Hörmətli Əliağa Qafar oğlu Cəfərov!
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi adından Sizi 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Siz tanınmış yazıçı-publisist, naşir, tədqiqatçı alim, müəllim, maarifçi kimi respublikamızda böyük hörmət, nüfuz qazanmısınız.
Zəngəzurun Qubadlı bölgəsinin Əliquluşağı kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmış, kənddəki orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetində kitabxanaşünas-biblioqraf ixtisası almısınız. Gənc yaşlarından başlayaraq ömrünüzü bu gün də uğurla davam etdirdiyiniz kitab ticarəti, tədqiqatı, təbliğatı kimi gərəkli bir işə həsr etmisiniz. Ədəbi ictimaiyyət, ziyalılar, çoxmilyonlu kitab alıcı və oxucu auditoriyası sizin 1994-cü ildən indiyədək Azərbaycan Milli Elmlər Akademiyası "Akademkitab" kitab evinin direktoru kimi fəaliyyətinizi yüksək dəyərləndirir.
1974-cü ildə o dövrün populyar "Pioner" qəzetində dərc olunan ilk yazınızdan başlayaraq, bu günə kimi dövri mətbuatda şeir, hekayə, oçerk, publisitik və elmi-kütləvi məqalələriniz dərc olunur, müəllifi olduğunuz 80-dən çox bədii, elmi, publisistik kitabınız Sizin ədəbi-bədii istedadınızın layiqli məhsulu, milli mədəniyyətimizin zənginləşməsinə töhfənizdir.
Sizin Qubadlı-Zəngəzur Strateji Araşdırmalar Mərkəzinin direktoru, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Ağsaqqallar Şurasının üzvü kimi ictimai fəaliyyətiniz də səmərəlidir.
Hörmətli Əliağa müəllim!
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası adından əlamətdar yubileyiniz münasibətilə Sizi bir daha təbrik edir, bundan sonra da sizə sağlam, uzun, xeyirli ömür, ədəbi, ictimai, maarifçilik fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin
İdarə Heyətinin sədri Hacı Nərimanoğlu
16 may 2024-cü il