4 Şəhidimiz haqqında təqdim etdiyim bu yazı 1993-94-cü ildə 100-dən çox Şəhidimizin ömür, döyüş yolu barədə yazdığım 4 kitabdan parçalardır. İndi həmin kitabları Şəhid ailələrinin çoxsaylı müraciətlərini, arzu, istəklərini nəzərə alıb kirildən indiki əlifbamızla təkrar nəşrə hazırlamaqla məşğulam. 44 gün davam edən qalibiyyətli Vətən müharibəsinin Şəhid və Qaziləri haqqında hər gün televiziyalarımızda verilişlər gedir, sosial şəbəklərdə şahidlər danışır, çoxlu döyüşlər, əməliyyatlar barədə, əsgər və zabitlərimizin qəhrəmanlığı, cəsarəti, şücaətləri ilə dolu olduqca maraqlı söhbətlər edirlər. Bunlar hamısı yazıya alınmalı, məqalələr yazılıb kitablarda nəşr olunub bu günkü, gələcək nəsillərə çatdırılmalıdır. Şuşanın alınması ən gözəl film üçün hazır mövzudur, məsələn, “300 Spartalı” kimi. Görəsən bunlarla məşğul olan varmı? KİV-də, sosial şəbəkələrdə məlumat getmir bu haqda. Ancaq bunlar isti-isti edilməlidir, sonra gec olur. Yazılan xatirələr, kitablar - Söz qalır, tarixə çevrilir.
Şəhid atam - qalibiyyət bayrağım
Allah yolunda savaşın sizinlə savaşanlarla. Təcavüzkarları sevməz Allah. Harda yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxardın onları. Sizə təcavüz eləyənə sizə təcavuz elədiyi sayaq təcavüz eləyin. Qurani-Kərim , Bərəqə surəsi, 190-194.
Balalarının dilinin əzbəridi Nizami, mən şəhid anasıyam, dözürəm birtəhər, ay parçası kimi gəlinimə baxdıqca ürəyim şan-şan əriyib tökülür, özü bəyənib, sevib, seçib almışdı. Bir toy eləmişdik ki, hamı neçə illər o toydan danışırdı. Elə mehriban idilər ki. Hələ neçə il idi birinin sözün o birinə xoş gəlmədiyini görməmişdim, bir baxışla anlaşırdılar. 60 gündür sifətindən kədər, gözündən yaş əskik olmayıb Xalidənin.
Şükür yaradanın böyüklüyünə ki, üç övlad verib, onların nəfəsinə, həvəsinə ayaq üstə qalmışıq, atası Qorçu da, mən də, gəlin də. Yoxsa yerimiz yanında çoxdan hazırdı. Allaha ağır getməsin, birdən elə həvəsiyirəm, elə qəribsəyirəm ki, balamın yanına tez getmək üçün, heç olmasa o dünyada tək qalmasın.
Balasız ananın gülərmi üzü,
Qəmlidir ürəyi, nəmlidir gözü.
Nizami, nə vaxtsız tərk etdin bizi,
Ahımdan ürəyim, dilim ağlayır.
Necə tab eləyir, necə tablaşır,
Bu qədər mehnətə, dərdə ürəyim.
İnanmazdım dözə, bu ağır yükə,
Bir yumruq boyunda qanlı ürəyim.
Böyüyü 5-ci sinifdə oxuyur, şeirlər tapıb əzbərləyir ki, məktəb açılanda deyəcəyəm.
Döyüşlərə igid kimi,
Yollanıbdı mənim atam.
İstəyirəm böyüyəndə,
Amalını uca tutam.
Layiq olam şöhrətinə,
Adına mən
Ömrüm boyu yanam gərək,
Vətənimin oduna mən.
Şəhid atam düşmənlərə
Göz dağıdır.
Başım üstə dalğalanan
Qalibiyyət bayrağımdır.
O günü görürəm ki dəftərinə yazıb: “Ucaboy, gülərüz, mehriban atamız! Sənin Aynurən, Zaurun, Aysun istəkli atamızın Şəhid adından qürur duyurlar. Adın dilimizdə, nəcib, nurlu sifətin gözümüzdə, həsrətin qəlbimizdə həmişə yaşayacaqdır, ata!
Neçə ki, dünya var, Azərbaycan var,
Şəhidlik adını daşıyacaqsan.
Aldı öz qoynuna səni bu Vətən,
Qəlbimdə əbədi yaşayacaqsan.”
İstedadlı şairəmiz var Bəsti Bərdəli, Mingəçevirdə yaşayır, bu şeri Xalidəyə ithaf eliyib:
Ağlama, gözəl!
“Şəhid baş leytenant Nizami Səmədovun vəfalı ömür-gün yoldaşına
Bu dərdli qəlbimi göynətmə belə,
Qövr edən yaramı tərpətmə belə,
Ağlayıb buludu kövrəltmə belə,
Ağlama, sən Allah, ağlama, gözəl.
Təzə çiçək kimi erkən yaşında,
Donmusan həsrətin soyuq qışında,
Elə qəmli- qəmli məzar başında
Ağlama, sən Allah, ağlama, gözəl.
O şux qamətini bükmə belə sən,
Didib könülləri sökmə belə sən,
Gözünün yaşını tökmə belə sən,
Ağlama, sən Allah, ağlama, gözəl.
Ürəyin qanayır, gözlərin daşır,
Ümid aza- aza sədləri aşır,
Bəndələr də çaşır, Allah da çaşır,
Ağlama, sən Allah, ağlama, gözəl.”
Xalidənin İsmayıllı dağlarının qoynunda uyuyan, üç ciyərparasının atası Nizamiyə ünvanladığı ürək sözləri.
...Bircə bileydin, sənsiz necə çətindi, ürəyimə şaxta, boran, qar ələndi, sən gedəli ovundurmur heç nə məni, nə yayın istisi, nə təbiətin gözəlliyi isindirmir qəlbimi. Qanadı qırılmış yaralı quşam, elə çətindi gəzəm, ayaq üstə dolaşam. Gecələr qor dolur, bumbuz olur yatağım, göz yaşımla islanır yanaqlarım.
Sənli günlərimin nurlu xatirələri dolanır, dayanır göz önündə, heyif , heyif ki, qayıtmaz bir daha, qalıb ömrün o üzündə. Söylə, yadındamı ilk görüş yeri, unutmaq olarmı sənli günləri. Necə də xoşbəxtdim bir zaman Allah, yerlər də, göylər də mənimdi Alllah, xoşbəxtlərin xoşbəxtiydim dünyada, bir əlçatmaz dünyam vardı dünyada.
Əllərim əllərinə, gözlərim gözlərinə həsrət qalıb, gülüşüm dodağımda, təbəssümüm üzümdə donub qalıb. Ömrümüzün axı bahar çağıydı, üç gül üzlü balamız bar-bəhrəli bağıydı, sən o bağın bağbanı, arxamız, vüqarlı bir dağ idin, indi bəs o bağ hanı?!
Evdə ruhun dolanır, şəklindən boylanır; görürsənmi Aynurən necə böyük qız olub, Zaur da yaşa dolub, sən görəndə bu Aysu bapbalaca qız idi, bir şirin dil naz idi, dillərindən düşmür adın, indi dönüb and yerinə sənin ulu Şəhid adın.
Son günündə harayına yetmədim, bir gül olub qəbrin üstə bitmədim, sənə vəfasızmı deyim, yox, yox, lal olar dilim, sən könül bağçamın ötən bülbülü, mənsə çiçək açmış bir novruzgülü... Arzu dünyam viran oldu, könül bağçam talan oldu, için-için yanan şamam, sənsizliyə alışamam, ay ötüb il keçsə də, saç ağarıb, əl əssə də, dilimdə adın bitəcək, arzuların göyərəcək, nəvələr də boy atacaq, arzu, istəyə çatacaq, baxıb otuz beş yaşlı şəklinə, fəxrlə alacaqlar əlinə, üz-gözündən öpəcəklər, sonra dönüb deyəcəklər: - bizim, gənc, gözəl atamız, hər vaxt cavan qalanımız, örnəkdir bizə həyatın, müqəddəsdir Şəhid adın!
***
Kim Şəhid olmuş, bəqa mülkündə cənnətdir yeri,
Atəşə düşməz , nə də görməz əzabi- məhşəri.
Bunları Allah edib nazil, yazıb Peyğəmbəri
Ayeyi-Quran ilə dillərdə əzbərdir Şəhid. Kamil Sərbəndi
Şeirləşən Şəhidlik
Rəşad şeir yazmışdı, iş yerində yoldaşları atasının ad gününü qeyd edirdilər, orda söylədi:
Ata, gəlib ad gününə
Sənin iş yoldaşların.
Qırx yaşını qeyd edir,
Dostların, tanışların.
Hamı səndən danışır,
Hünərindən söz açır.
Atalar yaxşı deyib,
“İgid ölür, adı qalır”.
Vətənə qurban verdin,
Ata, sən öz canını.
Vətən də əzizləyər,
Sənin Şəhid adını.
Kapitan Nurəddin Sadıqovun Tovuzun Alakol kəndində yaşayan atasına sifariş eləmişdim ki Şəhid oğlu haqqında hazırladığım kitaba daxil eləmək üçün ürək sözlərini yazıb göndərsin. Bu şeiri də o yazmışdı.
Sən idin ömür çırağım,
Ay mənim, könül nübarım.
Biləyimdə şah damarım,
Heyif səndən, ay Nürəddin.
Ayrılıqdan ölüm yeydi,
Yoxluğun qəddimi əydi,
O mərmi mənə dəyəydi,
Mən öləydim, ay Nürəddin.
Qəbrinin üstə gedərəm,
Gözümdən qan yaş süzərəm,
Sənə qəmli söz düzərəm,
Heyif sənə, ay Nürəddin.
Balaların gözü yolda,
Harda qaldın, söylə harda?
Kifayəti qoydun darda,
Heyif səndən, ay Nürəddin.
Düşmənləri qırıb biçdi,
Yağı onunçun bir heçdi,
El yolunda candan keçdi,
Mənim oğlum, mənim oğlum.
Tovuzda dünyaya gəldi,
Səsi aləmə yüksəldi,
Ağdamda döyüşə girdi,
Mənim igid, ərən oğlum.
Alakolun ilk Şəhidi,
Dağ vüqarlı bir ər idi,
İndi elin and yeridi,
Mənim oğlum, mənim oğlum.
Bacısı Pərinin də bacıları adından yazıb göndərdiyi xatirə dəftərində Nurəddinə bir xeyli şeir, bayatı var idi.
Başıma qara bağlaram,
Sinəmə yara bağlaram,
Nə qədər ki, canım var,
Qardaş deyib, ağlaram.
Ocağım, közüm qardaş,
Dil açan sözüm qardaş,
Qanına boyanmısan,
Bəs necə dözüm, qardaş?
Yazım, baharım, qayıt,
Dövlətim, varım qayıt
Sənsiz dözə bilmirik,
Qayıt, qardaşım, qayıt.
Qardaşım həmişə deyərdi ki, heç kimə xeyir vermədən yaşamaq yaşamaq deyil. İnsan gərək öləndən sonra da yaşaya bilə. Elə bil arzusu çin olub qardaşımın. Onun taleyi, ömrü yarımçıq qalsa da, adı hər zaman, əbədiyyət qədər yaşayacaq. Bir vaxtlar o bizim təkcə qardaşımız idi, indi onun şəhid adı ilə Mingəçevir də, Tovuz da fəxr edir. Xalq yaxşıları həmişə yaşadır. Ölüm haqdır. Yaradan da Allahdır və Allahtala yaratdıqlarının ən yaxşılarını, qiymətlilərini sevib öz əbədi dərgahına aparır. Müqəddəs Quran kitabımızda yazılana mən ürəkdən inanıram; Torpaq, Vətən, Din uğrunda canından keçənlər cənnətməkan olurlar. Yerin behişt olsun, bacılarını gözü yaşlı qoyub gedən qardaş.
Nurəddinin vəfalı ömür-gün yoldaşı Kifayət xanım bir cüt gül balasını atalarının görmək istədiyi layiqli insanlar kimi böyütdü, bu yolda bütün ağrı-acılara sinə gərdi. Bu da onun Nurəddinə ünvanladığı misralardır.
Dünyadan vədəsiz köçüb gedənim,
Ömrün bahar çağı hara getdin, sən?
Arxanca həsrətim boylanır mənim,
Ömrün bahar çağı hara getdin, sən?
Kədər çiçək açıb gözlərimizdə,
Səndən söhbət açır cığır da, iz də.
Bir nisgil yaşayır baxışda, gözdə,
Ömrün bahar çağı hara getdin, sən?
Aliyən, Rəşadın ovunmur hələ,
Ağrılı kəlmələr yatmayır dilə.
Sənsiz ömrüm-günüm gəlməyir ələ,
Ömrün bahar çağı hara getdin, sən?
Rəşad ata vəsiyyətinə, dediyinə əməl elədi:
Böyüyüb zabit olacam,
Atamın qanın alacam.
Vətənimə kəm baxanın,
Gözlərini kor qoyacam.
******
Şəhid anasının bayatı monoloqu
Cənnət Anaların ayaqları altındadır. Ana haqqı - Tanrı haqqı.
Mənəm, Şəhid Vaqif Abdullayevin anası nə desin, nə danışsın, 28 yaşında balası, bir tək ciyərparası dünyadan köçən ana nə danışa bilər?! Vaqif Şəhid gedən gündən dilimdə bu bayatılardı, ağılardı bitən:
Əzizinəm hər aylar,
Hər fəsillər, hər aylar,
Ölən günümə kimi
Dilim Vaqif haraylar.
Durma gəl talan canım,
Odlara yanan canım.
Bala deyib yaş tökür
Balasız qalan canım.
Gələn qara xəbərin
Oğul, qəddimi əydi.
Qara qurşun gülllər
Kaş səndən ötüşəydi,
Ürəyimə dəyəydi.
Əzizim balabanı,
Asta çal balabanı,
Hamının balası gəldi,
Bəs mənim balam hanı?
Eləmi bala dağı,
Bal dağı, bala dağı
Getməz ömrü uzunu
Sinədən bala dağı.
Yevlaxdakı bu bağ-bağçanın hər künc-bucağında izi var balamın, gəzirəm, gözümün qabağına gətirirəm, körpəlikdən böyüyüb əsgər gedənə qədər keçən günlərini bayatıynan, ağıynan əzizləyirəm, əlim açılmır o meyvələrin birinə əl uzadıb ağzıma qoyam.
Əliynən ağac əkdi,
Üstündə barı qaldı.
Şəhid balam yemədi,
Üstündə payı qaldı.
Aşiq yara kimi var,
Belə yara kimin var.
Mənim tək dərdli ana,
Elə bala kimin var.
Öz-özümə danışıram, paltarların gündə öpürəm, iyin alıram, gözümdə yaş qalmıyanda elə bilirəm gəlib dayanıb qarşmda ki məni əzizlə, yenə ağı deyirəm.
Bu nə kədər, bu nə qəmdi
Gözlərimdən şeh ələndi,
Arzularım güllələndi
Anam, mənə bir ağı de.
Çıxıram bax o açığa, üz tuturam o dağlara, deyirəm:
Min arzu bəsləyirdim
Mən axı hər nəfəsdə
Qanadım var, göyüm yox,
Necə uçum qəfəsdə?
Mən aşıq qoşa dağlar
Çatıb baş-başa dağlar,
Sizdə oğul itirdim
Dönəsiz daşa dağlar.
Qarğıyıram yağı düşməni gecə-gündüz, o kafırları mənim qarğışım yıxacaq, evləri başına uçacaq, inşallah.
Əzizim kimə qaldı,
Ellər gör kimə qaldı,
Düşmən, belin qırılsın
Analar göz yaşlı qaldı.
Fikrim, zikrim madarım Vaqifnəndi, elə bilirəm Şəhid balam da anasına ağı deyir, diriykən ömürlük ayaq üstə cismi ölü gəzən anasına.
Mən öldüm, anam qaldı
Oduma yanan qaldı.
Baxtı qara anamın
Sinəsi dağlı qaldı.
Sonra da özüm özümə toxdaqlıq verirəm ki, balamın qanı yerdə qalmayacaq.
Yağı tapdağında
Qala bilməz torpaqlar.
Şəhid ölməz, Şəhidə
Yas tutmayın, analar!
Bircə o günü həsrətlə gözləyirəm ki,
Vətəndə
İgid gərək Vətəndə,
Elin sözü bir olsa,
Qalib sərkərdə olsa
Yağı düşmən qalammaz
Bizim cənnət Vətəndə.
*****
İlk sevgi, son məhəbbət
Belə oğullarla torpaq – Vətəndir,
Əllərdən düşməyən bayraq – Vətəndir,
İgidlər uyuyan bu yer- Vətəndir,
Diz çökək, güc alaq Şəhid adından,
Torpaq Vətən olur Şəhid qanından.
Şəhid olandan sonra anladım ki, sevgi deyilən şey bu imiş - onsuz yaşaya bilməmək. Sağlığında heç məktub yazmamışdıq bir-birimizə, həmişə bir yerdə olmuşuq uşaqlıqdan, amma bir dəfə lap mərhəm vaxtlarında dilimdən çıxdı: -sən yanımda olmasan, neyniyərəm mən, bu sözləri hər gün sənə deyib cavab almasam, içimdə necə saxlaram... –Məktub yazarsan, köçürərsən kağıza, qayıdanda gəlib oxuyacam.
Yazıram indi, yanımda olanda deyə bilmədiklərimi də indi xəyalən deyirəm, könlümün çırpıntıları ürəyimə nətər gəlirsə, sonra özümü qoyuram onun yerinə, ondan da özümə cavab yazıram, eləcə də vərəqlərə köçürürəm, hər səhifənin başına da yazıram “Nailədən Sabirə”, “Sabirdən Nailəyə”yə.
Kənddə o ağac qalmamışdı ki, bıçaqla S+N=ürək şəkli cızmasın, haranı rəngləyirdi, qurtarıb aşağı düşəndə baxırdıq ki, S+N həkk eləyib, ana, bacılarımız baxırdılar, gülürdülər, Leyli-Məcnun qoymuşdular adımızı. Məktəbdə oxuyandan bir-birimizə belə istəkli idik, könül vermişdik, sözsüz, söhbətsiz, məktəbə bir yerdə qoşa gedib gəlirdik, ikimiz də ədəbiyyat, kitab, şeir həvəslisiydik. Ailə qurandan sonra üst-üstə bəlkə beş gün ayrı qalmışıq, ya o Goranboya ata-anasıgilə getməli olub, ya mən rayona getmişəm. İndi o günlərin peşmanlığın çəkirəm, necə dözmüşdüm o bir-iki günün ayrılığına. Amma indi ...
Şeirlər seçirəm, adlarımızın baş hərflərinin ardıcıllığı ilə düzürəm sıraya, şəkillərini sərirəm qarşıma, yazdıqlarımı Sabirin ruhuna pıçıldayıram, oxuyuram, danışıram, dərdləşirəm.
... Səndən sonra elə bil ki, gözlərimin işığını itirmişəm. Səndən sonra sinəm üstə dərd çəkib, qəm bitirmişəm. Səndən sonra ürəyimə qar ələnib, sazaq düşüb, arzularım çiliklənib, sevinc məndən uzaq düşüb, üşüyürəm. Səndən sonra şaxta vurmuş qönçə kimi soluxmuşam. Sənsizliyim gecə-gündüz qəhər olub boğub məni, tənhalıqdan üşənirəm, qalx, yanına çağır məni. Ay insafsız, niyə getdin, niyə qoydun bu dünyada, axı ağlar günə məni?! Səndən sonra saçlarıma vaxtsız qırov düşüb, dözümüm yox, yaşamağa həvəsim yox, sənli keçən günlərimi qaytar geri. Harayıma özün yetiş, dərd əlindən qopar məni, ya sızlayan ürəyimə, məlhəm kimi gəlib yaxıl, ya da çəkib öz yanına, apar məni, apar məni!!!
Müharibə başlayandan elə bil evimizin içinə duman-çən çökmüşdü, hər gün şəhid xəbərləri gəlirdi, bir tərəfdən gedirdilər, bir yandan gəlirdilər, tanış -biliş, iş yoldaşlarının neçəsi şəhid olmuşdu, boğazımızdan çörək-su keçmirdi.
Axşamdan səhərə qədər heç nə demədi, yəqin düşünüb ki, bir gecəni də rahat yatam, amma səhərə qədər nigarançılıq içində keçirdik ikimiz də, nolub soruşdum, heç nə-dedi. Səhər işə gedən vaxtıydı, çağırış vərəqəsin göstərdi ki, bir azdan yola düşürəm bir həftəliyinə gedib gələcəm, narahat olma, arxada saxlayacaqlar bizi. Heç nə deyə bilmədim, özümü ayaq üstə güclə tutdum. Dedi, xəbər göndərmişəm, anam bacımla indilərdə kənddən gəlib çatarlar, qalacaqlar sənin yanında mən gələnə qədər. Balaca bir yır-yığış, yol çörəyi, dəyişik hazırladım birtəhər. Dedikləri bu idi ki, möhkəm ol, səbirli ol, hər şey ola bilər, müharibədir. Halım özümdə deyildi, qapıdan çıxanda qonşumuzun qapısın döyüb qızın göndərdi bizə ki, tək qalmayım, bizimkilər gəlib çatana qədər.
Elə o gedən oldu....özü gəlmədi, gətirdilər.
...Dava başlayandan içimdə bir nigarançılıq qıvrılırdı, xasiyyətin bilirdim ki, qeyrətli, vətənsevər, qürurlu idi, amma bu barədə danışmağı sevmirdi, imkan vermirdi söhbət açıb müharibədən danışaq. Bircə dəfə dedi ki, nə vaxt çağırsalar gedəcəm, özün bilirsən ki getməliyəm, qalan deyiləm, Vətən, torpaq hamınındır.
Axırıncı “46 bənövşə” kitabın oxumuşduq... “Bir adsız әsәr var, onu mәndәn başqa һeç kәs oxumayıb. O getdi, әtri otaqda qaldı...” Belə başlayırdı. Masanın üstündə sonra gördüm kitabın səhifələrinin arasına rənbərəng yarpaqlar, gül ləçəkləri düzüb. Axırındakı ağ vərəqlərin bir kənarında mənim adımın baş hərfin N-N-N, o biri qırağında öz adının S-S-S hərflərin səliqəynən yazıb, bu sözləri də təmiz xəttlə, əvvəl elə bildim kitablardan köçürüb, sonra baxdım ki hamısı öz sözləridir: “İnsan həyatını, həyatda getdiyi yolu sonu görünməyən, aqibəti bilinməyən dağ cığırına bənzətmək olar. Elə o cığırla da irəliləyirsən, bilməzsən o cığır səni hara aparıb çıxaracaq. Bu gedişdə daşlı-çınqıllı, sıldırım daş-qayadan da keçəssən, ayağında əziləcək, bu çətinliyə dözə bilməsən, həyatın faciə deyilən qapısı da üzünə açıla bilər, çətinliyə sinə gərib keçə bilsən, həyat səni öz füsunkar ağuşuna alıb, məst edə də bilər, mənim əzizim! Hər şeydə səbr lazımdır, səbr, inad, dözüm, mətanət! Yaxşı deyiblər, insanın həyatı güldür, açılar, solar. Kaş elə olaydı ki, hamı həyatın gül-çiçəkli, laləli-nərgizli cənnətməkan guşəsində yaşasın. Hər yanda mahnı, hər yanda ürək sevindirən, səni məst edən, səni qanadlarına alıb göylərə qaldıran bir qüvvə ola - bu qüvvə yalnız məhəbbətdir, ey mənim ilk məhəbbətim! Səninlə bir yerdə olmaq nə qədər böyük xoşbəxtlikdi, bilirsənmi sevgilim?! Özünü gözlə, bu sözlərimi heç zaman unutma, özünü möhkəm saxla, başını dik tut, qəddini əymə, darıxma, səbirli ol, bil ki onda mən də rahat olacam, ey mənim ilk məhəbbətim, sevgilim, əlvida, ƏL–Vİ–DA !” Sabir Əhmədov.
Və sonra o biri ağ səhifələrdə bu sözlər, şeirlər: “
Torpaq nədi, verdin nədi, bircə qarış. Əsgər nədi, səngər nədi, geri nədi?! Vətən yoxsa, torpaq yoxsa, yaşamağın yeri nədi?! Ulu Tanrım, sən şərəfli ölümlərə, öyrət məni, Sonra, sonra torpağımın sabahında, Öz qanımdan göyərt məni.”
“Bayraqları bayraq edən üstündəki qandır, Torpaq-əgər uğrunda ölən varsa, Vətəndir.” “Torpaq Şəhid qanı ilə suvarılmasa, azadlıq ağacı bar verməz.”
Elə bil hər şeyi görürmüş, uçub qalxacağı Şəhidlik mərtəbəsinin ucalığını da mənə bildirirmiş.
Bir də çox sevdiyimiz bu şeiri tez-tez oxuyardı:
Sevgisiz gül-çiçək bitməz, ey könül,
İnsan muradına yetməz, ey könül.
Nədəndir bilmirəm getməz, ey könül,
Başımdan sevdası ilk məhəbbətin...
Hacı NƏRİMANOĞLU