“Biz qələbəni şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı”.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
...Oktyabrın 21-də qərargah rəisi tapşırığı elan etdi və özü də şəxsi heyətlə birlikdə döyüşə yollandı. Hava qaralmağa başlamışdı. Qərargah rəisi hər zabit və gizirin ardınca 10 əsgərin təpəni aşdıqdan sonra iki istiqamətdə hərəkət etmək əmrini verdi.
Bölük komandiri Vəli qərargah rəisindən iki addım irəlidə gedirdi. Hamıdan cəld qabağa düşən Mahsun Vəlinin arxasında idi. Üçüncü tağımın komandiri şəhid olduğundan hərəkəti ikinci tağımın komandiri, baş leytenant Elnur Talıbov tənzimləməyə başlamışdı. O, bir qədər irəlilədikdən sonra ikinci dəstəyə başçılıq edirdi. Onlar Vəligillə paralel, 10-15 metr aralıda, əsasən düzənlik sahə ilə irəliləyirdilər. Gündüz həmin ərazidə avtomobillə, hər hansı nəqliyyat vasitəsilə hərəkət etmək erməni hədəfinə tuş gəlmək demək idi. Tapşırığın ona görə gecə saatlarında icra əmri verilmişdi. Döyüşə atılacaq dəstələrin sağdan və soldan müdafiəsini təmin etmək məqsədilə iki bölmə tapşırığı yerinə yetirməyə gedirdi. Elnur Talıbovun əsgərləri sol istiqamətdə hərəkət edirdi.
Havada ay, ulduz yox idi. Zərrə qədər işıq görünmürdü. Hər tərəfə vahiməli, qatı qaranlıq çökmüşdü. Ətrafda tam sakitlik hökm sürürdü. Az qala əsgərlərin ayaqlarının altındakı otun xışıltısı belə eşidilirdi. 40-45 nəfər şəxsi heyət çəkinmədən, mətin addımlarla irəliləyirdi. Ehtiyat tədbiri olaraq hərdən dayanıb yerə çökürdülər. Bir neçə saniyədən sonra yenidən hərəkətə davam edirdilər.
Dəmir və yaxud məftilə oxşar bir şey Mahsun və döyüş yoldaşlarının ayağına dolaşdı. Adlayıb üstündən keçdilər, yollarına davam edib, təxminən bir saatdan sonra kiçik təpənin arxasına çatdılar. Artıq yol bitmişdi. Qərargah rəisi ikinci kalonun başında duran Elnur Talıbovu yanına çağırıb arxada yerləşmək üçün istiqamət göstərdi və şəxsi heyət mövqe seçməyə başladı...
Oktyabrın 22-nə keçən gecə saat 3 radələri olardı. Elnur arxadan gələn heyətin yanına qayıtdı. Onlar məlumatı bir-birinə ötürməli idilər. Bu proses heç bir dəqiqə çəkmədi. Hər tərəf sükuta qərq olmuşdu. Elə yerləşmək istəyirdilər ki, bir göz qırpımında bütün yer, göy işıqlandı, sanki günəşin parıltılı şüaları ətrafa yayıldı. Düşmən, çox güman ki, gecəgörmə cihazları ilə əsgərlərimizin yerini müəyyən etmişdi. Bizimkilər düşmən üçün sanki ekran kimi görüntüdə idilər. Erməni tərəfi işıqlı silahı buraxmışdı. Artıq, demək olar ki, hər şey gec idi. İşığın havada parlaması, əsgərlərimizin görünməsilə düşmən iki istiqamətdən - ön və sol tərəfdən müxtəlif çaplı silahlardan, avtomat, snayper və minamyotlardan istifadə edərək mərmi və güllələri döyüşçülərimizin üzərinə yağdırmağa başladı.
Qəlbi Vətən sevgisi, Vətən eşqi ilə döyünən ərənlərimiz cəld yerə uzandılar, silahlarının qundağını sinələrinə sıxıb düşmən tərəfi atəşə tutdular. Şiddətli döyüş gedirdi. Ön mövqedə olan Mahsun və yoldaşları düşmənə qan uddururdular. Havanı işıqlandıran fişəng isə sönmək bilmirdi. Üç-beş dəqiqə bu mənzərə davam etdi. İşıqlı mərmilər sanki yağış kimi igid oğullarımızın üstünə yağırdı. Təxminən 20-30 dəqiqəlik amansız atışmadan sonra şəxsi heyətin əksəriyyəti şəhidlik zirvəsinə ucaldı.
Elnur adlı əsgər sürünə-sürünə arxaya keçib komandir Elnur Talıbova yaxınlaşdı. O, qərargah rəisinin, bölük komandirinin, tərbiyəvi işlər üzrə bölük komandiri müavininin və çoxsaylı əsgərlərin adını çəkərək şəhid olduqları haqqında məlumat verdi. Onların arasında Mahsun da var idi.
Birinci kalondakı qəhrəmanların şəhidliyi sayəsində ikinci kalonda olan yaralıların həyatı xilas edildi. Yeganə güllə dəyməyən əsgər Elnur idi. Qalanları ya şəhid olmuşdu, ya da yaralanmışdı. Baş leytenant Elnur Talıbov yaralıların təpənin arxasına keçməsinə göstəriş verdi.
Az sonra onun yanında təkcə əsgər Elnur Məmmədli qalmışdı...
Yalnız noyabr ayının 4-də Qubadlı rayonu mənfur ermənilərdən tam təmizləndikdən sonra şəhidlərimizin nəşi ərazidən götürüldü. Həmin gün Mahsun Bağırzadənin üçrəngli bayrağımıza bükülmüş tabutu onun doğulub boya-başa çatdığı doğma Lənkəran rayonunun Xanbulan qəsəbəsinə gətirildi və müharibədən əvvəl özünün də arzuladığı yerdə - Pir Yaqub ziyarətgahında torpağa tapşırıldı...
***
Şəhid əsgər Mahsun Zahir oğlu Bağırzadə 30 may 1998-ci il tarixdə Lənkəran rayonunun Xanbulan qəsəbəsində sadə, zəhmətkeş ailədə anadan olub. Qəsəbə orta məktəbini bitirib. Vətən borcunu 2016-2018-ci illərdə Ağdam bölgəsində verib, həqiqi hərbi xidmətini yerinə yetirib, pulemyotçu hərbi ixtisasına yiyələnib. 2018-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində fəhlə işləyirdi. Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhid Mahsun Bağırzadə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
***
Mahsun haqqında xatirələrini bölüşmək üçün onun valideynlərinə, komandirinə, döyüşçü yoldaşlarına, qohumlarına, dostlarına, məktəbdə ona dərs demiş müəllimlərinə, iş yoldaşlarına müraciət etdik.
Zahir Qardaş oğlu Bağırov (şəhidin atası):
- Mahsun ailədə əziz, sevimli, şən, gülərüz və zirək uşaq idi. O, elə sağlam böyüdü ki, nə vaxtsa xəstələndiyini xatırlamıram. İllər keçdikcə Mahsunun qeyri-adi xasiyyətdə böyüdüyünü müşahidə edirdim. İstər yeniyetməlik dövründə, istərsə də gənclik illərində bizi heç incitmədi.
2016-cı ilin iyul ayında onu həqiqi hərbi xidmətə yola saldıq. Mən, anası və kiçik qardaşı Güləli Gəncə şəhərində yerləşən hərbi hissəyə andiçmə mərasiminə getdik. Mahsun qısa müddətdə xeyli dəyişmişdi. Baxmayaraq ki, hərbiyə gəlməsindən cəmi iki ay keçmişdi. Bir müddət sonra onu Ağdam bölgəsinə apardılar. Bizimlə tez-tez əlaqə saxlayırdı. Səkkizinci ayın sonunda birinci məzuniyyətə gəldi. Çox dəyişsə də, hərbi xidmətindən razılıq edirdi. İkinci məzuniyyətə gələndə isə qayğılı, fikirli və qəmli görünürdü. Səbəbini soruşanda, gözləri dola-dola dedi:
- Xidmətimizi Ağdamda, ön cəbhə xəttində keçirirdik. Yaxın dostumla birlikdə səngərdə keşik çəkirdik. O, düşmənin snayper gülləsinə tuş gəldi. Canını qollarım üstündə tapşırdı. Buna görə onu yadımdan çıxara bilmirəm. Hətta həmin vaxt avtomatımı götürüb o taya, düşmən mövqeyinə tərəf keçmək və dostumun qisasını almaq, mənfur erməniləri qırmaq istədim.
Bu zaman Mahsuna sual verdim:
- Bəs niyə keçmədin?
- Sizi gözüyaşlı qoymaq istəmədim, - dedi.
O, hərbi xidmətini başa vurdu və ailəmizə qayıtdı. 2018-ci ildə mənimlə bir təşkilatda - Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində fəhlə kimi əmək fəaliyyətinə başladı. İşini çox sevirdi, bütün tapşırıqların öhdəsindən bacarıqla, həvəslə gəlirdi. Harayasa gedəndə ona tapşırıq verirdim, qayıdanda görürdüm ki, vaxtından əvvəl yerinə yetirib. Fasilə zamanı kollektiv üçün mahnı oxuyardı. Məhərrəmlik ayında mərsiyə deyərdi, dinə çox bağlı idi. Gözaltısı da vardı. Ailədən razılıq alınmışdı. Səfər ayı başa çatandan sonra elçiliyini planlaşdırmışdıq. Amma amansız fələk arzularımızı ürəyimizdə qoydu...
2020-ci il sentyabr ayının 28-də saat 16 radələrində Xanbulan qəsəbə icra nümayəndəliyindən mənə zəng gəldi, Mahsunun mobil telefon nömrəsini istədilər. Özüm ona zəng etdim. Dedi ki, ata, cəbhəyə gedirəm. Evə gəlib anası ilə görüşdü və hərbi komissarlığa yola düşdü. Çox sevinirdi, sanki toy-bayrama gedirdi.
Oktyabr ayının 4-də bizimlə ilk dəfə telefonla danışdı. Harada olduğunu soruşanda dedi ki, sərhəddədirlər, çayın o biri tayı İrandır, yaxınlıqda körpü var. Bildim ki, ora Cəbrayıldır, Xudafərin körpüsü ərazisindədirlər. “Özünü gözlə, oğul”, - deyəndə, cavab verdi ki, arxayın ol, ata, sən özünə yaxşı bax, mənə heç nə olmaz!
Mahsun növbəti dəfə oktyabr ayının 19-da axşam saat 20 radələrində mənə zəng etdi. Dedi ki, sabah Qubadlı istiqamətinə gedirlər. Mən ona yenə özünü gözləməsini, irəliyə tək, çox getməməsini söylədim. Çünki bilirdim ki, o, heç kimdən geriyə qalan deyil. Telefonda bizimlə sağollaşdı. Bu, son danışığımız oldu. Həmin gün bütün dostları, yaxınları, iş yoldaşları ilə də danışmışdı. Bir neçə gündən sonra Mahsunun telefonu daha cavab vermədi, həmişəlik susdu... Bilirdim ki, o, yaralı olsa belə, bizimlə əlaqə saxlayardı...
Noyabr ayının 4-də hərbi komissarlıqdan mənə zəng vurdular və Mahsunun yaralandığını bildirdilər. Ancaq inanmadım, onun şəhid olduğunu öyrəndim. Axşam saatlarında Üçrəngli Bayrağa bükülmüş tabutu həyətimizə gətirildi və oğlum bizimlə əbədi vidalaşdı.
Anası bugünədək Mahsunun yoxluğuna inanmır...
Dəfnində minlərlə insan iştirak edirdi. Rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, qonşu və yaxın-uzaq kəndlərin sakinləri, xüsusilə gənclər şəhid balama son ehtiramlarını bildirməyə gəlmişdilər. Mahsun sanki bu gün üçün, Vətən uğrunda şəhid olmaq üçün dünyaya gəlmişdi...
***
AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Qaraxanoğlu:
- 30 illik Vətən həsrətimizə son qoyub bükülmüş qamətlərimizi dikəldən, kürəyimizdən ən ağır ittihamları götürən şəhidlərimizə əbədi ehtiram borcumuz vardır. Hər kəs üstündə gəzdiyi torpağın şəhid canı və qanı bahasına necə azad olunduğunu bilməlidir, bu, onun vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya bilər. Ölkə Prezidenti, Ali Baş Komandan, möhtərəm İlham Əliyevin apardığı daxili siyasətinin də təməl qayəsini bu təşkil edir, andiçmə mərasimindəki nitqində də bunu açıq şəkildə bəyan etdi. AMEA rəhbərliyi də şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, ailələrinə diqqət göstərilməsinə xüsusi önəm verir.
AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı, şəhid Mahsun Bağırzadənin Mərkəzdə sürücü işləyən atası Zahir Qardaş oğlu Bağırova akademik İsa Həbibbəylinin tapşırığı ilə təzə maşın verildi. 4 may 2024-cü ildə Mahsun Bağırzadə və döyüş yoldaşlarının şəhid olduğu müqəddəs torpaqlarımıza - Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıya səfərimiz oldu. Şəhidimizin atası Zahir Bağırov, əməkdaşlarımız Namik Qasımov, Rameş Kərimov, şəhidin döyüş yoldaşları, baş leytenant Elnur Talıbov, qazi Möhnət Səmədov, Sabirabad şəhidi, Mahsunun döyüş yoldaşı Bəxtiyar Mayılovun atası İxtiyar Mayılov və Zəngəzur Cəmiyyətlər Birliyinin sədri Hacı Nərimanoğlu da bizimlə idilər. Mahsun və onun döyüş yoldaşlarının ayaq basdığı məkanları, Qubadlı rayonu Muradxanlı kəndini, daha sonra Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev və şəhid Əlisadət Ağayevin məzarlarını ziyarət edib, hərbi hissəyə baş çəkdik.
AMEA rəhbərliyinin maddi və mənəvi dəstəyi ilə Elmi Mərkəzimizin əsas binasında Şəhidin xatirə guşəsi yaradılıb. Mərkəzə ilk dəfə qədəm qoyan hər kəs xatirə guşəsinin önündə təzə-tər qərənfillər düzür.
Əməkdaşımız İltifat Əhmədov Mahsun Bağırzadə haqqında kitab hazırlayır.
Başımızı uca edənləri başımız üzərinə qaldırmağa hər an hazırıq...
İltifat Əhmədov, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı