Millətin iradəsi seçki qutusunda təzahür edir, seçki qutusu ilə siyasətçilərə mesajını çatdırır.
zengezur.com APA-ya istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 mart bələdiyyə seçkiləri başa çatandan sonra Ankarada çıxışı zamanı deyib.
“Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi bizim demokratiyamız və milli iradəmizdir. Türkiyədəki bələdiyyə seçkiləri demokratiyanın təzahürüdür. Seçki qutusunun gücünü gücləndirən hər kəs qalib gəlib. Təəssüf ki, seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni əldə edə bilmədik. Son 2 ayda 52 fərqli şəhərdə oldum, xalqımla bütünləşdim. Nəticə budur, baş verən hər şeydə bir xeyir var”, deyə Ərdoğan qeyd edib.
Bu seçkidə CHP AKP-ni geridə qoyudub; səslərin 99 %-i sayılandan sonrakı nəticələrə görə, böyükşəhər bələdiyyələrindən 14-də CHP, 12-də AKP, 3-də DEM Partiya, 1-də isə Yenidən Rifah partiyası irəlidədir. Ölkə üzrə lider Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71% səs toplayıb. Hakim Ədalət və İnkişaf Partiyası isə 35,53% səslə ikinci sıradadır. Səslərin 6,38%-ni Yeniden Refah, 5,65%-ni DEM Partiyası, 4,98%-ni isə MHP toplayıb.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29% səslə birinci, AK Partidən olan Turqut Altınok isə 31,74% səslə ikinci yerdədir.
İstanbulda CHP-dən Əkrəm İmamoğlu 51,05% səslə birinci, AK Partidən Murat Kurum 39,60%-lə ikincidir.
İzmirdə CHP 48,88%, AKP isə 37,11 faiz səs toplayıb.
Qaziantepdə AK Parti 38,80%-lə liderdir, CHP 28,11 faiz səslə ikincidir.
AKP Konyada 49,43% səslə birinci yerdədir, burada 23,29% səslə Yeniden Refah partiyası ikincidir.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Komissiyası seçkilərin yekun nəticələrini bu gün aprelin 1-də elan edəcək.