“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə
həyata keçirdiyi “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində Lənkəran, Astara, Sabirabadda doğulub 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinin Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında erməni işğalçılarına qarşı savaşlarda igidlik göstərərk şəhid olmuş əsgərlərimizin valideynlərinin və döyüşçülərin həmin torpaqlara səfərini təşkil edib.
Səfərdə iştirak edən Vətən müharibəsi şəhidi Mahsun Bağırzadənin (30 may 1998; Xanbulan, Lənkəran rayonu — 21 oktyabr 2020; Qubadlı rayonu) atası Zahir Bağırov, şəhid Bəxtiyar Mayılovun (13 aprel 1995, Surra, Sabirabad rayonu – 4 noyabr 2020, Qubadlı rayonu) atası İxtiyar Mayılov, şəhidin döyüş yoldaşları – Lənkəranlı baş leytenant Elnur Talıbov, II qrup əlil Astaralı Möhnət Səmədov və AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşları ilə Qubadlıdakı N. hərbi hissəsində görüş olub, zabitlər şəhid dostları barədə xatirələrini danışıblar, Vətən sevgisi, birlik, bərabərlik, milli ruh, düşmənə nifrət hissləri ilə döyüşən şəhidlərin savaşdığı, şəhadətə qovuşduğu məkanları göstəriblər.
Şəhid ataları, ziyalılar erməni vandalizminin izlərini – talan edilib dağıdılan yaşayış məskənləri, qəbiristanlıq, ziyarətgahların, vəhşicəsinə məhv edilən meşə, meyvə bağlarının, regionun təbiətinə vurulan sağalmaz yaralarn canlı şahidi olublar.
Şərqi Zəngəzurda görülən genişmiqyaslı bərpa, quruculuq, tikinti işləri barədə əyani məlumat alıblar, Zəngilan rayonunun Aşağı Ağalı kəndində yaradılan nümunəvi şəraiti görüblər.
Səfərdə iştirak edənlər savaşda və dinc quruculuq işlərində qazanılan misilsiz zəfərlərin Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, şəhid və qazilərimizin igidliyi sayəsində əldə edildiyini vurğulayıblar, bu unudulmaz səfərin təşkilinə dəstək verən hər kəsə razılığını bildiriblər.
zengezur.com