Hacı Nərimanoğlu [1] : Türk dövlətlərində ortaq dil və əlifba məsələsində ümumi razılıq yoxdur
13 may - Türk Dil Bayramı günüdür.
Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elən etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqindən
İsmayıl bəy Qaspıralının (1851-1914) türksoylu xalqlar üçün məfkurə yolu olaraq müəyyən etdiyi "Dildə, əməldə, fikirdə birlik!" ideyası[2] türkdilli dövlətlərin mədəni, siyasi, hərbi, iqtisadi birliyinə sözdə deyil, əməldə gerçəkləşməsini hazırda daha çox aktuallaşdırır.
Türk Dövlətlər Birliyinin Zirvə görüşlərində bu məsələ barədə dəfələrlə söhbət, müzakirələr açılıb[3], lakin indiyədək ortaq məxrəcə gəlmək, hamını qane edən variant tapılmayıb. Türksoylu ölkələrdə illərdir ardıcıl olaraq bu məsələ müzakirəyə çıxarılır. Məs., 2024-cü il mayın 11-12-də Özbəkistanda "Qlobal inteqrasiya şəraitində türk dilləri: problemlər və vəzifələr", 26-27 fevral tarixlərində Ankarada "Müasir türk dilləri və ədəbiyyatlarının aktual problemləri - l" mövzusunda beynəlxalq konfrans, mayın 6-da Azərbaycanda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası, mayın 13-də "İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz" mövzusunda dinləmələr keçirilib.[4]
Bu sürəcdə iştirak edən qurum və təşkilatların başında duran Türk Dövlətlər Təşkilatı (TDT), Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası kimi qurumların hər birinin türk dövlətlərinin bir-biri ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin dərinləşdirilməsi, birliyin, həmrəyliyinin gücləndirilməsində bir sıra irəliləyişlər əldə olunmasında, türk dövlətlərinin parçalanmış şəkildə deyil, birlikdə inteqrasiyasında xidmətləri vardır. Lakin bunlardan daha mühüm əhəmiyyət kəsb edən ortaq dil və əlifba məsələsində ümumi razılaşma, yekdil qərar, fikir yoxdur (2). Türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul edilən qərarlara uyğun olaraq Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 2022-ci il iyunun 25-də Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokolla imzalanan dəyərli təşəbbüsün də icrası əslində kağız üzərində qalıb.[5]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk ölkələrinə ortaq əlifbanın tətbiqini təklif edib. Bu barədə o, 2023-cü il noyabrın 3-də Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu Astana Zirvə görüşü zamanı bildirib, təklifini Türk Dövlətləri Təşkilatının katibliyinə təqdim edib.
Türk birliyi, ortaq dil, əlifba məsələsində sözdə bir-birinə ən yaxın olan Türkiyə ilə Azərbaycandır. Ancaq bu iki qardaş ölkədə ayrılıq, ayrımçılıq gerçəkdə daha aydın görünür; siyasi liderlərimizdən başlamış 7-dən 77-yə qədər dillərdən düşməyən “Bir millət iki dövlət” kəlamının fəlsəfəsinə, sadə anlamına görə ya Türkiyə türkləri azərbaycanlıdır, ya da Azərbaycandakılar türkdür, yəni məsələ aydındır - bu gün rəsmən dili Azərbaycan, milləti azərbaycanlı sayılanlar türkdür (azı 100-də 90-ı). Ancaq Türkiyədə Qafqaz – Azərbaycan türklərinə “azəri” deyilməsi kütləvi hal alıb, halbuki azərilər bu gün də İranın cənubunda Gilan-Bəndər-Ənzəli arasında yaşayan, sayı 300 min civarında olan farsdilli etnosdur, Azəri adlanan yer adları da var, dili, inancı ilə də oğuz türklərindən fərqli etnik qrupdur. İlbər Ortaylı kimi Türk elm-bilim adamlarının bu məsələ barədə çox sayda söhbətləri də nəticəsiz qalır.[6] Eləcə də, son illər Türkiyə film, teleseriallarının Azərbaycan dilinə tərcümə və dublyajı (həm də olduqca naşı şəkildə), televiziya kanallarında gündəlik gen-bol nümayişi, türk dilinin de-fakto əcnəbi dil statusunda görülməsi,
Türkiyə televiziyalarının bir çox kanalının Azərbaycanda yayımının məhdudlaşdırılması Birlik ideyasına, məfkurəsinə xidmət etmir. Və bir daha Mirzə Ələkbər Sabirin misraları yada düşür: “Mümkün iki dil bir-birinə tərcümə, amma “Osmanlıcadan tərcümə türkə” nə deməkdir?![7]
Rusiya, İran 200 ildir Qafqaz və Anadolu türklərini bir-birindən ayırmaq üçün məkrli planlar cızıb, işə salıb, utancverici nəticəsi bu gün Türkiyədə bitib – qardaş ölkədə azəri kəlməsi televizya, mediaya da ayaq açıb yeriyir, yürüyür. Görünən budur ki, hər iki ölkədə hakimiyyətin yuxarı eşalonunda oturanların mühüm bir qismi Türk, Türk birliyi ideyasını qəbul etmir, bu addan hələ də qorxub çəkinir, ya inanmır, ya da Rusiya və İranın rahatsızlığı qarşısında dayana bilmirlər, çünki Türk Birliyi yolunda irəliləyişlərdən ən çox xoflanan bu iki dövlətdir, rus-fars, son illər həm də ərəblərdir.
Mütəfəkkir şair Əhməd Cavad ötən əsrin əvvəlində yazırdı ki, ortaq türk dili ona görə lazımdır ki, bu gün dünyadakı bütün türklər bir-birini tanısınlar, sərbəst ünsiyyət qursunlar. Hələ 100 il əvvəl bu ayrılmaların son nəticəsindən rahatsızlıq keçirən vətənsevər Azərbaycan şairi Almas İldırım "Türk elləri bir–birinə yadlanır, Qazax, qırğız, özbək, türkmən adlanır” sözlərindəki rahatsızlıq əsassız deyilmiş və bu sualı verməkdə haqlı imiş: «Nerdə qopuz, nerdə qırıq kaman hey… Nerdə böyük vətən, nerdə Turan hey…»[8] 70 illik totalitar sovet-KQB siyasətinin türksoylula arasında necə böyük sədd çəkdiyi, türk dövlətlərinin müstəqilliyini əldə etdi 33 ildə bəzi türk dövlətlərinin, məsələn, Türkmənistanın hələ də TDT-a müşahidəçi qismində qalması kədərlidir. Üzücü olan bir də odur ki, illərdir Türk Dövlətlərinin başçıları, onlara baxıb parlamentarilər bir-biri ilə rəsmi qəbullarda, görüşlərdə, torplantılarda rus dilində danışırlar.
Ortaq dil türk dillərinin sıradan çıxması demək deyil, digər xarici dillərin köməyi olmadan ünsiyyət qurmaqdır, türk dillərinin bir-biri ilə qucaqlaşması, söz alıb verməsi, öz leksikonunun, qarammatikasının, yazısının zənginləşməsinə yolların açılmasıdır.[9]
Mahmud Kaşğaridən başlanan, İsmayıl bəy Qaşpıralı, Əli bəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Ziya Göyalp, Yusuf Akçura və digərlərinin yaradıcılığında çiçəklənib boy atan türkçülük məfkurəsinin məqsəd, məramı son illər yenə də qəsdən yanlış yozulur, hər bir türkdilli xalqın yaratdığı, danışıb yazdığı ana dilindən imtina, təzə dil yaradılması kimi yanlış şərh, izah, təbliğ olunur.
Halbuki məsələnin mahiyyəti olduqca sadədir - müasir türk dillərindən ən populyarını, etkili - təsiri olanı, inkişaf edənin ümumi ünsiyyət dili kimi qəbul etmək olar və lazımdır. Bu ümumi ünsiyyət dili sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ev-eşiyində, ailəndə, işdə dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan, o sənin dil açdığın ana dilini, beşik dilini sıxışdırmayacaqdır, sənin ana dilinə sevgini azaltmayacaqdır, şərik çıxmayacaqdır, əksinə vaxt ötdükcə sənin dilində vakant olan sözləri də götürüb işlədəcəksən, digər türklər də elə bu yolla dilini, yazını, söz bankını zənginləşdirəcək, cilalayacaqdır, dilini daha səlis, rəvan edəcəksən. Ümumi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə təmasda, birgə tədbirlərdə işlətməlisən, yəni 7 türk ölkəsinin başçısı, alimi, şairi, yazarı oturub rus, ingilis dilində, ya tərcüməçi vasitəsi ilə danışmayacaqdır, hamının, hər kəsin olan türkün bir dilində danışasan. Yeni dil yaratmaq “dongixotluqdur”[10], yalnız yeni millət yaratmaqla mümkündür, bu da hazırkı dövrdə qeyri-mümkündür, belə eksperimentlərin yalnız bitki, heyvanların, meyvə, tərəvəzin üzərində genini dəyişməklə aparılması mümkündür, insan cəmiyyəti üçün bu keçərsizdir, “diferensiasiya, inteqrasiya” kimi nağıllar da boş, mənasız söhbətlərdir, şüurlu şəkildə problemin həllinə əngəl yaratmaqdır.
Məlumdur ki, Türk ölkələrinin Rusiya tərəfindən işğalına qədər türk xalqları arasında anlaşma problemi olmamışdır. “Tərcüman”, “Əkinçi”, “Molla Nəsrəddin” kimi qəzet, jurnallar bütün Türküstanda, Anadolu, İran, Kırım, Qafqazda əl-əl gəzir, oxunur, anlaşılırdı. Lakin türkdilli ölkələrin rus imperiyası tərəfindən işğalından sonra bu dili bir, dini bir qardaşlar arasında süni uçurumlar yaranmağa, onlar arasındakı sıx dil, danışıq, ünsiyyət əlaqələri də zəifləməyə başlamışdır. Türk dövlətlərinin müstəqillik qazanmasından sonra bütün mənalarda ümumtürk birliyi üçün unikal əlverişli şərait yaranıb, təəssüf ki, bu imkandan istifadə olunmur.
Yeganə həll yolu Türkiyə türkcəsi və əlifbasının dünya türkləri üçün ortaq dil və əlifbası olaraq qəbul edilməsidir
Müasir Türkiyə Respublikasının yaradıcısı və banisi Mustafa Kamal Atatürk 1933-cü ildə demişdi: “Bugün Sovetlər Birliyi dostumuzdur, qonşumuzdur, müttəfiqimizdir. Fəqət o da Avstriya-Macarıstan imperatorluğu kimi dağıla bilər. Sovetlər Birliyinin dağılması ilə əlində bərk-bərk tutduğu millətlər ovuclarından qaça bilər. Dünya yeni bir nizama çatar. Bax o zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, özü bir qardaşlarımız vardır. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız o günü susub gözləmək deyildir. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır? Mənəvi körpülərini sağlam tutaraq. Dil bir körpüdür, inanc bir körpüdür, tarix bir körpüdür. Köklərimizə qayıtmalı və hadisələrin böldüyü tariximizinn içində bütünləşməliyik. Onların bizə yaxınlaşmasını gözləməməliyik, bizim onlara yaxınlaşmamız gərəklidir”.[11]
Heç şübhə yoxdur ki, bu Birliyin yaranması qanı, canı, ümumi soykökü, dili, inancı, məişət, əxlaq, mənəvi dəyərləri ilə bir olan xalqların içdən gələn arzusudur. Xalqların içdən, cani-könüldən gələn istəklərini gerçəkliyə çevirmək isə türk dövlət başçılarının, liderlərin borcu, vəzifəsidir, onların siyasi iradəsindən asılıdır, həlledici söz, qərar onların öhdəsindədir.
Acı təəssüflər olsun ki, Türkiyə uzun illər bu çağırışa hazır olmadı, səmərəli işlər görə bilmədi, bir çox fürsətlər əldən qaçırıldı, Türk dövlətlərinin başçılarını bir araya, ortaq fikrə gətirməyi bacarmadı, potensial imkanlarından yararlanmadı. Türkiyə Cümhuriyyətinin prezidentləri, Böyük Millət Məclisi bu məsələdə fəal, ardıcıl, qətiyyətli rol oynamağı bacarmadı. Mən illər öncə TBMM-ə Azərbaycan dilinin və millətinin adının türkcə olmasını təsdiq edən qanunun qəbulunu təklif etmişdim.
Azərbaycanın II Qarabağ müharibəsində və Zəfərindən sonra türk dövlətlərlərinin ölkəmizə qardaşlıq dəstəyi, liderlərin Qarabağa, Şuşaya səfərləri, məktəblərin tikilib hədiyyə edilməsi bu Birliyi yenidən aktuallaşdırır, tarixi ədalətin bərpası – xalqlarımızın ümumi Türk adının özünə qaytarılması, vahid əlifba qəbul edilməsi, qloballaşan, cəbhələşən dünyada Birliyə aparan yolun asanlaşması daha intensiv xarakter almalıdır.
Ziya Göyalp “Türkçülüyün əsasları”nda Türkiyənin milli dilinin İstanbul ləhcəsi olduğunu əsaslandırır, necə ki ingilis dilində London ləhcəsi ingilis dilində danışan bütün ölkələrdə rəsmi ədəbi dil, danışıq dili kimi qəbul olunub, 23 dövləti birləşdirən Ərəb Liqası ölkələri Səudiyyə ərəblərinin dilini qəbul edib. Ziya Göyalp anlamında vətən məfhumu nə şairin doğulduğu Diyarbəkirdir, nə vətəndaşı olduğu Türkiyədir. Onun nəzərində vətən türkün hər biri üçün əziz və müqəddəs olan Turandır:
Vətən nə Türkiyədir türklərə, nə Türküstan,
Vətən böyük və müəbbəd bir ölkədir, Turan!
Ziya Göyalp türklər üçün ortaq ədəbi dil məsələsi ilə bağlı qeyd edirdi: "Qısacası, İstanbul türkcəsinin ulusal dil olaraq qəbul edilməsinə Avropa mədəniyyəti içində bir türk mədəniyyəti yaradılması üçün çalışılması, bir türk ulusunun doğması təməl olacaqdır. Beləcə, osmanlı, özbək, qıpçaq, qırğız kimi adlar bölgə adları kimi qalacaqdır"[12]. Dilçilik elmimizin sonuncu korifeyi, türk dünyasının böyük elm-bilim adamı professor Tofiq Hacıyev bu məsələni xırdalığına qədər şərh edib, yəni elmi-praktiki cəhətləri ilə əsaslandırıb.[13]
Bu sahədə 1981-ci ildən – sovet-KQB rejiminin tüğyan etdiyi illərdən başlayaraq, çox sayda məqalə yazmışam, kitablarımda birmənalı fikirlərimi ifadə etmişəm, hazırda bu qənaətimdə daha çox qərarlıyam.
Ən real variant budır; Türkiyə türkcəsini, Anadolu türklərinin dilini, əlifbasını Türk Dövlətləri Birliyi, bütün dünya türkləri üçün ortaq dil və əlifba olmalıdır! Problemin yeganə mümkün həlli budur, əks halda Azərbaycan-Türkiyə nümunəsində olduğu kimi, bir neçə hərf, səs üstündə müzakirələr, baxışlar, yanaşmalar, lüzumsuz toplantılar illərlə uzanacaq və nəticəsiz qalacaq. Nədənlərini şərh edim:
Türk dili və əlifbası Türk Dövlətləri Birliyinin ortaq dili, əlifbası olaraq qəbul edilməlidir
Ən real variant budır; Türkiyə türkcəsini, Anadolu türklərinin dilini, əlifbasını Türk Dövlətləri Birliyi, bütün dünya türkləri üçün ortaq dil və əlifba olmalıdır! Problemin yeganə mümkün həlli budur, əks halda Azərbaycan-Türkiyə nümunəsində olduğu kimi, bir neçə hərf, səs üstündə müzakirələr, baxışlar, yanaşmalar, lüzumsuz toplantılar illərlə uzanacaq və nəticəsiz qalacaq. Qənaətimi, fikrimi aşağıdakı amillərlə əsaslandırmağa çalışıram:
- Dil, əlifba tərəqqi, gəlişmənin, müasir hədəflərə, dövrün çağırışlarına cavab verən zənginliyin simvolu, aynası olmalıdır. Türkiyə 85 milyonluq əhalisi, dünyada yayılan 1000-dək televiziya, radio, informasiya agentliyi, qəzet, jurnalları, süni peyki, türkcə təhsilin bütün qitələrə yayılması, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblər səviyyəsində genişliyi, dünyanın hər yerindən, əsas da türksoylu ölkələrdən gələnlərin üzünə açıq olan ali təhsil alan universitetləri, dünyanı fəth edən, türk-islam ölkələrində geniş populyarlıqla izlənilən teleserialları, kitab, qəzet nəşrinin, oxu materiallarının qat-qat kəmiyyət, keyfiyyət böyüklüyü, zənginliyi. gerçəkləşən Cümhuriyyətçilik ideyaları, gəlişmiş hərbi-sənaye, iqtisadi texnologiyaları, oturuşmuş demokratik quruluşu, azad, sərbəst seçki sistemi, maliyyə-bank, yatırım sistemi, dünyanın ən inkişaf etmiş 20 ölkəsi sırasına çıxmaq yolunda qazandığı inamlı uğurları, Böyük İyirmiliyin (G20) üzvü olması ilə bu haqqı qazanmış durumdadır;
-Türkiyə, o cümlədən İstanbul 15 milyondan artıq əhalisi ilə 150 ildən çoxdur ki, türk dili danışan türksoyluların vahid baş kəndinə - mərkəzinə çevrilmişdir, iş tapmaq, yaşamaq, oxumaq üçün Türkiyə əlverişli, şəffaf qanunvericilik bazası, üstəlik türk dövlətləri üçün imtiyazları ilə digər türk dövlətlərinin hamısından çox-çox irəlidədir və mən indiyədək Türkiyənin azı 10 universitetində çıxış edən biri olaraq türk dövlətlərindən, dünyann çeşidli ölkələrindən gələn gənclərin bir-birilə türk dilində sərbəst ünsiyyət qurduğunu görmüşəm;
-Türk dilində 122.423 söz var, Azərbaycan dilində 90 400 söz var [14]. Yəni zənginliyinə, fikrin ifadəsinə görə də Türk dili bütün digər türk dillərindən imkanlıdır;
-Türkiyə əlifbasının Azərbaycan, qazax, özbək, qırğız, türkmən əlifbası ilə üst-üstə düşən əlamətləri daha çoxdur, asan öyrənilən, cilalanmış əlifbadır;
-Hazırda Türkiyədə yaxud Azərbaycanda türk dilində nəşr olunan kitablar Azərbaycanda daha çox satılır, oxunur;
-Dünya təcrübəsi mövcuddur; ərəb dilində 300 milyondan çox insan danışır, Asiya, Afrikada müasir ərəb dili faktiki müstəqil dil hesab edilə bilən 5 dialektdən ibarətdir, ləhcələrin sayı daha çoxdur. Ancaq ortaq ədəbi dil kimi ərəb dilinin Qureyş (Məkkə) dialekti-Quran dili ortaq ərəb dili kimi qəbul olunmuşdur, ərəb dilində təkcə 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır. 22 mart 1945-ci ildə yaradılmış, 23 dövləti birləşdirən Ərəb Dövlətləri Liqası (ƏDL) ərəb dövlətlərini birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. Ərəb dili həm də BMT-nin 6 rəsmi dillərindən biri ərəb dilidir; ingilis, ərəb, ispan, çin, rus, fransız dili:
-1 milyarddan çox insanın əsas ünsiyyət dili, 100-dək ölkənin rəsmi, yaxud 2-ci dövlət dili, onlarla dialekti, ləhcəsi olan ingilis dilinin əlifbasında 44 səs olsa da, cəmi 26 hərf vardır və Britaniya ləhcəsi də standart dil kimi qəbul olunub, ABŞ, Kanada başda olmaqla dünyanın bütün guşələrində tədris olunur;
-Ərəb və ingils dillərinin təcrübəsi də göstərir ki, türk dövlətlərinin danışdığı dillərdəki bütün səsləri hərfləşdirib vahid əlifba yaratmağa, əlifbaya daşımağa ehtiyac yoxdur:
-Etiraf edək ki, Osmanlı, Atatürk dönəmindən başlayaraq çağdaş dövrümüzədək bu məsələdə ən ardıcıl, gerçəkdən müstəqil siyasi iradə nümayiş etdirən də, maraqlı görünən, türk dövlətlərinin mədəni, siyasi mərkəz rolunu boynuna götürüb davamlı səy göstərən, mühüm irəliləyişlərin lokomotivi missiyasını yerinə yetirən də Türkiyə olub. Məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə bir daha 2023-cü il noyabrın 3-də Türk Dövlətləri Təşkilatının 10-cu Astana (yubiley) Zirvə görüşü zamanı türk ölkələrində ortaq əlifbanın tətbiqini israrla təklif edib, bu barədə təklifini Türk Dövlətləri Təşkilatının katibliyinə rəsmən təqdim edib [15];
-Qeyd edək ki, ortaq dil, əlifba ideyası milli dillərdə formalaşmış, istifadədə olan dilin, əlifbanın əvəzlənməsi demək deyil, bu mümkünsüzdür, yalnız türk dövlətlərinin, xalqlarının ümumi ünsiyyət, ortaq istifadəsi məqsədilə irəli sürülən, gerçəkləşməsi gərəkən ideyadır, yəni, məsələn, türk dövlətlərinin liderləri, alimləri bir məclisdə toplaşanda rus, ingilis dilində yox ortaq Türk dilində - konkret olaraq Anadolu, Türkiyə türkcəsində danışırlar, bu dildə yazışırlar;
Nəticə: Türkiyə türkcəsi və əlifbası bütün üstün cəhətləri ilə “Ortaq Türk Dili və Ortaq Türk Əlifbası” statusunu qazanmaq üçün yeganə şanslı ölkədir. Planetimizdə 300 milyonadək insanın Ana dili olan Türk dilinin BMT dili olması yolunda ən mühüm, qarşıda duran, həllini gözləyən şərəfli, məsul vəzifələrdən biridir, bu missiyanın gerçəkləşməsi də Türk dövlətləri liderlərinin siyasi iradəsindən asılıdır. TDT liderlərinin iradəsi ilə bu yöndə çalışmaların xeyirli nəticələri olacağına inanırıq.
[1] “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin (QHT-STK) sədri, tarix üzrə fəlsəfə doktoru, Bakı, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (+994) 50 339 10 31
[2] Ağaoğlu Əhməd bəy, “İsmayıl bəy Qaspıralı. Nadir yubiley" məqaləsi, "Kaspi"qəzeti, 29 aprel 1903-cü il, № 93
[3]https://azertag.az/xeber/Turkdilli_Dovletlerin_Amekdasliq_Surasinin_videokonfrans_formatinda_qeyri_formal_Zirve_gorusu_kechirilib__Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Zirve_gorusunde_chixis_edib
[4]https://xalqqazeti.az/az/medeniyyet/177580-bakida-turk-dunyasi-ortaq-elifba
[5]https://azertag.az/xeber/ortaq_turk_tarixi_ortaq_turk_edebiyyati_ve_turk_dunyasinin_cografiyasi_derslikleri_qebul_edilib-2192741
[6] https://www.youtube.com/shorts/X4O8MWuMZiM
[7] Nərimanoğlu Hacı, “Osmanlıdan türkə tərcümə?!” https://aqreqator.az/az/medeniyyet/1027058
[8] https://kayzen.az/tag/Almas%20%C4%B0ld%C4%B1r%C4%B1m%20%C5%9Feirl%C9%99ri/
[9] Nərimanoğlu Hacı, Dilimizi, yazımızı daha səlis, zəngin edə bilərik, “Ağamusa Axundov və Azərbaycan filologiyası” Beynəlxalq Elmi Konfransın materialları, AMEA Dİ, Bakı-Aprel 2017
[10] Tofiq Hacıyev, “Türklər üçün ortaq ünsiyyət dili” kitabı, Bakı, 2013-cü il
[11] https://www.anl.az/down/meqale/525/2012/noyabr/276930.htm
[12] https://www.anl.az/down/meqale/525/2012/noyabr/276930.htm
[13] “Türklər üçün ortaq ünsiyyət dili” kitabı? Bakı-2013
[14] https://modern.az/olke/458395/dilimizde-ne-qeder-sz-var-diger-turk-dillekmeyimize-gele-biler/
[15]https://musavat.com/news/turk-dovletlerinin-ortaq-elifbasi-niye-de-olmasin_1019962.html
HACI NƏRİMANOĞLU ABDULLA
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru