənnət olsun.
Xan Resuloglu: Hər kəsi özü kimi xeyirxah, Vətəni Bütöv görən ziyalı insan idi, ruhu şad olsun Dostəli qardaşımızın.
Adil Həsənoğlu: Böyük qağamızın məkanı cənnət olsun, Allah səbr versin sizə, qardaşlar!
Mehman Qaraxanoglu: Ustadlarımızın sırası seyrəlir...Soyuq cümlədir. Amma buna qədər Ustadla bağlı nə qədər hərarətli fikirləri içəriləyir bu cümlə...Üç kurs bizdən yuxarıda oxuyan və qrup yoldaşımız Hacının doğmaca qardaşı olan Dostəli az zaman içərisində hamımıza qardaş olmaqla bərabər, həm də ədəbiyyatın qəliz meşələrində azmamaq üçün bizə bələdçilik elədi, ilk qələm təcrübələrimizə həssaslıqla yanaşdı, sevə-sevə tənqid etdi bizi və əsl Təhlilçimiz oldu. Çox şeylər öyrəndik ondan, ölümünə də müəllimlik statusu vedi: mətn kimi özünə çəkilərək sükut səltənətinə yollandı. Qayıdacağına inanırıq, əziz Dostəli Müəllim!
Hüseyn Şahbəndəyev: Mehman müəllim, dünən məzarının başında vidalaşarkən göz yaşlarına hakim olmamağımız, o qədər camaat arasında doğmalarıtək boynubüküklüyümüz Böyük Qardaşımıza ehtiramımızın ifadəsi idi...O, sağlığında bu haqqı qazanmışdı! Dostəli qağamızın ruhu şad olsun!
Əli Bəy Azəri: “Xəzan” jurnalımızda çox çap olunub Dostəli müəllim, əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Yeri cənnət olsun.
Fehruz Quliyev: Çox gözəl və qayğıkeş insan idi Dostəli müəllim. Məzarı nurla dolsun. Əzizləriniə başsağlığı verirəm və Allah hər birinə səbir versin.
Tamxil Ziyəddinoğlu Hacıyev: Dostəli qardaşımızın ruhuna dərin ehtiramla, sonsuz sayğılarla; yanvar ayında "Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, dostum Hacı Nərimanoğlu Dostəli müəllimə ürək sözlərini, səmimi arzularını səmimi bir şeirlə ifadə etmişdi, "Bütöv Azərbaycan" qəzetində yubiley təbriki ilə bərabər dərc elədik, oxucular da maraqla qarşıladı. Dostəli müəllimin sağalmaz xəstəliklə mücadilə apardığını da onda öyrəndik. Nəşr olunmuş iki kitabında toplanan roman, povest, esse, şeir, hekayələr müəllifi olan bu dəyərli yazıçı, jurnalistimiz üçün biz də hər gün dualar etdik. Hacı ilə hər danışanda ciyərinin necə yandığını səsindən hiss edirdim, bu iki qardaş həm də dost, tələbə yoldaşı idilər. Hacı dostumuzun qorxu içində gözlədiyi o günün gəldiyini öyrənəndə biz də çox üzüldük. 30 il Zəngəzur, Qubadlı həsrəti içində qıvrılan usta yazarımız Dostəli Abdullayevin ailəsinə, Hacı Nərimanoğlunun şəxsində bütün əzizlərinə "Bütöv Azərbaycan" qəzetinin yaradıcı kollektivi və "Hərbi Jurnalistlər Birliyi" İdarə Heyəti adından kədərləndiyimizi bildiririk və dərin hüznlə başsağlığı veririk, başınız sağ olsun deyirik. Allah rəhmət eləsin. Dostəli müəllimin ruhu şad, əbədi məkanı cənnət olsun!
Dostəli qardaşımızın ruhuna dərin ehtiram və sayğılarla: Tamxil Ziyəddinoğlu
https://butov.az/edebiyyat/zengezur/37142-dostli-qardamzn-ruhuna-drin-ehtiram-v-saylarla.html?fbclid=IwAR0_SpfiX9HCupeEQoapuozs_v_-EJA2pp5kft5UcbcWaauOPRFJxvFmWI0 18.03.24, “Bütöv Azərbaycan” qəzeti
Hacı Nərimanoğlu: Şah Qardaşım, Dostum, bilsəydin sənsiz necə ağırdı...