Rusiya prezidentinin, Təhlükəsizlik Şurasının katibinin və digər Kreml rəsmilərinin “Krokus Siti Holl”da baş verən terror aktının icraçıları və sifarişçiləri haqqında konkret ünvanlar göstərməsinə baxmayaraq, rusiyalı telejurnalist Vladimir Solovyovun bu teraktda “azərbaycanlı izi” axtarmaq cəhdləri onun həmişə olduğu kimi, yenə də erməni lobbisinin Azərbaycana qarşı sifarişini yerinə yetirməsinin növbəti uğursuz cəhdidir. Ancaq təəccüblü budur ki, rəsmi Moskva yenə də bu sərsəm iddiaya münasibət bildirmir.
30 ildən çoxdur ki, daim terror aktlarına məruz qalan Bakının hər hansı terror aktında, xüsusilə də hazırda Rusiyanın az sayda strateji tərəfdaşlarından biri olan Azərbaycanın terrorizmin hər cür təzahürlərinə qarşı qətiyyətli, ardıcıl, şəffaf mübarizə aparması şimal qonşumuza və bütün dünyaya məlumdur.
"Zəngəzur" cəmiyyətləri ictimai birliyi hər zaman Azərbaycanla münasibətlərinin strateji müttəfiqlik səviyyəsində olduğunu bəyan edən rəsmi Rusiyanı Solovyov kimi jurnalistlərin peşə və siyasi etikaya sığmayan belə davamlı böhtanlarına, iki dövlət arasında mehriban münasibətləri pozmağa yönələn üzdəniraq şərçi fəaliyyətlərinə son qoymağa çağırır.