Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə böyük qrant müsabiqəsinin qalibi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsini icra edir.
Layihə çərçivəsində Şimali Kipr Türk Respublikasından (ŞKTR) bir qrup vətəndaş cəmiyyəti təmsilçilərinin Azərbaycana səfəri təşkil edilib.
Heyətə Şimali Kipr Türk Respublikasının Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça, ŞKTR-nin “Şəhid ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Əlillər Komitəsinin sədri Ahmet Akdeniz, ŞKTR-nin Türk Dövlətləri Dərnəyinin sədri Ali Akın Önder, Girne Amerikan Universiteti dekanı Boğaçhan Bayülken, ŞKTR İTÜ baş katibi Dursun Koç, “Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi”nin baş katibi Selim Terzi və digər şəxslər daxildir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyası ailəsinin ayrılmaz hissələridir, qardaş ölkələrdir, ikitərəfli münasibətlər uğurla inkişaf edir.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova sabah Bakıda türk dünyasından olan şəhid ailələrinin iştirakı ilə konfransın keçiriləcəyini, daha sonra Şimali Kiprdən olan qonaqların Şuşa, Xocalı və Ağdama səfər edəcəyini bildirib.
ŞKTC-dən gəlmiş heyət üzvləri qonaqpərvərliyə görə təşəkkür edib,
iki ölkə arasında qeyri-hökumət təşkilatları arasındakı qardaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıblar.