2024-cü il mayın 19-da Azərbaycan-İran dövlət sərhədində Şərqi Zəngəzur bölgəsinin Cəbrayıl rayonu ərazisində tarixi Araz çayı üzərindəki Xudafərin körpüsü yaxınlığındakı Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran prezidenti İbrahim Rəisi arasında görüş olub.
zengezur.com xəbər verir ki, prezidentlər iki ölkə arasında nəqliyyat, ticarət, iqtisadi əlaqələrin genişlənməsi məsələlərini müzakirə ediblər, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə salıblar.
Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. İki qonşu ölkəni bir-birinə daha möhkəm bağlayan layihələrin regionda sülhün bərpasına yardım edəcəyi vurğulanıb.