Ermənistan tərəfindən 30 il müddətində işğal altında saxlanılan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad edilməsi hər bir türk dövlətini çox sevindirib.
Tezliklə Zəngəzur dəhlizinin də açılmasına inanırıq. Bu layihə Türk dünyası ilə əlaqədən daha çox, bölgədəki ölkələrin davamlı inkişafına, sülhə dəstək vermiş olacaq.
zengezur.com xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında səsləndirib.
Fələstin xalqının çətin vəziyyətdə olmasından danışan TBMM-in komitə sədri bildirib ki, dünyada müsəlmanların, türk dövlətlərinin qətliamına, əziyyət edilməsinə dözə bilmərik.
“Ortaq regionda olmağımız bizi bir-birimizə daha çox bağlayır. Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü və davamlı inkişafı dəstəkləməkdir”, – deyə Fuat Oktay vurğulayıb.