“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
Zəngəzurun Ermənistana verilməsi 1918-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycana hərbi təcavüzü, qanuni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini devirməsi, Rusiyanın çarizm dövründə olduğu kimi, Qafqazda yenidən hər şeyi öz işğalçı imperiya, müstəmləkə siyasətinə uyğun təkbaşına həll etməsinin nəticəsi idi. 1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan türklərinin tam əksəriyyət təşkil etdiyi Şərur-Dərələyəz bölgəsini müstəqilliyini yenicə elan etmiş Ermənistana vermək bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzuru isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan etmiş, yəni bu torpaqların da ermənilərə peşkəş edilməsinin "siyasi-hüquqi əsası”nı hazırlamışdı.
1918-20-ci illərdə ABŞ, Fransa, Böyük Britaniya, Almaniyaya de-fakto bağlı olan Ermənistan və Gürcüstanın sovetləşməsi, həm də şirnikləşdirilməsi, bu yolla hər iki respublikanın qırmızı Rusiyaya birləşdirilməsi ssenarisi həm də tarixi türk-Azərbaycan torpaqlarının pay-püş edilməsi hesabına reallaşmalı idi. Xristian təəssübkeşliyinə əsaslanan bu məkrli anti-müsəlman, anti-Azərbaycan və ermənipərəst (gürcüpərəst) planın müəllifləri Lenin, Stalin, Orconikidze, Kirov, Çiçerin, Mikoyan və başqaları idi. Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının əksəriyyəti rus, erməni, gürcü kommunistlərdən ibarət rəhbərliyinin bundan sonra qəbul etdiyi qərarlar, o cümlədən 1920-ci il noyabrın 30-da keçirilən birgə iclasının qəbul etdiyi qərar artıq Azərbaycanın kommunist rəhbərliyinn Rusiya K(b)P-nin avqustda və sonra verdiyi qərar, göstəriş, tapşırıqların notarial təsdiqi və həm də öz xalqına qarşı tarixi xəyanətə imza etməsi idi. 1920-ci il noyabrın 30-da verilən qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur və Naxçıvan Sovet Ermənistanının tərkibinə keçir. Ertəsi gün - dekabrın 1-də Azərbaycan bolşeviklərinin rəhbəri Nəriman Nərimanov bu qərar barədə bəyanat verdi. Bunlar rəsmi Moskvanın verdiyi göstərişə əsasən atılan addımlar idi.
Zəngəzurun Ermənistana verilməsi kağız üzərində təsdiq olunsa da, rəsmən elan edilsə də, yerli əhalinin, nüfuzlu bəy, ruhani, seyid, həm də yerli kommunist rəhbərliyinin müqaviməti sayəsində qəzanın bədnam qonşumuzun tam idarəçiliyinə keçməsi dərhal baş vermədi. Ona görə də Azərbaycan K(b)P MK Siyasi və Təşkilat büroları 1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili” barədə növbəti qərar çıxardı. Qərarda Zəngəzur bölgəsi 2 yerə: Qərbi - Zəngəzur qəzası və Şərqi - Kürdüstan qəzasına bölündü.
Naxçıvana gəldikdə, həmin dövrdə bu bölgə Osmanlı-Tükiyə dövlətinin silahlı qüvvələrinin nəzarətində idi və burada sovet hakimiyyəti faktiki mövcud deyildi. Məhz qardaş ölkənin qəti mövqeyi sayəsində 1921-ci ilin oktyabrın 13-də imzalanan Qars müqaviləsi ilə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqləndi, bununla həm də rus-erməni planının bir hissəsi boşa çıxdı.
1933-cü ildə 7892 kv.km ərazisi olan Zəngəzurun Ermənistan SSR-ə verilən 4505 kv.km-lik ərazisində Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Azərbaycanda qalan hissəsində isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. Zəngəzur qəzası siyasi-coğrafi ərazi adı kimi xəritədən silindi.
Zəngəzur həmin tarixədək hər zaman Azərbaycan torpağı olub. Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının, 1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra da Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğunun tərkibində ayrıca inzibati bölgə - qəza olub.
İnanırıq ki, tarixi Zəngəzur mahalının yenidən bütünlüklə Azərbaycana qovuşması gələcəkdə tarixi gerçəkliyə çevriləcəkdir.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlu