R.T.Ərdoğan; "Çözürüz bu sorunu, mütləqa çözürüz, zamana ehtiyacımız var, ilbəil güclənərik, o vaxt sözümüz daha keçərli olur və nə zaman birliyimiz, bərabərliyimiz daha möhkəm olursa, onda daha asan çözürüz."
27 iyul 2011-ci il, saat 17.00 radələri. Türkiyə Cümhuriyyətinin Bakı Böyükelçiliyi. Türkiyənin Baş naziri, AK Parti Başqanı R.T.Ərdoğanın şəxsi təşəbbüsü ilə gerçəkləşən görüş.
Yaxınlaşıram, ayağa qalxır, əl verib görüşür. Masa üstündə “Rəcəb Tayyib Ərdoğan” kitabımın nüsxələri düzülüb. Birini əlinə götürür.
- Nəfis kitab alınıb, Böyükelçimiz Ankaraya göndərmişdi, mən vərəqlədim, evə götürdüm, Əminə xanım oxumuş, çox bəyənmiş, dedi hətta eşq tarixçəmizi də yazmısan. Nədən belə bir kitab yazmaq qərarı verdin?
- Mən Qarabağlıyam, 18 il oldu, dünyanın yaxın-uzaq bir xeyli ölkəsinə gedib gəldim, ancaq öz vətənimdə doğulub böyüdüyüm, anamın məzarı qalan köyümə, qurulu evlərimə gedə bilmirəm, milyondan biri kimi. Siz bu məsələnin həlli üçün son zamanlar çox çalışdınız, dünya liderləri ilə görüşlərdə, BMT-də gündəmə gətirdiniz, sizə çox güvənirik, bu problemin həllinə yardımçı olacağınıza inanırıq.
- Qarabağ həm də Türkiyənin sorunu. Mən əlimi bu daşın altına qoydum, bu sorunun həlli uğrunda çabalar göstərdim, buna davam da edəcəyəm. Amma sizinkilərin bir qismi yardım etməkdənsə, daşın üstdən basıb barmağımı qırmaq istəyirlər, araya fitnə-fəsad toxumu səpirlər. Hələ mənə həcvnamələr də yazırlar, Ərdoğanı İsrailə, ABD-yə, masonlara işləməkdə suçlayırlar, olurmu belə yanaşma?! Bayraq krizini adlatdıq, nota vermək zorunda qaldıq…
- Bu kitab həm də o niyyətlə, elələrinə cavab olaraq yazılıb. Bizim Türkiyədən başqa arxa, dayağımız yox. Azərbaycanın 1918-ci ildən Osmanlıya, Türkiyəyə bir vəfa borcu var, Türk əsgəri gəlməsəydi, indi biz burada olmazdıq, Bakı müsəlman şəhəri, baş kənd olmazdı… 80 yaşında atam Hacı Nəriman hər namazdan sonra sizin üçün, Türkiyə üçün dua edir, deyir, bu məsələ Ərdoğansız çözülməz.
- Salam-dualarımı yetir, söylə ki, inşallah, çözəcəyik, çünki haqq Azərbaycanın tərəfindədir, bunun üçün güclənməliyik, həm Azərbaycan, həm Türkiyə, bərabər olmalıyıq. Bir az zamana ehtiyacı var, ancaq mütləq çözürük.
Kitabın bir nüsxəsini yanımızda dayanan Əhməd Davudoğluna, birin də Yalçın Akdoğana verir.
- Bunu Bakıdamı yapdınız?
- Bəli.
Rəhmətlik Heydər Əliyevin dəfnində çəkilmiş fotolara xüsusi baxaraq deyir:
- İki uçaqla gəldik, tam 200 nəfər, 7 kilometr yolu İlham qardaşımla yanaşı piyada məzarlığa qədər getdik, son yolçuğuna uğurladıq…Baxın, fotolar necə də nəfis çıxmış, gözəl kitab alınmış. Yalçın, indiyədək mənə Türkiyədən dışarıda bir kitab yazan olmuşmu heç?
- Xeyr, Başqanım, mən heç eşitmədim.
Kitabları göstərir:
- Bunlar hamısı bizimmi?
- Təbii.
- Hamısın götürün.
Səfir (TC-nin Azərbaycana gəlib getmiş ən güclü diplomatı) Hulusi Kılıc:-hər kəs üçün var, təyyarəyə daşıdarıq, hər kəs üçün də ayrıca,-deyir.
Əlimdəkinə işarə edir: O nə kitabdır?
“Qubadlısız 16 il” kitabımı təqdim edirəm. Üzərindəki fotoya baxır, qaşları çatır, sifətinə kədər çökür, ciddiləşir, çoxlarının ilk baxışda tuta bilmədiyi mənanı dərhal alır:
- Bu yol sizin köyə, ilçəyə gedən yoldur, dağ, qayalar uçub rahat asfalt yolunuzu kəsib…
- Biz erməniyə savaşda uduzmadıq, siyasilər uduzdurdular bizi, bu yolu ya siyasi, ya hərb ilə açmalıyıq…
- Çözürüz bu sorunu, mütləqa çözürüz, zamana ehtiyacımız var, ilbəil güclənərik, o vaxt sözümüz daha keçərli olur və nə zaman birliyimiz, bərabərliyimiz daha möhkəm olursa, onda daha asan çözürüz.
Əlavə də bir neçə sual-cavab, Türkiyəyə dəvət və sair. Bundan sonrakılar artıq önəmli deyil...
O görüşdə ən çox təkrar etdiyi, yaddaşıma həkk olunan sözü bu oldu sayın Ərdoğanın:- çözürüz bu sorunu, mütləqa çözürüz….
Var ol, Ər Kişi, Ərdoğan Kişi, adını hər bir Azərbaycanlının ürəyinə yazdıran nər Kişi, bu işlər sənsiz olmazdı…
Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
Xanım Əminə Ərdoğanla bir görüşün xatirəsi
2007-ci il martın 9-da Bakıda dünya Azərbaycan və Türk diaspor təşkilatlarının 1-ci forumunda Türkiyə Baş naziri R. T. Ərdoğan xanımı Əminə Ərdoğanla birgə iştirak edirdi.
Əminə xanımın səfər çərçivəsində görüşlərini rəsmi dövlət agentliyi AzərTAc-ın müxbiri olaraq mən yazırdım. Proqram əlimdədir. Protokolda sonuncu “Azərilmə” xalça muzeyi ilə tanışlıqdır. Türkiyə səfirliyinin binasının açılışından Əminə xanım və Mehriban xanım birbaşa “Azərilmə”yə gəldilər. Görüş bitdi. Saat 19.00-u keçib. AzTV müxbiri və operatoru da 20.00 xəbərlərinə çatmaq üçün tez getdilər. Əminə xanım müşayətçi qorumalarını çağırıb buradan Türk Şəhidliyinə gedəcəyini dedi. Onun protokol mənsubları və yeganə bir DMX əməkdaşı və avtomobil müfəttişi bu ziyarətin əvvəldən nəzərdə tutulmadığını, üstəlik indi həmin marşrutun çox trafik, basırıq olduğunu desələr də, Əminə xanım israrla ilk gəlişində Türk Şəhidliyinə ziyarət etmədən qayıtmağın onun üçün qəbuledilməz olduğunu bildirib maşına tərəf addımladı. Üzbəüzdə məni gördü:- yəqin bizə Şəhidlikdə bələdçilik edəcəksiniz? Bundan qabaq artıq nəzakətlə AzərTAc və Aztv-nin 4 əməkdaşına salaməleyk və təşəkkür etmişdi.
Əminə xanım qızı Sümeyya xanımla Türkiyə və Azərbaycan şəhidlərinin ruhuna dua oxudular. Burada Şəhidliyin və 1918-ci il olaylarına dair bir neçə suallarına da cavab verəsi oldum.
Sümeyya xanım Ankaraya dəvət etdi, “tədbirimiz olacaq, mütləq gəlin”- dedi. Bu diqqətli xanım AK Partidə yeni görevinə - beynəlxalq əlaqələr idarəsinə rəhbərlik edəndə köməkçisi Ziya bəydən zəng gəldi. Oktyabrın 13-də Ankaraya getdim. Ak Parti qərargahında səmimi söhbətimiz oldu. Hədiyyəm isə Heydər Əliyev Fondu tərəfindən buraxılan və mənə də pay verilən Mir Cəlalın türk dilində yeni nəşr olunmuş nəfis kitab dəsti idi.
Həm Əminə xanım, həm Sümeyya xanım Türkiyədə əhalinin mühüm bir hissəsini kapsayan xeyirxah layihələr icra edir, təhsilə dəstək verir, insanlar tərəfindən çox sevilirlər.
Dövlət, Hökumət başçısının ailəsi də alınmaz qala olmalı, təmizliyi ilə cəmiyyətdə örnəyə çevrilməlidir. Ərdoğan dəfələrlə etiraf edib ki, həyat və siyasi uğurlarında ailəsinin payı böyükdür.
Baş nazir R.T. Ərdoğanı səfərinin bir məqamı da xatirəmdədir. Şəhidlər xiyabanından “Əbədi məşəl”ə gələn rəsmiləri həmişə ikinci sırada avtomobillər gözləyir. Ona əyləşməyi təklif edəndə:-Türk Şəhidliyi buradan çoxmu uzaqda? “Xeyr” cavabı alanda: -onda Şəhidlikdən minikdə çıxmağa nə gərək varmış? -söyləyib maşınlara Xiyabandan çıxmağa işarə etdi, ayaqla gəldi.
Görünür, həm də bu xatirələr, detallar olmuşdu 2011-ci ildə mənə “Rəcəb Tayyib Ərdoğan” kitabını yazdıran. 11.12.20. http://zengezur.com/index.php/9-xbrlr/254-r-t-rdo-an-m-tl-zh-z-r-z