Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır;
2020-ci ilin sentyabr-noyabrında 44 gün davam edən Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında cəmi 23 saat 40 dəqiqə sürən anti-terror əməliyyatı nəticəsində dövlətimizin bütün ərazisində suverenliyini bərpa etməsindən sonra, 2024-cü il aprelin ortalarında Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı hərbi kontingenti ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarıldı, xalqımızın böyük əksəriyyətinin şübhəli nigarançılığına, intizarına son qoyuldu, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi ölkəmizin müstəqil, balanslı, heç bir hərbi bloka qoşulmamaq haqqında öhdəliklərinə, siyasi strategiyasına sadiq qaldığı əyani şəkildə dünyaya bir daha göstərildi. Eyni zamanda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Müşahidə Mərkəzi fəaliyyətinə son qoydu. Eyni zamanda Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində, onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun keçməsini, sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsini, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanılmasını razılaşdırdı. Bununla Qazax və Naxçıvanda 1992-ci ildə işğal edilən kəndlərimizin ölkəmizə qaytarılması prosesi başlandı.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi bu şərəfli tarixi hadisələrin gerçəkləşməsinin siyasi memarı olan Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ölkə vətəndaşlarımızı təbrik edir, regionumuzda daimi sülhün, ölkəmizdə firəvan yaşamın, əmin-amanlığın tezliklə bərqərar olacağına inanır.
Sədr Hacı Abdulla, 17.02.2024